Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:28

Göyqurşağı


-

"Ədəbi Azadlıq-2013" Müsabiqəsinin hekayə 10-luğundan


Mübariz Rəfiyev


Göyqurşağı



Onun qayıdışı, daha doğrusu, qəfil peydası neçə vaxtdı kənddə hökm sürən toy ovqatına əlavə coşqu qatmışdı; - kənd çox balaca idi, - adamlar əl-ayaq eləyib toy evinə tələsmişdi - maraqdan gözlərdə işıq. Səhərin aydın səması gözəl gün vəd etsə də, qonaqların gəlhagəl vaxtı başlayan şıdırğı yay yağışı işlərinə iş qatmışdı; əlavə çadırlar çəkilir, qab-qacağın üstünü tələsik örtürdülər...

O, həyətin ayağında, daldasında toy samovarları tüstülənən çardağın altında dayanıb ətrafda baş verənlərə yad kimi baxırdı. Sifətindəki sakitlik elə sakitlikdi, sanki məğlub ordunun əsgəridi, - aqibətiylə barışmış. - öz doğma həyətlərinə əsir tutub gətiriblər. İçərisində tüğyan edən təzadlı, anlaşılmaz hisslər bir birini əvəzləyir, bir-birini qovur; ümid... qüssə... fərəh... qəhər... içində eşşəkbeli oynayır. Onu tanıyanlar, - cavanlar onun ancaq adını eşidib. - ilk öncə bunu kəşf edirlər öz-özlərində: “boy balacalanıb, qamət itib, əvvəlki sıx, şəvə saçlardan əsər-əlamət yox...”. İyirmi ildi kənddən çıxdığı. Söz vermişdi qayıtmasın bir də! Tab gətirməmişdi. Hər şey elə sürətlə baş vermişdi ki...

“O mütləq burdadı, - gözü tüstülənən samovarda, fikri toy mağarında ... - indi kənddədi, deyirlər. Əri öləndən sonra kəndə köçüb. Aradan neçə il keçib gör. Yəqin o da qocalıb indi. Quruyub, ərik ağacı kimi, - dodağına yüngülcə təbəssüm qondu; niyə məhz ərik ağacı? - bəxti qara gəldi yazığın. Dördcə ayın gəlini oldu. Amma, necə qayğısız vaxtları vardı...”.

Yan-yörəsində hərlənən kənd uşaqlarının çoxunu tanıyır, daha doğrusu, oxşadır; kim hansı tayfadandı, kim kimin vələdidi. Ətrafda hər daş-divar, çal-çəpər ona doğmadı. Çaylaq daşından tikilmiş köhnə evləri necə də balaca imiş, halbuki, müdam yaddaşında ən iri, əzəmətli ev kimi qalıb. Nəsə çatmır həyətdə... Nə?! Üzü təzək “dekor”lu pəyələrinin talvarı yenə saman təpili... Bir az aralıda səliqə ilə kəsilib qalaqlanmış gərmə tayası sanki iyirmi ildi necə var durub. Axşamdan söndürülmüş küllükdən qalxan zəif tüstünün acı qoxusu yağışdan islanmış torpağın təzə, yumşaq ətrinə qarışır. Üzünü mamır basmış uçuq daş barının oyuğunda yağışdan daldalanan sərçə, acıq verirmiş kimi, ona quyruq eləyir...

Gözü tüstülənən samovarda, fikri toy mağarında... Çalışır baxmasın ora...
Ərik ağacı qocalıb əməlli; - əriyin ömrü az olur yəqin. - bir vaxtlar pıtraq kimi gətirən ağacın üstündə meyvələr indi adda-budda. Hər gecə yuxusuna girib bu ağac. Üstü ağ-appaq, dop-dolu, titrək, yumşaq çiçəkli, - təzə yığılıb qalaqlanmış pambıq topası kimi. Sonra görürdü, ərik ağacı deyil bu, Nərgizdi - yüngül, mavi donda, boynunda çəhrayı ləçək, başında qırmızı, sarı, mor... çiçəklərdən çələng... Bir də alt evlərini görürdü; divarları suvaqsız, torpaq döşəməli, rütubət qoxulu... Guya anası iri ləyəndə çimizdirir onu, amma, nə illah eləyir, anasının üzünü görmür. Baş-gözü sabunlu yaş, sürüşkən torpaq döşəmədə nəsə gəzir əlləri...

