Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 21:47

TeliaSonera iddiaları təkzib edir, amma...


TeliaSonera şirkətinin bayrağı
TeliaSonera şirkətinin bayrağı
TeliaSonera şirkəti post-sovet ölkələrindəki avtoritar rejimlərə yardım etməsi kimi iddiaları təkzib edir və qərəzli sayır.

AzadlıqRadiosunda yayımlanan məqalə ilə bağlı 2013-cü il mayın 22-də TeliaSonera Eurasia şirkətinin Korporativ Ünsiyyət üzrə vitse-prezidenti Erim Taylanların redaksiyaya ünvanladığı məktubunda belə deyilir.


"TELİASONERA"NIN MƏKTUBU

"Hörmətli redaktor,

16 may tarixində Azadlıq Radiosunun Azərbaycan xidmətinin İnternet səhifəsində “Eurovision 2013”ün sponsoruna qarşı korrupsiya və casusluq iddiaları” adlı məqalə dərc edilmişdir. Bu məqalə həqiqəti əks etdirmir və qərəzlidir.

Nəzərinizə çatdırırıq ki, TeliaSonera fəaliyyət göstərdiyi bütün ölkələrdə yerli qanun və qaydalara riayət edir. Biz fərqindəyik ki, qanunvericilik, inzibati və lisenziya öhdəliklərimizə əməl etmək zərurətindən irəli gələn tələblərin yerinə yetirilməsi insanların şəxsi həyat və ifadə azadlığına təsir etmək narahatlığı yarada biləcəyi kimi fikirlərə səbəb ola bilər. Lakin bu da bəllidir ki, bütün telekommunikasiya şirkətləri ərazisində fəaliyyət göstərdikləri ölkənin qanunvericiliyinə riayət etməlidir.

Eyni zamanda qeyd etməliyik ki, məqalədə adı çəkilən ölkələrdə qüvvədə olan hüquqi-normativ aktlar orada fəaliyyət göstərən bütün mobil operatorlara şamil olunur və fəaliyyət göstərdiyi ölkələrdə TeliaSoneranın yerli qanunvericilik və lisenziyadan irəli gələn tələblərdən kənar heç bir digər xüsusi imtiyazlar verən razılaşması yoxdur. Bu milli qaydaları ümumiləşdirən və birləşdirən digər bir cəhət ondan ibarətdir ki, telekommunikasiya operatorları dövlət orqanları tərəfindən verilən qərarların qəbul edilməsində və hər-hansı hüquq-mühafizə tədbirlərinin görülməsində iştirak etmir.

Bütün bunları qeyd edərək bildirmək istərdik ki, səhmdarı olduğumuz Azercell şirkəti tərəfindən abunəçilərə dair məlumatlar, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna edilməklə, məxfi hesab olunduğuna görə 3-cü şəxslərə təqdim edilmir. Azercell Azərbaycanın ən iri mobil operatorudur və məqsədi Azərbaycan əhalisini yüksək keyfiyyətli mobil rabitə xidmətləri ilə təmin etmək və istənilən məlumatı rahat, etibarlı və səmərəli yolla əldə etmək imkanı yaratmaqdır. Biz inanırıq ki, xidmətlərimiz abunəçilərimiz tərəfindən rəğbətlə qarşılanır. Göstərilənləri nəzərə alaraq müvafiq məqalədə əks olunmuş həqiqətə uyğun olmayan məlumatlara görə təkzib verilməsini, bu məktubu qeyd edilən məqaləyə cavab olaraq TeliaSonera-nın rəsmi mövqeyi kimi qəbul edib İnternet səhifənizdə dərc etməyi xahiş edirik.


AZADLIQ RADİOSUNUN CAVABI

Sözügedən məqalə ingilis dilində hazırlanıb və buradan geniş şəkildə oxumaq olar.
Məqalə müəllifi Daisy Sindelar TeliaSOneranın təkzib tələb edən məktubu ilə bağlı bildirir ki:

"Cənab Taylanlar bildirir ki, hazırladığımız məqalədə “yalan” məlmatlar olduğu üçün təkzib verək. Amma o, məqalədə həqiqətə uyğun olmayan bircə dənə də faktı misal çəkmir. Oxucular da, bundan istədikləri kimi nəticə çıxarmaqda sərbəstdirlər.

TeliaSonera post-sovet məkanındakı biznes fəaliyyəti ilə bağlı hər zaman bildirib ki, səhmdarı olduqları şirkətlər fəaliyyət göstərdikləri ölkələrin yerli qanunvericiliyinə tabe olmağa məcburdurlar. Cənab Taylanlar da öz məktubunda eyni fikirləri təkrarlayır.

Fəqət, AzadlıqRadiosunun məqaləsi bu fikri şübhə altına almır: əksinə, məhz bu fakta diqqət çəkir ki, Azercell kimi TeliaSoneranın səhmdarı olduğu şirkətlər sözügedən qanunvericiliklərə riayət etməklə hüquq-mühafizə orqanlarına adi vətəndaşların telefonlarına və internet fəaliyyətləri haqda məlumatlara nəzarət etmək imkanı verirlər.

Bu, Azərbaycan kimi ölkələrdə qanunların pozulması anlamına gəlməsə də, jurnalistlər və Eurovision Mahnı Yarışmasında başqa ölkəyə səs verən adi vətəndaşların təqib olunmasıyla nəticələnir.

AzadlıqRadiosu (RFE/RL) sözügedən iddialara müsahibə formasında aydınlıq gətirmək üçün TeliaSonera ilə əlaqə saxlamağı çox istərdi. Ancaq təəssüflə qeyd edirik ki, məqalə hazırlanarkən müsahibə tələbimizə TeliaSonera tərəfindən cavab verilməyib".
XS
SM
MD
LG