Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 06:06

Nigar Köçərli: "Bəzi ballar məni şoka salıb" (Debat)


Nigar Köçərli
Nigar Köçərli
-

Zahid Sarıtorpaq: "Münsifləri araşdırmaq lazımdır"

Pərviz Cəbrayıl: "Əgər m
ünsiflərin ballarını toplayanda nəticə belə alınıbsa, mən nə deyə bilərəm?"

Sayman Aruz: "Axı bu qədər saxtakarlıq olmaz."

Azad Qaradərəli: "Nigar xanımın özünə də təsir edilir".


Malik Dursunov: "Mən ümumən razıyam".


Milli Kitab Mükafatı ədalətli keçdimi?

AzadlıqRadiosunun "Pen klub" verilişindəki debatda müsabiqənin təşkilatçısı Nigar Köçərli, münsiflər heyətinin üzvü Pərviz Cəbrayıl, nəticələrdən narazı qalan yazıçılar Zahid Sarıtorpaq, Sayman AruzAzad Qaradərəli, mükafatçılardan Malik Dursunov bu haqda danışdılar.


Cavid Zeynallı:

- Zahid bəy, sizdən başlayaq, nədən narazısız?

Zahid Sarıtorpaq:

- Mən 19 münsifin hamısının bu əsərləri oxumasına inanmıram. Bu mümkün olan şey deyil. Məsələn, düşünmürəm ki, Rüstəm İbrahimbəyov ona təqdim olunmuş on romanı oxusun. Heç bircəciyini oxumasına da inanmıram. Qənirə Paşayeva ictimai-siyasi xadimdir, başını qaşımağa macalı yoxdur, həmişə səfərdədir. Rafiq Əliyev olsun və s... Mən çox ad çəkmək istəmirəm. Məncə, 5-6 münsif oxuya bilərdi. Yaxşı olardı ki, Nigar xanım növbəti dəfə MKM-in bu münsiflərini buraxsın və peşəkarları, ədəbiyyatçıları, bu əsərləri oxumağa macalı, vaxtı olanları cəlb etsin. Bu dəfə müsabiqədə ədəbiyyat faktı olmayanlar seçildilər. Bir rəhmətlik Zakir Sadatlını qırağa qoymaqla digər iki nəfər ədəbiyyat faktı deyil. Ədəbi cameədə üzdə olanlar qıraqda qaldılar. Nəyə görə? Münsiflərin ucbatından. Münsifləri araşdırmaq lazımdır.

Nigar Köçərli:

- Mən iradların, etirazların olmasına çox sevinirəm. Bu normal haldır. Bütün iradlara açığıq. Qaldı münsiflərlə bağlı deyilənlərə, bu iradlar artıq üçüncü ildir səslənir. “Niyə münsiflərin arasında ədəbiyyatçı olmayanlar var” sualı verilir. Bu mükafatın konsepsiyası, məqsədi budur, ədəbiyyatdan uzaq çevrənin adamları, amma nüfuzlu (ona görə nüfuzlu adamları seçirik ki, heç kim onlara təsir edə bilməsin), ədalətli insanlar, kitabı sevənlər münsif olsun. Mən də yazarlardan soruşmaq istəyirəm. Axı siz münsiflərin kim olduğunu bilirdiz. Nəyə görə onda inandız, indi yox.

Z.Sarıtorpaq:

- Sırf Azərbaycan reallığıdır. Həyatımızda hər şey demokratik deyil ki, ədəbiyyatdan da, ədəbi mühitdən də bunu umaq. Mənim yaşadığım reallıqda bu təbiidir, kimsə kimisə seçdirə bilər, təsir edə bilər.

N.Köçərli:

- İnanın belə deyil. MKM xoş niyyətlə yaranıb.

Z.Sarıtorpaq:

- Müsabiqədə çatışmazlıqlar var. Münsiflərin 19 nəfər olması lazım deyildi. 5 nəfər də ola bilərdi. İkincisi, olmazdımı axıracan yazarların da, münsiflərin də imzası gizlin saxlansın?