Anası yadına gəlmir heç; hər cəhdində ildırım sürətiylə nəsə keçir beynindən- işıqlı, səssiz. Amma, atası yadındadı, - yekəydi atası öləndə. İndiki mağarın yerində qoca bir tut ağacları vardı, - bayaqdan deyir axı, nəsə çatmır həyətdə. Tut ağacı! - onun altındakı taxtda uzatmışdılar atasını. Ağacda közərən lampanın sarımtıl işığı düşürdü xəstə atasının solğun sifətinə... Belə də qalmışdı yaddaşında atası - közərən lampanın sarımtıl işığında solğun bir sifət və həkimin dediyi tək söz: “keçinib”.

... Ona elə gəldi ki, bibisi onu soyuq qarşıladı. Əl uzadıb: “xoş gəlmisən.” -dedi, vəssalam. Kişi kimi. Haqqı da vardı; bibisi saxlamışdı oları- qardaşını və onu. Ərə də getməmişdi heç. Tünd göyə çalan saya donunu taxta bədəninə taxıb, - belə qalmışdı bibisi yaddaşında.- kişi kimi durmuşdu arxalarında. Bəs o nə etdi əvəzində? Bu haqda fikirləşdikcə qəhərdən boğazı tutuldu, sinəsi sürətlə qalxıb enməyə başladı...
Gözü tüstülənən toy samovarında, fikri mağarda... Bilmirdin tüstüdü gözünü deşən, yoxsa...

Çalğıçılar nahara çıxdığından mağar boşalmışdı. Ortada uşaqlar oynaşırdı. Bir də o idi. Tək. Aramsız boşalıb dolan gözlərini bir nöqtəyə dikib oturmuşdu. Dən düşmüş saçları çiyinlərinə dağılmışdı. Solğun sifətinə süzülən göz yaşlarını silməyə əlləri qalxmırdı... Bəli, bu o idi. Nərgiz! ”Göyqurşağı”...

... Mayın ortaları yalın güney döşü onsuz da çiçəkli olur. O il isə təbiət elə bil dəli olmuşdu. Buludlu, sərin apreldən sonra yuxulu, mürgülü torpağın bulud yorğanını üstündən dartıb salan günəş çiçəklərin qönçə burnundan öpmüşdü. Bu təmasdan və yüngül mehin təsirindən rəşələnən çiçəklər bir-birinin qulağına nə pıçıldamışdılarsa, hamısı birdən açmışdı. Kəpənəklər fərəhdən özlərini itirmişdi. Əl-ələ verən ləçəklər sısqa bulaqların qabağını kəsirdi...

Yer, göy çiçək idi...

Nərgiz atasının doğulduğu bu balaca kəndə hər yay gəlirdi. Qonşu olurdular. Aralarında qarğıdan seyrək çəpər vardı. Yemlik, quşəppəyi yığıb gətirirdi ona, - cod, qaba əlləriylə ağappaq, yumşaq şəhərli qızına. Uğunub gedirdi qız. Çiçəkdən çələng hörüb gətirirdi... Yüngül, mavi donda yadında qalmışdı o. Boynunda çəhrayı ləçək, başında qırmızı, sarı, mor... çiçəklərdən çələng. Göy qurşağına oxşadırdı Nərgizi. Özünə də deyirdi: ”Göyqurşağı”. Uğunub gedirdi qız...

O il isə tez gəlmişdi. Mayda. Dəyişmişdi Nərgiz. On yeddi yaşın yeli necə vurmuşdusa, bir ilin içində böyümüşdü qız; dərəli, təpəli olmuşdu.

