Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 07:45

Miskin Abdal. Şeirlər


-


MISKIN ABDAL

(XV əsrin sonu – XVI əsrin əvvəli)


GƏRAYLILAR

NƏDI?

Tərs düşür fələyin işi,
Lil basan axdımı, nədi?
Fani dünyanın gərdişi,
Dolanan çarxdımı, nədi?

Qalanıb küfrün kürəsi,
Yanırsan gözüm görəsi.
Tutulub yolun yörəsi,
Bir bilən yoxdumu, nədi?

Miskin Abdal, işin xata,
Üzün gedib ərşə çata.
On iki ay müdam yata,
Görgünən baxtdımı, nədi?


DÖNƏR

Vətən deyib ağlayanın,
Göz yaşları selə dönər.
Axıb gedər gecə-gündüz,
Bir məkanda gölə dönər.

Yolu yorğun dağ aşanın,
Axırı yox şöhrət-şanın.
Qürbət eldə yaşayanın,
Bir həftəsi ilə dönər.

Bir yandadı hay-haraylar,
Bir yandadı sonsuz vaylar.
Çilçıraqlı çox saraylar,
Yanıb-yanıb külə dönər.

Mayasıdı haqdan halal,
Hər kəlməsi sirli sual.
Qərib olan Miskin Abdal,
Bəlkə bir gün elə dönər.


BAŞIN

Namərd ilə yoldaş olma,
Uzun ağrı çəkər başın.
Halalınan ərsəyə çat,
Daş qalalar sökər başın.

Xayin çıxma Yaradana,
Qıbləgahdı ata-ana.
Arxalanma bəyə, xana,
Qoy sağ olsun nökər başın.

Haxdan istə baxtı-yığval,
Yaradanı yadına sal,
Söz gövhərdi, Miskin Abdal,
Saxla, dürdü, tökər başın.


DÜŞƏRSƏN

Adamsansa, tələ qurma,
Tələyə, fəndə düşərsən.
Üzə durma, ara vurma,
Zülmündən anda düşərsən.

Hər yetənlə olma tanış,
Yazın olar boranlı qış,
Fikir eylə, sonra danış,
Qəfil kəməndə düşərsən.

Miskin Abdal, vəfadar ol,
Ilqarında düz ilqar ol.
Çətin günə şükürdar ol,
Dönüb asanda düşərsən.


FƏLƏK

Yıxdın könlüm şəhrini,
Dad fələk, aman fələk!
Içdim hicran zəhrini,
Zülm etdin yaman, fələk!

Qara geyibdi sazım,
Nə oxuyum, nə yazım,
Nakam qaldı murazım,
Vermədin aman, fələk!

Zülm olmaz beyləsindən,
Qoru şər hiyləsindən.
Abdalın naləsindən,
Bir diksin, oyan, fələk!


ALLAH, ÖLÜMÜM HAQDI!

Bu dünya, o dünya var,
Allah, ölümüm haqdı!
Bir dirilik suyu var,
Allah, ölümüm haqdı!

Axırın puşdu, dünya,
Var ikən heçdi dünya.
Hey gəldi, keçdi dğnya,
Allah, ölümüm haqdı!

Abdal, yastıq daş olar,
Üst torpağın yaş olar.
Mələklər yoldaş olar,
Allah, ölümüm haqdı!


GEDIN DEYIN LƏLƏ BƏYƏ

Gedin deyin Lələ bəyə,
Bu naleyi-əfğanımı.
Qanlı fələk zülm elədi,
Ayırdı candan canımı.

Mən bu bağa girərəmmi?
Gül dəstəsin hörərəmmi?
Ya rəbb, bir də görərəmmi,
Öz mürşüdü-sultanımı?

Miskin Abdal bu nə kələk?
Dövran qoymaz bizi gülək.
Yerə vurdu məni fələk,
Ucaltdıqca düşmanımı.

YARIM

Dodaqları gül qönçəsi,
Yanaqları lala yarım.
Kölgən gələndə gün qaçar,
Sən bəlasan, bəla, yarım.

Tanrı səni var edibdi,
Aşiqini xar edibdi.
Fələkləri kar edibdi,
Çəkdiyim ah-nala, yarım.