N.Köçərli:

- Bu proses nə qədər şəffaf olsa o qədər yaxşıdır. Mən ekspertlərə də, münsiflərə də inanıram. Hər münsiflə danışmışam ki, təzyiq varmı, kimisə tapşırırlarmı? Birinci il nazirlər, ikinci il deputatlar səviyyəsində tapşırıqlar varıydısa, bu dəfə olmadı. Buna bir tərəfdən sevinirəm, həyatım sakit oldu, o biri tərəfdən PR baxımdan sakit keçdi.

Pərviz Cəbrayıl
Pərviz Cəbrayıl


"HƏR KƏS ÖZÜNƏ CAVABDEHDİR"

C.Zeynallı:

- Münsiflərdən əsərləri oxumayanların olduğu deyilir.

Pərviz Cəbrayıl:

- Hər kəs özünə cavabdehdir. Mən öz payıma düşən işi görüb əsərləri oxumuşam, bal vermişəm və işimi vicdanla başa çatdırmışam. Mənim yüksək qiymət verdiyim əsərlərdən təkcə Zakir Sadatlının əsəri birinci yer tutdu. İkinci və üçüncü yerdə gördüyüm əsərlərsə yer tutmadı. Düzü, çox təəssüfləndim. Ancaq münsiflərin ballarını toplayanda nəticə belə alınıbsa, mən nə deyə bilərəm. İkinci yerə Azad Qaradərəlini layiq görmüşdüm, verdiyim bal ona hesablanmışdı. O hətta üçüncü yeri də tutmadı. Üçüncü yerə bir neçə namizədim vardı: Qan Turalı, Zahid Sarıtorpaq, Vahid Qazi, Sayman Aruz... Ancaq təəssüf ki, onlar da qıraqda qaldılar. Üçüncü yeri Malik Dursunov tutdu. Ona 5 bal vermişdim. Onun üçüncü yer tutmasına təəccüblənmirəm. Çünki əsər müəyyən yerə qədər son dərəcə maraqlı gəlirdi. Ondan sonra o roman yox, hadisələr yığnağı idi. Amma ikinci yer təsadüfi bir şeydir. Mən bunun tapşırıqla olmasına inanmıram. Rəşad bəyin özünəməxsus metodu var. Qiymətləndirmənin son mərhələsində, münsiflər ballarını göndərməyə başlayanda o, müsahibə verir, favoritlərini açıqlayır, ən sevmədiyi, zəhləsi gedən romanın adını çəkir. Sanki bir növ mesaj ötürür. Mən bilmirəm onun orda nə qədər dostu-tanışı var. Demirəm hamısına bir-bir zəng edib tapşırır. Hərçənd hər şey mümkündür. Maraqlı odur ki, ötən dəfə də, indi də Rəşad bəyin sevmədiyi əsər birinci oldu. Təəccübləndiyim odur ki, niyə Rəşad bəyə elə gəlir, o üç yerin üçünü də onun favorit saydığı əsərlər tutmalıdır? Sən balları verdin, amma sonradan bunu üsyana çevirmək ki, filankəs birinci olmalıydı, filankəs ikinci... Bu, düz yanaşma deyil.

C.Zeynallı:

- Nigar xanım, Pərviz bəy dedi ki, hər dəfə Rəşad Məcid son mərhələdə favoritlərinin adını açıqlayır. Bu, ümumi mexanizmə zidd deyil?

N.Köçərli:

- Çətin sualdır. Bu, bir tərəfdən təzyiq formasıdır. Mən də Rəşad bəyə dedim ki, tələskənlik edir, bu cür münasibət bildirməsi yaxşı deyil. Eyni zamanda, münsif kimi buna haqqı var, əsəri oxuyur və öz rəyini bildirir. Məncə, bu normaldır. Bir şeyi də nəzər alın, münsiflərin arasında çox güclü, nüfuzlu insanlar var. İnanmıram ki, onlara belə təsir etmək olar. Mən münsiflər arasında tapşırıq oyunları başlayan kimi dərhal zəng vururdum. Münsiflər balları açıqlayanda isə bir-bir əsaslandırmalarını istədim. Hətta ballar açıqlananda gördüm ki, Rəşad bəyin tərəfində olan ballar hədsiz güclüdür.