Atası təzə rəhmətə getmişdi. Kədərdən gözləri yüngülcə sürməli. ”Göyqurşağı”ndan əsər-əlamət qalmamışdı. Sanki küsülüydü kənddən; atasını almışdı kənd...

- Siftə atasının üstünə getsin qoy! - Amiranə tərzdə buyurdu nənəsi. - Özü də piyada! Kəndin içiynən. - Qoymadı maşına oturmağa. Kənd çox balaca idi. Üstünü böyürtkən kolu basmış çitəmə çəpərin dibiylə sürünən dar cığır onları kəhrizin üstünə çıxaracaqdı. Yaxşı tanıyırdı bu cığırı; belinə boş sənək götürüb fərəhdən tullana-tullana çox qoşulmuşdu suya gedən kənd qızlarına. İndisə-duyğusuz, hissiyyatsız. Key. Getdikcə, kənd arvadları kölgə kimi qoşulurdu olara, - sakit, tutqun. - yaylığını götürən qaçırdı. Kəhrizin üstü də arvadla dolu. Burdan qəbirəstanlıq əl içi kimi görünür - özünü saxlaya bilmədi nənəsi: ” Nə yatmısan, -dedi. -ay bala, balan gəlib, Nərgiz gəlib, dur çıx qabağına...”.

Yox! Bircə bunu istəmirdi. İstəmirdi ağlasınlar atasını. İnanmırdı atasının ölməyinə. İstəmirdi ona yazıqları gəlsin. Atası ölməyib. Sağdı. Onlardan ayrılıb qaçmağa başladı. Üzü aşağı. Çaylağa tərəf. Atasına tərəf. Ayaqqabılarını soyunub bir az da möhkəm qaçdı. Sanki indicə atasının qucağına tullanacaqdı, boynunu qucaqlayacaqdı. Hönkürə-hönkürə...

... Mayın ortaları yalın güney döşü onsuz da çiçəkli olur. O il isə təbiət elə bil dəli olmuşdu; yer-göy çiçək idi... Yuxarı - dağlara qalxan adamlar burdan etinasız keçə bilmirdi, dayanıb çiçəklərə baş əyirdi, çiçəkdən çələng hörürdü, yaxalarına, saçlarına çiçək taxırdı, bir-birinə çiçək uzadırdılar. Çiçəklər azalmırdı, əksinə aşıb-daşırdı. Bir-birlərini ilk dəfə görən insanlar bir-birlərinə gülümsəyirdi, bir-birlərini yadda saxlayırdı...
Çələng hörmək istəyirdi Nərgizə. Qabaqkı kimi. Ancaq fikrini dəyişdi; yaslıydı Nərgiz. Ürəyini açmalıydı amma, - vaxt yox idi. - sabah əskər gedirdi. Çiçəklər elə-belə çox deyildi bu il. Ona köməyə gəlmişdilər - ürəyini Nərgizə açsın...

Ürək formasında çitədi dağdağan budaqlarını, - adam boyda, - məftilləyib bərkitdi. Üstünü rəngbərəng çiçəklərlə bəzəməyə başladı. Göy qurşağı kimi: əvvəl qırmızı çiçəklərlə getdi bir cərgə, sonra mavi, mor, sarı, yaşıl... Çiçəklər azalmırdı, əksinə, aşıb-daşırdı. Böyük bir ürək kəsmişdin sanki göy qurşağından. Necə aparacaqdı onu kəndə. Hamı görəcəkdi. Kənd çox balaca idi. Tay-tuşları lağa qoyacaqdı onu. Elə böyüklər də; belə işdə hamısı bir ağıldaydı. Cəhənnəmə, qoy hamı bilsin. Nərgiz də bilsin, - onu sevdiyini. Qaranlıqda aparıb çəpərlərinə qoyar. Vaxt yox idi. Əskər gedirdi sabah.

... - Sən niyə belə etdin? - göyərmiş dodaqları titrəyirdi Nərgizin. - hamı gördü. Babam da gördü...