Miskinin söhbəti, sözüsən,
Cümlə gözəllər gözüsən.
Bu dağların nərgizisən,
Bürünmüsən şala, yarım.




QOŞMALAR

YA ƏLI

Ələstü-Rəbbi cəm xitab olanda,
Xub qailəm o adına, ya Əli.
Sənin pənahına iman gətirdim,
Bərqəraram o sevdana, ya Əli.

O “zey”, “fey” adına o nuri səfa,
Yetişsin şəninə hər quli-kəfa,
Varlığın mənası dini-Mustafa,
Sərxeyli-karvanın Cüda, ya Əli.

Fəthi şəhri – Zərrin, qatili – Salsal,
Mürşüdü-Cəbrayıl, şahi-beyzaval,
Qəşəmşəm, Qəzənfər, Şiri-Zülcəlal,
Müsəmmasan bir Minada, ya Əli.

Əzrayıl çəmgəlin cana çalanda,
Ruhlar pərvaz olub cəsəd qalanda,
Üz xakə döşənib zəlil olanda,
Özün yetiş o fəryada, ya Əli.

Məhşər günü özün tutarsan camı,
Tutmuş ətəyindən nikü-bad, hamı,
Seçmə muxsullardan Miskin Qulamı,
Kərəm et kövsərdən badə, ya Əli.


UNUTMA

Aşıq, gəşt eləyib ağır elləri,
El içində namus, arı unutma.
Yaxşı dolan, təmiz saxla adını,
Dost yanında etibarı unutma.

Halal mala haram qatmaq nə lazım?
Hədər yerə kaman atmaq nə lazım?
Yar-yoldaşa yalan satmaq nə lazım?
Əhdi-peyman, düz ilqarı unutma.

Miskin Abdal, bir qonaqsan dünyada,
Könlün bir dəryadı, ürəyin ada,
Istəsən ki, yetişəsən murada,
Yaş torpağı, dar məzarı unutma.


DAĞLAR

Məğribdən məşriqə səf çəkib durub,
Qüdrətdən çəkilib baş-başa, dağlar.
Itaət boynuna həmayıl vurub,
Misli-pəsənd, xotkar, xan, paşa, dağlar.

Baxıb hökmü yey, dal dürey dükafa,
Gah kükrüyüb, gah gəlirsən insafa,
Dey peykarə çəkib, bəyazıl əffafə,
Pərvərdin geydirir qumaşa, dağlar.

Ağ çeşmən sərindən car eylər seli,
Yaşıl tirmə qurşar alaca beli,
Zabitə kölgəsi, Dağıstan yeli,
Sədrin səfasıdı həmişə, dağlar.

Nəhs illərdən satın aldın nəhs günü,
Çağırdın dumanı, tökdün çiskini,
Gözü yaşlı qoydun Cüda Miskini,
Eylə gülə-gülə tamaşa, dağlar.


A DAĞLAR

“Xudahafiz” deyək, gəl halallaşaq,
Daha ayrılıqdı, köçdü, a dağlar.
Soldu gül, nərgizin, döndü xəzələ,
Pozuldu işrətin, keçdi, a dağlar.

Zənbur sızıldaşır şan üstə bala,
Alladıb çoxların qoyubsan dala,
Bənd olma dünyada dövlətə, mala,
Axır aqibətin puçdu, a dağlar.

Keçdi novbaharın, yazın qış oldu,
Çərx hərləndi, ömür qəmə tuş oldu,
Miskin Abdal, xəyalların puç oldu,
Dolanıb güzarım düşdü, a dağlar.

DAĞLARIN

Adəmdən cavandı, Nurdan qocadı,
Bir sirdi, bilinməz yaşı dağların.
Tufana əyilməz, yada basılmaz,
Həmişə qar olar başı dağların.

“Əhvalı necədi? – bir səyyaddan sor,
Quşa cələ olur, ahulara tor,
“Can” desən, “can” deyər, “çor” söyləsən, “çor”,
Səs alar, səs verər quşu dağların.

Qüdrətdən yetibdi uca barata,
Sinəsi açıqdı elə, elata,
Mən Cüda Miskinəm, başımda xata,
Kəsib yollarımı qışı dağların.