Sayman Aruz
Sayman Aruz


Z.Sarıtorpaq:

- Pərviz bəylə razıyam ki, müsabiqə başa çatmamış münsif fikrini açıqlamamalıdır. Bu, anormal haldır. Müsabiqə başa çatandan sonra danışa bilərdi. Sözsüz, o kimlərəsə mesaj ötürürdü ki, onsuz da romanları oxumayacaqsız, mənim istədiyim filan əsərlər güclüdür, filan əsər zəifdir, qiymətləndirmədə də bunu nəzərə alın. Həmin müsahibəni oxuyan hər kəs bunu bilir.

N.Köçərli:

- Bağışlayın, Rəşad Məcid birinci il deyil belə müsahibə verir. Amma bununla belə, ötən dəfə Pərviz birinci oldu. Bu, normaldır.

Z.Sarıtorpaq:

- Bu, normal deyil.

“BƏZİ BALLAR HƏTTA MƏNİ ŞOKA SALIB... PƏRVİN XANIMLA BAĞLI ŞOK BALLAR VARDI”

C.Zeynallı:

- Pərviz bəy, siz üçlüklə bağlı fikirlərinizi açıqladınız. Sizcə, ikinci və üçüncü yerə daha çox kim layiq idi?

P.Cəbrayıl:

- Zakir Sadatlının əsəri olmasaydı mən Azad Qaradərəlinin əsərini bəlkə də birinci qoyardım. Üçüncü yerdə gördüyüm əsərlərdən biri o birindən nədəsə güclüdür, nədəsə zəifdir. Hətta Azadın əsəri olmasaydı, hər biri ikinci də ola bilərdi. Müsabiqədən öncə dostum Zakir rəhmətliklə danışmışdım. Mən ona demişdim ki, ola bilsin onluğa səninkindən üstün əsər düşsün, onda məndən incimə. Hətta Əkrəm Əylisli kimi ustad yazıçı da ona 10 bal vermişdi. Məncə, hər bir münsif də vicdanla ona verilən bütün əsərləri oxumalıdır.

Cavid Zeynallı
Cavid Zeynallı


C.Zeynallı:

- Belə fikirlər səsləndi ki, Zakir Sadatlıya bu mükafat ailəsinə yardım məqsədilə verilib.

P.Cəbrayıl:

- Çox təhqiramiz fikirdir, onu deyənlərin vicdanı yoxdur.

N.Köçərli:

- Bu, düz yanaşma deyil. Biz mükafatı ona görə verməmişik ki, o, rəhmətə gedib. Sadəcə, güclü əsər idi. Bu cür sözlər Zakir Sadatlıya hörmətsizlikdir... Ballar bir həftəyə açıqlanmalıdır. Bəzi ballar hətta məni şoka salıb. Münsiflərlə danışdım ki, necə oldu filankəsə bu qədər bal verdiz? O cümlədən Pərvin xanımla bağlı şok ballar vardı. Gələn həftə görəcəksiz. Amma məncə, bu il ədalətli qiymətləndirmə gedib. Malik Dursunovu çox bəyənənlər olub. Və ya Pərvin haqda yüksək fikirlər deyənlər olub. Burda elə münsiflər var ki, Rəşad Məcid onlara təzyiq edə bilməzdi. Rəşad Məcidlə bağlı “boz kardinal” obrazını uydurublar.

