Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 09:10

Tale Bağırzadə Kürdəxanı həbsxanasına köçürülüb


Tale Bağırzadə
Tale Bağırzadə
-
İlahiyyatçı Tale Bağırzadə aprelin 13-də Kürdəxanı həbsxanasına köçürülüb. Bu barədə AzadlıqRadiosuna onun vəkili Anar Qasımlı məlumat verib.
Vəkilin dediyinə görə, hazırda Tale Bağırzadənin səhhəti normaldır, amma ona qarşı növbəti ittihamın çıxarılacağından narahatdır:
«Tale Bağırzadə deyir ki, mübarizəsini bundan sonra da davam etdirəcək, saxta ittihamlar, işgəncələr onu qorxutmur».
Anar Qasımlı deyir ki, hazırda Tale Bağırzadənin təqsirsizlik prezumpsiyasının pozulması ilə bağlı şikayət ərizəsi hazırlayırlar.

Bir neçə gün öncə, bəzi kütləvi informasiya vasitələri video çarx və məlumatlar yayıblar. Həmin məlumatlarda Tale Bağırzadənin adı Bakı Şəhər İcra Hakimiyyətinin binasını yandırmağa cəhddə, həmçinin xalq artisti, deputat Zeynəb Xanlarovanın və bir nazir müavininin Nardarandakı bağ evini yandırmaqda hallanıb. Baş prokurorluq və Daxili İşlər Nazirliyinin birgə yayığı məlumatda da deyilir ki, Bakı Şəhər İcra Hakimiyyətinin binasını yandırmaq istəyərkən şübhəli şəxs qismində saxlananların bu işi Taleh Bağırzadənin tapşırığı əsasında etdikləri tam təsdiqini tapıb.
Anar Qasımlı:
«Heç bir sübut olmadan və şəxs barədə bu əməllərlə bağlı heç bir ittiham irəli sürülmədən onun haqqında belə məlumatlar yaymaq təqsirsizlik prezumpsiyasının birbaşa pozulmasıdır. Biz də bununla bağlı şikayət etmək niyyətindəyik».
Tale Bağırzadə martın 31-də saxlanıb.

Onun üstündən 1.026 qram heroin çıxdığı bildirilir. Sabunçu rayon Məhkəməsi ilahiyyatçı haqqında iki aylıq həbs qətimkan qərarı verib. O, CM-nin 234.1-ci (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə ittiham olunur.
Tale Bağırzadə həbsindən bir həftə əvvəl Maştağa qəsəbəsindəki «Həzrət Əbülfəzl-Abbas» məscidindəki xütbəsində hakimiyyəti tənqid etmişdi.
Tale Bağırzadə bundan öncə də 2011-ci ilin may ayında hicabla bağlı etiraz aksiyasının təşkilatçısı kimi həbs olunub, 1,5 il azadlıqdan məhrum olunub. Hazırkı həbsindən 4 ay əvvəl azadlığa çıxıbmış.
XS
SM
MD
LG