A YAZ AYLARI

Başladı novbahar, çəmən seyrinə,
Çıxıbdı gözəllər, ay yaz ayları.
Ətrin qarışıbdı çəmən ətrinə,
Dolanıb gözəllər, a yaz ayları.

Səndə olar dağ, dərələr, göy çəmən,
Baş verər qərənfil, nərgiz, yasəmən.
Gəzərəm həvəsnən, alsam əsa mən,
Könül cuşa gələr, a yaz ayları.

Miskin Abdal, ömür keçdi heyinən,
Bu mətləbi “Qocadağ”a deyinən,
Öləndə məzarım gül-çiçəyinən,
Üstümü bəzərlər, a yaz ayları.

GEDƏR

Guşə-guşə yanıb nara yaxıldım,
Cismim od atəşə qalanıb gedər.
Imtahan eylərlər könlüm şəhrini,
Eşqi haqdan qeyri talanıb gedər.

Dərviş olan getməz fitnə-feyliynən,
Yandırar şamını o öz əliynən.
Yalan reymanıynan, haça diliynən,
Könül yar yolunda allanıb gedər.

Qiylü-qaldı səhər-axşam əhvalım,
Tor görür gözlərim, qarışır halım,
Qanlı çeşmi yazıq Miskin Abdalın,
Coşqun çaya nisbət sellənib gedər.

MƏNI

Gecə yuxum yoxdu, gündüz qərarım,
Rüzgarım qoyubdu adada məni.
Tərəqqi dağından uçubdu tarım,
Fələk niyə saldı bu dada məni?!

Doğru söz deməyə çox utanıram,
Çünki zəmanəni bir az qanıram,
Elə alovlanıb, elə yanıram,
Söndürə bilməzlər suda da məni.

Mən Miskin Abdalam – dustaği-dərdəm,
Görmədim baharı, ömrümdə bir dəm.
Ədalət yolunda elə bir mərdəm,
Qorxmaram əjdaha uda da məni.

QALDI

Insan oğlu, qeybət yoldaşdan,
Kəsdin haqq-salamı, harası qaldı?
Söz yetişdi sahibinə utandın,
Axır sənə üzün qarası qaldı.

Pislikdən nə çıxar, söylə, ay insan,
Çıxmaz yaddan, yüz il keçsə aradan.
Tutaq ki, bir insan çıxdı sıradan,
Kimə zər-zibası, xarası qaldı?

PIRIYDI

Asta gedən bu gözəllər sultanı,
Yerişindən məlum olur Hürüdü.
Deyin bəsdi, mənim xəstə canımı,
Siyah zülfün zəncirində sürüdü.

Şah hüsnünün sütunundan asıldım,
Çıldır-çıldır dörd məqama yazıldım,
Hicran ləşkərinə endim, basıldım,
Yan-yörəmi qurdlar-quşlar bürüdü.

Seyraquba yıxıldımı görən nər?
Aşıq sınsa sin axtarar gör enər,
Belə dedi bu çağımı görənlər:
“Miskin Abdal bir zamanlar piriydi”.

BUNDAN SƏNƏ NƏ?

Aləmi palçıqdan yaradıb, yapdın,
Yapıb da neylərsən, bundan sənə nə?
Xəlq edib insanı cahana saldın,
Salıb da neylərsən, bundan sənə nə?

Baqqalmısan, tərəzini neylərsən?
Işin, gücün yoxdu, könül teylərsən,
Qulun günahını kitab eylərsən,
Lap çıxdın sonuna, bundan sənə nə?

Bu Miskin Abdalın haqdı sözləri,
Soldu gözəllərin gül bənizləri,
Od-alova düçar etdin bizləri,
Yıxdın qullarını, bundan sənə nə?

AĞLARAM

Dostu-mehribanım, yetiş imdada,
Səndən qeyri yox imdadım, ağlaram.
Ah çəkib dağlara salaram səda,
Qohum gəlməz, gülər yadım, ağlaram.

Dəstində zülfüqar, Düldülə süvar,
Məhsərli-əcaib, bir adı Kərrar,
Müşkülə düşmüşəm, könlüm intizar,
Sən gəlməsən, Ey ustadım, ağlaram.

Salma nəzərindən, salma ilahim,
Dar gündə köməyim, püştü-pənahım,
Ərşə bülənd olub fəryadı-ahım,
Abdallı Miskindi adım, ağlaram.