"RƏŞAD MƏCİD KİMİ ADAM ƏSƏRİMİ BƏYƏNMƏDİYİ ÜÇÜN SEVİNDİM"

Azad Qaradərəli:

- MKM-n ekspertləri demişdilər ki, mənə yüksək bal veriblər. Hətta məni birinci yerdə gördüklərini də demişdilər. İş belə gətirdi ki, bizim dostumuz Zakir Sadatlı birinci yerə layiq görüldü. Onun qızı mükafatı alarkən göz yaşlarına bələnəndə həm çox sevindim, həm də kədərləndim. Ömrünün axırında da olsa da, Zakir ədəbiyyata gəldi, Zakir istedadlı idi, amma yazmırdı. Elə bil sonda ölüm tələsdirdi onu və yazdırdı. Mən nəyə təəssüfləndim. Əslində, mən susacaqdım, bu söhbətlərə qarışmayacaqdım. Ancaq Pərviz bəyin açıqlamasından sonra ürəkləndim. MKM-i idarə edənlərdən biri, ən azı iki yerdən biri onun dediyi olmasa dünyanı dağıdan, həmişə çömçəsini qarışdıran, ədəbi zövqü olmayan Rəşad Məcid kimi adam mənim əsərimi bəyənmədiyinə görə sevindim. Çox təəssüflənirəm ki, bizim gözləntilərimiz 50 faiz də olsa özünü doğrultmur, belə başa düşdüm ki, Nigar xanımın özünə də təsir edilir, MKM-i o idarə etmir. Buna görə də MKM-i boykot etdim. Düzü, mənə üçüncü yeri versəydilər qəbul etməzdim. Mən ikinciyə yox, birinci yerə iddialıydım. Nə yazdığımı yaxşı bilirəm. Amma Zakir bəy birinci yerə çıxdığı üçün ikinci yerə də qane olardım. Bu fikirdəyəm ki, biz ədəbi müsabiqə keçirmək qabiliyyətinə malik deyilik. Ona görə də bütün müsabiqələri boykot edirəm.

N.Köçərli:

- Tamamilə doğru fikirdir ki, MKM-i Nigar Köçərli idarə etmir. Mənim işim bu mükafatı təsis etmək və təşkilatçılıqdır. Mənim simpatiyam və ya antipatiyam heç nəyi həll etmir.

MALİK DURSUNOV: “MƏNİM DAYIM “QARA DAYI”DIR”

Malik Dursunov:

- Mən onluğa düşəndə Bakıdakı dostlarım zəng vururdular ki, özünü tez çatdır Bakıya, bura Azərbaycandır, adam tapaq, dayı tapaq, tapşırdaq. Mən dedim ki, mənim orda dayım var: “Qara dayı”. İddiam əlbəttə çox idi. Özümü lap birinci yerdə də görürdüm. Mənə fəxrdir ki, Cəmil Həsənli müsabiqədən sonra “Sizin əsəriniz son onillikdə yazılan ən gözəl əsərlərdəndir” dedi. Rəşad bəy müsahibəsində məni tərifləsə də, rusdilli əsərin yer tutmamalı olması haqda mənfi fikirlər dedi və bu da nəticələrə öz təsirini göstərdi. Amma ümumən razıyam. Sadəcə, mükafatı alanda Nigar xanıma dedim ki, mənim yolpulum çıxmadı. Bu zarafatıydı. Yenə deyirəm, birinci yerə iddiam vardı. Əsərimin səviyyəsini bilirəm.

Sayman Aruz:

- MKM internet səsvermə keçirirdi. Zakir rəhmətlik 253 səslə birinci yerdəydi, mən 183 səslə ikinciydim, Pərvin Nurəliyeva üçüncü və Azad Qaradərəli dördüncüydü. Mənim narazılığım da burdan başlandı. Sonradan internet səsvermənin nəticələrində mən altıncı göstərdilər. Axı bu qədər saxtakarlıq olmaz. Onda narahat oldum.

N.Köçərli:

- Siz məni təhqir edirsiz, mənə saxtakar deyirsiz. Səsvermə Facebook-da göz qabağında keçirilib. Orda necə saxtakarlıq ola bilərdi?

S.Aruz:

- Mən sizi təhqir etmək istəmirəm.

N.Köçərli:

- