Keçid linkləri

2024, 28 Dekabr, şənbə, Bakı vaxtı 07:24

Sevda Sultanova. "Xoca" Xocalı ağrısını hiss etdirmir, adiləşdirir...


Sevda Sultanova
Sevda Sultanova
-


Filmdəki xarakterlər natamamdır.

Məsələn, məni çox təəccübləndirən nişanlısı (İlqar Musayev) müharibədə vuruşan gənc qızın (Nigar Məmmədova) infantil pozisiyası oldu.

O, həyatı olumla ölüm arasında yaşanan nişanlısı üçün qayğılanmaq, nigarançılıq keçirmək əvəzinə zəng etmədiyinə görə ondan küsür, inciyir, onu qınayır.

Belə təsəvvür yaranır ki, oğlan müharibəyə yox, hansısa ölkəyə kurorta dincəlməyə gedib və onu unudub.



Kinoşünas Sevda Sultanova bu məqaləsi ilə Vahid Mustafayevin "Xoca" filmi ilə bağlı "Oxu zalı"na açılan polemikaya qoşulur.


Sevda Sultanova


"Xoca" Xocalı ağrısını hiss etdirmir, adiləşdirir


Vahid Mustafayevin “Xoca” filmi Azərbaycana xatırlatmadır:

Xocalıda insanların qətlinin, məğlubolma səbəblərinin (hərçənd, bu səbəblərin ətraflı təhqiqi yoxdur), televiziya ekranlarından vaxtaşırı gördüyümüz kadrların, qəzetlərdə faciə ilə bağlı oxuduğumuz faktların yenidən xatırlanması.

Başqa cür də demək olar:

“Xoca” məlum faktların müəyyən bədii elementlərlə illüstrasiyasıdır. Hərçənd, V.Mustafayevin xatırlatma mesajında ittiham intonasiyası güclüdür:

Bakı müharibənin həyatı ilə yaşamırdı, torpaqların itirilməsində laqeydliyimiz də rol oynadı...

Bununla da tamaşaçıya yeni nəsə söyləməyən V.Mustafayev “Xoca”da paralel olaraq iki əhvalat danışır: müharibə bölgəsındə baş verənlər və müharibəni vecinə almayan, öz ritmində yaşayan paytaxt.

Bu, “Xoca”da yaxşı mənada diqqətçəkən çox az məqamdan biri oldu.

Hər iki əhvalatı sevgi xətti birləşdirir və süjetdə bu xəttin yer almasının əsas məqsədi də savaş bölgəsi ilə paytaxt arasındaki ruhi-psixoloji uzaqlığı göstərməkdir.

Bakıdakı toy səhnəsi bir anlıq “toy formatı”ndan çıxaraq sanki orgiyaya çevrilir. Həmin səhnənin orgiya kimi traktovkasının V.Mustafayevin məqsədli şəkildə etdiyini və ya təsadüfən belə alındığını bilmirəm, hər halda, filmdə digər uğurlu detal da bu idi.

Başqa məqamlar barədə.

Əgər “Xoca”nın müəllifləri düşünürlərsə ki, insanların öldürüldüyü kütləvi döyüş səhnələri ilə yerli və ya hansısa əcnəbi tamaşaçını sarsıdacaqlar, yanlışlığa yol verirlər.

Hər şeydən əvvəl ona görə ki, dünya kinosunda müxtəlif muharibələri, müxtəlif xalqların faciəsini əks etdirən onlarla bədii ekran əsərində “Xoca” filmindən qat-qat keyfiyyətli, mükəmməl döyüş səhnələri var.

İkincisi, döyüş səhnələrində onlarla insanın qətlinin ümumi mənzərəsi, kütləviliyi tamaşaçıya ağrı hissini vermir. Çünki kütləvi səhnələrdə bir göz qırpımında çoxlu insanın öldürülməsi, ölüm faktını ümumiləşdirir, adiləşdirir, tamaşaçı onların ağrısını, son anda nə hiss etdiklərini görmür, bilmir.

"Xoca" filmindən kadr (Youtube)
"Xoca" filmindən kadr (Youtube)
Yeri gəlmişkən, “Habertürk” kanalının “qaçan sətirlər”ində son vaxtlar Suriyadakı hadisələrlə bağlı məlumat belə verilir: məsələn, 70 “insan” öldü. İnsan sözünün dırnaqda yazılmasıyla kanal döyüşlərdə tanımadığmız, acılarını görmədymiz, yalnız quruca fakt kimi təqdim edilən, hamı üçün adiləşən insan ölümünə etiraz edir.

Üstəlik, hər gün informasiya proqramlarında müxtəlif lokal münaqişə, terror aktları zamanı həyatını itirən adamların göstərilməsi də istər-istəməz təhtəlşüurda ölüm hadisəsinə münasibəti biganələşdirir. Ciddi kino müəllifləri də müharibə filmlərində kütləvi döyüş səhnələrinə ya çox qaçmırlar, ya da ümumiyyətlə, batal təsvirlər vermirlər.

Bu mənalarda “Xoca”da döyüş səhnələrinin bədii həlli sıradandır, uğursuzdur, sarsıtmır, hətta bəzi epizodalarda ayrı-ayrı aktyorların qəhrəmanlarının son məqamdakı yaşantılarını, psixologizmini, o anın reallıq hissini vermək gücü yoxdur.