ƏLİF-LAM

Təmiz əkilmişəm, pak doğulmuşam,
Atadan-anadan lütfi-halalam.
Dərsimi haqq verib, ağdan almışam,
Dilimdə əzbərdi doxsan min kəlam.

Qafdan qərar tapmış, kafdan kainat,
Isti feylğ-hərfi olmuş əsli-zat,
Veydən bəna tutub, kaf-nunnan nicat,
Yeydən bişərikdi, bişərikdi lam.

Əlifdən əladı, alidən ali,
Cimdən dücahandı, böyük cəlalı,
Mimdən mehribandı məddi-məalı,
Nun–hər vaxt zəmini xəlq edib tamam.

Şin şükrü sənalar, vav vahid ismə,
Hey həlim, rey rəhmi acı yel əsmə,
Zey zəlil bəndədən, sin nəzər kəsmə,
Sat sahib ixtiyar, mən həqir qulam.

Ocaqzadə bir təb əhli nökərəm,
Küyində qələndər, sinə dəftərəm,
Mimnən Məhəmmədəm, cimnən Cəfərəm,
Ləqəbi çox olan Miskin Abdalam.


DÖNƏRMI

Qadir Allah, əlim əldən uzaqdı,
Yazıq könlüm görən indi dinərmi?
Vaxt yetişib ömürdə qış-sazaqdı,
Şahin könlüm yuvasına enərmi?

Elim qalıb neçə dağlar dalında,
Qismətim var yazılıbsa alında,
Gedəcəyəm ayaq qalsa yalın da,
Pir igidin çırağı da sönərmi?

Miskin Abdal hanı zərdən libasın?
Insan olan unudarmı obasın?
Yada salıb ulu-ulu babasın,
Axır günü Göyçənin heç dönərmi?


NÖKƏRƏM

Qadir Allah qismət etdi cəfanı,
Gecə-gündüz qəm kotanı çəkərəm,
Elə bildim qopdu Nuhun tufanı,
Bəxt şumuna dərd-sərimi əkərəm.

Kəsilməzdi əllərimin yaxası,
Sınaqlıdı abidlərin çuxası,
Başım ilə daş qalalar sökərəm.
Qürbət eldə yanar ömür sürənlər,

Yasa batdı bu halımı görənlər,
Yada düşüb igid ərlər, ərənlər,
Gecə-gündüz göz yaşımı tökərəm.
Həsrət qaldım Göyçə kimi elimə,

Əl uzatdım, əl çatmadı əlimə,
Əməllərim bəlli olub aləmə,
Ev yıxmaram, müdam evlər tikərəm.
Miskin Abdal, çox ağlayıb sıtqama,

Başa vurdum nə düşübsə baxtıma,
Ömür keçib, nə qalıb ki, vaxtıma,
Haqq yolunda mən bir qulam, nökərəm.

AĞLARAM

Iki sultan əyləşdi nərgiz taxtında,
Aralığa şəmşir endi, ağlaram.
Məkas fəğan etdi dərya üzündə,
Yelkənim tərsinə döndü, ağlaram.

Nökər olan qulluq edər xanına,
Məşuqlar susadı aşiq qanına,
Cəbrayıl yetişdi haqq məqamına,
Alışdı şahpəri, yandı, ağlaram.

Ya Rəb, görən kimlər yetər dadıma,
Həsrət qaldım ocağıma, oduma,
Miskinəm, ərənlər düşdü yadıma,
Didəm yaşı selə döndü, ağlaram.


TƏCNİS

EL ATA

Yaz olanda büsatıdı dağların,
Ətəyində yer eliyər elata.
Qarı düşmən qovğa salsa üstünə,
Bata bilməz süvar olsa el ata.

Bir Allahdı ərşü-gürşü yaradan,
Adı çoxdur, bir adı da Yaradan,
Nə yaratsan Yaradanı yarat, an,
Qorx ki, sana qara daşı el ata.

Miskin Abdal, şeytan anma, nər div an,
Müxənnəsə tutacaqdı nə divan,
Haqqa doğru sən qoyubsan nərdivan,
Ona görə deyir sənə El: “Ata”.
XS
SM
MD
LG