-Sabah əsgər gedirəm...

-Cəhənnəmə get...

-İstiyirdim biləsən...

-Zəhləm gedir sizdən... Vəhşilər! - Çiçəkləri yolub tökmək istədi. Əli gəlmədi. Hikkəsindən əllərini çəpərə döyəclədi.

-Gözdüyəssən məni? Atanın goruna and ver...

-Elə deməyin atam haqda. İt uşaqları. Ölməyib atam. Əl çəkin atamnan...

-Niyə helə dedin? Mənim də atam ölüb. Anam da ölüb...

-Bağışda... - Sifətindəki sərtlik əridi bir anda. - Bilmədim... - çiçəklərə çəkdi əllərini; onun köynəyinin yaxasını səhmanlayırdı sanki, saçlarını sığallayırdı... Başını qaldırıb ona baxdı. Sürəkli. Sanki, ilk dəfəydi görürdü onu; - qayış bədənli, qara oğlanı. - qətiyyətli, israrlı...

Xeyli belə qaldılar...

-Gözdüyəssən? -Soyuq tərzdə soruşdu yenə.

-Elə burda? Çəpərin dibində? - uğunub getdi Nərgiz. Əvvəlki kimi. ”Göyqurşağı” kimi...

...Əsgərlikdən kəndə qayıtmadı.

Nərgizi qaçırmışdılar...

Qalıb şəhərdə işlədi. Vaxt necə keçdi, bilmədi. Ayıldı ki, yaş qırxdı. Bibisi, qardaşı çox sifariş göndərmişdilər ki, gəlsin, gül kimi qızlar var kənddə, birini vursun qoltuğuna aparsın. Yox. Söz vermişdi, - kəndə qayıtmayacaq!

Qardaşı oğlunun toyu idi indi. Getmək istəmirdi. Ürəyi partlayırdı amma. Dedi, gedib aralıdan kəndə baxıb qayıdar. Elə də elədi. Obaşdan qatardan düşüb piyada kəndə sarı getdi. Bağnan, bağatnan; istəmirdi kimsə görsün gəldiyini. Çox uzaq deyildi kənd. Yalın o üzüylə qalxıb ən hündür dikə çıxdı və...

...doğan günəşin şəfəqlərinə boyanmış doğma kəndləri, allah!..

Yalın güney döşü yenə teyxa çiçək... Hündür qovaqların arxasında qalan evlərinin gümüşü damı... Özündə yaşılın min çalarını əks etdirən çəkilli, qarelləli, dağdağanlı... bağları, oradan ta çaylağa qədər uzanan, rəddləri, ləkləri sanki xəttkeşlə çəkili bostan... Çəkilləri təzəcə budanmış toxmaçar nizami ordutək qarşısında müntəzir...
Əslində o özü müntəzir idi.

Çaylağın üstü- durduğu dikin döşü isə qəbirəstanlıq idi. Yuxarıdan əl içi kimi görünürdü qəbirəstanlıq. Gözləri qoşa məzarı axtardı. Təxmini təyin elədi yerini. Ürəyi... fikri... hissi... başı... bədəni... ayaqları... yal aşağı tökülməyə başladı... Hönkürə-hönkürə...

Atasının məzarına sərildi əvvəl... Sonra anasının ...

Kəhrizin üstündən əl içi kimi görünürdü qəbirəstanlıq...

...Toy samovarının pıqqapıq səsi gəldi. Yağış kəsmişdi. Göyün üzü açılırdı.

- Göy qurşağı!!! - qışqırırdı uşaqlar.

Başını qaldırıb Nərgizə baxdı. Ağlamaqdan qızarmış gözlərində bir işıq vardı onun, - bilmədi ağlayır, ya gülür Nərgiz.

Başları toya qarışan kənd camaatının fikri onlarda idi. Kənd çox balaca idi. Hamı buludların çəkildiyini görürdü.

Toy hələ qabaqda idi...
XS
SM
MD
LG