Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:41

Çexiyalı nazir Azərbaycanda insan haqlarının vəziyyətini tənqid edib (Çıxışın tam mətni)


Çexiyanın xarici işlər naziri Karel Schwarzenberg (sağdan ikinci) Azərbaycanlı hüquqşünas İntiqam Əliyevə (soldan birinci) "Homo Homini" (İnsanlıq naminə) mükafatını təqdim edir. Praqa, 4 mart 2013
Çexiyanın xarici işlər naziri Karel Schwarzenberg (sağdan ikinci) Azərbaycanlı hüquqşünas İntiqam Əliyevə (soldan birinci) "Homo Homini" (İnsanlıq naminə) mükafatını təqdim edir. Praqa, 4 mart 2013
-

Martın 13-də Çexiya paytaxtı Praqada insan haqları mövzusunda “One world” sənədli film festivalı başa çatıb.

Festivalda Britaniya rejissoru Liz Merminin Azərbaycanda insan haqlarının vəziyyətindən bəhs edən “Amazing Azerbaijan” (Qəribə Azərbaycan) filmi də nümayiş etdirilib.

Festival çərçivəsində martın 4-də Praqada azərbaycanlı hüquqşunas, vəkil və insan haqları müdafiəcisi İntiqam Əliyevə "People in Need" insan haqları təşkilatının mükafatı da təqdim edilib.

“Homo Homini” adlanan mükafat hər il insan haqları sahəsində fədakarlıq göstərən fəallara verilir.

Mükafat yüzlərlə yerli və xarici qonağın, insan haqları müdafiəçilərinin qatıldığı mərasimdə Çex Respublikasının Baş nazirinin müavini, Xarici İşlər naziri Karel Shwarzenberg tərəfindən təqdim olunub.

(Nazir azərbaycanlı hüquqşunası ayrıca olaraq da qəbul edib)

Məşhur çex dissidenti və Çexiyanın ilk prezidenti Vaslav Havelin yaxın silahdaşı olmuş Shwarcenberg mərasimdə çıxışında Azərbaycandakı insan haqları ilə bağlı vəziyyətdən də danışıb.

Həmin çıxışla bağlı Azərbaycan mərbuatında yanlış məlumatlar və yozumlar da yer almışdı.

Bəs əslində çexiyalı nazir nə deyib?

Maraq doğuracağını nəzər alıb Shwarzenberg-in çıxışının tam mətnini dərc edirik:

"Əziz və möhtərəm qonaqlar!

Sizi Vaslav Havelin öz əlləri ilə yaratdığı bu gözəl “Praqa qovşağı”nda - onun təşəbbüsü ilə məhz bu günkü mərasimimiz kimi ictimai tədbirlərin keçirilməsi üçün bərpa edilmiş bu kilsədə salamlayıram.

Onu itirməyimiz nə qədər ağır olsa da, əminəm ki, özü sizi burada görməyinə çox şad olardı.

Çünki insan haqlarının pozulduğu Kuba və başqa bu kimi ölkələrdəki gerçək durum onu narahat edən əsas problem idi.

Festivalın posteri
Festivalın posteri
Əminəm ki, möhtərəm qonaqlarımızın seçimində yanılmamışıq. İstər Kubadan olan gözəl bloqqer olsun, istərsə də bu ilki mükafatın sahibi.

Mən onların qarşısında baş əymək istəyirəm. Çünki diktatura şəraitində hüquqşünas olub insan haqları uğrunda mücadilə etməyin nə demək olduğunu yaxşı bilirəm.

Mən keçmişdə bunun çox şahidi olmuşam və bunu özünün missiyasına çevirən insanları tanımaq imkanım olub. O cümlədən bizim ölkədə Otakar Motejl kimi insanı. Artıq o da həyatda yoxdur.

İndi sizə bir şey deyəcəm.

İndi sizin iştirak etdiyiniz bu festivalın illüstrasiyalı afişalarda yer alan simvolunda dəvəquşu şəkli də var.

Məncə, bu yerinə düşür, çünki insan haqlarına aidiyyatı olan siyasətçilərin çoxu təhlükələri görmək istəməyəndə başlarını quma soxmaq yolu tuturlar.

Məhz buna görə dəvəquşu bu ilin simvolu seçilib.

Uzun illərin təcrübəsi sayəsində deyə bilərəm ki, əgər hansısa ölkədə neft və qaz varsa, beynəlxalq görüşlərdə, təşkilatlarda və s. yerlərdə gündəmdəki insan haqları məfhumu təhlükəsizlik anlayışı ilə əvəzlənir.

Biz başımızı quma salanda sabitlik təsəvvürü yaranır.

O cümlədən Azərbaycan. Heç kəs orada insan haqlarını cəmiyyəti irəli aparacaq bir motor, məxsusi bir hərəkətverici qüvvə kimi görmür.

Biz yalnız insan haqlarının müdafiəsinə qalxanda dünyanı irəli apara bilərik.

Özü də təkcə öz ölkəmizdə yox, həm də Azərbaycanda, Latın Amerikasında, Cənub-şərqi Asiyada, ərəb ölkələrində, ümumiyyətlə bunun vacib olduğu hər yerdə.

Karel Schwarzenberg
Karel Schwarzenberg
Əgər biz dəvəquşu kimi gözümüzü yumsaq, heç vaxt irəli gedə bilmərik.

Mən yorulmadan insan haqları uğrunda mübarizə aparanlara heyranam.

Onlar bizim cəmiyyətin hərəkətverici qüvvələridir.

Mülki cəmiyyət insanların təkcə öz haqları uğrunda mübarizə aparması yox, başqa vətəndaşların haqları, ümumilikdə bütün dünya sivilizasiyası üçün çalışması prinsipinə əsaslananda əsl mülki cəmiyyətə çevrilir.

Mən qonaqlarımızın hər ikisinə bir daha özlərini bu işə həsr etdikləri üçün təşəkkür etmək istərdim.

Bu mükafatı təqdim etməkdən ona görə çox məmnunam ki, bu mükafatı siyasətçilərin mənim az öncə xatırlatdığım səbəbdən gözlərini yummağa üstünlük verdiyi, insan haqlarının pozulması və uzun müddətdən bəri kök atmış, ölkəni əzən ailə diktaturasının mövcudluğu faktı haqda danışmaq istəmədiyi ölkədən gəlmiş insana (İntiqam Əliyevə - red.) veririk.

Gördüyünüz işə görə sizə təşəkkür edirəm və çox xoşbəxtəm ki, mükafatı sizə təqdim etmək şərəfinə mən nail olacam.

Çox sağ olun."

Karel Shwarzenberg bu yaxınlarda Çexiyadakı prezident seçkilərində ikinci tura çıxsa da, solçu Miloş Zemana məğlub olub.

Amma Çexiyada əsas səlahiyyətlər prezidentdə yox, hökumətdədir. Hökumət isə parlament seçkilərinin nəticəsinə görə formalaşır.
Şvarsenberq İntiqam Əliyevlə görüşür, 4 mart 2013
Şvarsenberq İntiqam Əliyevlə görüşür, 4 mart 2013
XS
SM
MD
LG