Filmdəki xarakterlər natamamdır. Məsələn, məni çox təəccübləndirən nişanlısı (İlqar Musayev) müharibədə vuruşan gənc qızın (Nigar Məmmədova) infantil pozisiyası oldu. O, həyatı olumla ölüm arasında yaşanan nişanlısı üçün qayğılanmaq, nigarançılıq keçirmək əvəzinə zəng etmədiyinə görə ondan küsür, inciyir, onu qınayır. Belə təsəvvür yaranır ki, oğlan müharibəyə yox, hansısa ölkəyə kurorta dincəlməyə gedib və onu unudub.

Ümumiyyətlə, sevgi xətti isti deyil, soyuqdur, ruhu yoxdur, sevgililərin münasibətləri və xatirə-kadrlar klip estetikasında çəkilib.

Telman Əliyevin ifa etdiyi ata obrazı serial və ya “kitc” filmlərdəki obrazlarının tərzində təqdim olunur. Yəni bir qayda olaraq, serial və “kitc” filmlərdə personajların mənfi və müsbət olduğu elə əvvəldən aydınlaşır, onların pozisiyaları dərhal müəyyənləşir, bəsit cizgilərlə xarakterizə olunur. Ata mənfi obrazdırsa, bu o demək deyil ki, mütləq
Xocalı qətliamı, 26 fevral 1992
Xocalı qətliamı, 26 fevral 1992
“bambılı”, gülünc, banal təqdim olunmalıdır. Əgər rejissor atanı mürəkkəb, ziddiyyətli obraz kimi təqdm etsəydi və film boyu tərəflərini də tədricən açsaydı, bu, “Xoca”nın dramaturji gücünü artırardı.

“Xoca”nı patriotik film saymaq olarmı?

Suala cavab vermədən öncə Amerika kinosənayesinin təcrübəsinə qısa nəzər salaq.

2001-ci ilin 11 sentyabr hadisələrindən sonra Amerikanın hərbi-siyasi rəhbərliyinin əsas məqsədlərindən biri faciədən sarsılmış millətin vətənpərvərlik ruhunu qaldırmaq oldu.

Corc Buş administrasiyası ölkənin tanınmış prodüserlərini, rejissorlarını Ağ evə dəvət edərək onlarla beynəlxalq terrorizmlə mübarizə zamanı cəmiyyətdə əzmkarlığın, vətənpərvərlik əhvalının qaldırılması barədə fikir mübadiləsi apardı.

Amerika hərbçilərinin, MKİ-nin əməkdaşılarının müxtəlif ölkələrdə, müxtəlif illərdə cəsarətli fəaliyyəti barədə filmlər ekranlaşdırıldı. Hətta Pentaqon kinolayihələrə kütləvi səhnələr üçün əsgər, hərbi texnika baxımından yardım da edir. Düzdür, ciddi sənətlə əlaqəsi olmayan bu filmlər daha çox Amerika publikasını hədəf alır.

...Amerika təcrübəsindən baxsaq, Qarabağ müharibəsinin, vətənpərvərlik ruhunun kinoda təsviri ilə bağlı dövlətin mükəmməl, məqsədyönlü konsepsiyası, rejissolarla sıx əməkdaşlığı yoxdur. Bu sahədə pərakəndə siyasət yürüdülür. İndiyədək ekranlaşdırılan filmlər Amerika təbliğat maşınının istehsalı olan vətənpərvərlik kinolentləri ilə müqayisədə ideoloji, əzmkarlığın təbliğatı baxımdan zəifdir, hələ onların kinematoqrafik qüsurlarını demirəm.
Bu filmlərdə effektsiz, yorucu didaktika ilə yanaşı inamsızlıq, pessimizm var.

“Xoca” bədii filmində də cəsarətli hərbçi modellərini xəyal qırıqlığı, total ümidsizlik, pessimizm üstələyir.

Final da artıq özünü tükətmiş poetika, simvolik anlamla bitir. Məsələn, Elxan Cəfərovun bu tip filmləri bir çox məziyyətlərinə görə üstələyən “Dolu”sundakı əzmkarlığın gücü, inamlı final burda yoxdur...

“Xoca”da təsvirlər, kadrların kompozisiyası kreativ deyil, planlar monotondur. Materialı kino dilinə çevirə bilməyən rejissor faciə ilə bağlı yeni kinematoqrafik kontekst təklif etmir.

...Hansısa rejissor yerli publikaya hesablanmış sırf milli vətənpərvərlik filmi yox, dünya kino məkanında isti qarşılana biləcək film çəkməyə iddialıdırsa, onda Xocalı hadisəsini, ümumiyyətlə, bu müharibəni yaşamış ayrı-ayrı insanların hekayətini danışmalıdır.

Başqa cür desək, müharibədə insanın ekzistensial problemi əbədi, təsirli, sarsıdıcı mövzudur. Seymur Baycanın “Quqark” romanı da məhz bu baxımdan çox dəyərlidir.

Bir neçə həftədir ki, modern.az saytında Xocalı hadisələri zamanı valideynlərini itirən uşaqlarla (indi onlar gəncdilər) silsilə müsahibələr dərc olunur. Onların hər birinin hekayəti ciddi kino mövzusudur və məhz fərdlərin gerçək əhvalatlarının uğurlu ekran həlli Xocalı faciəsini “Xoca” kimi filmlərdən çox tanıda, dünyanın istənilən yerində yaşayan insanın ruhuna toxuna bilər.


Polemikaya qoşulmaq istəyənlər yazılarını bu ünvana yollaya bilərlər: oxuzali@azadliqradiosu.az
XS
SM
MD
LG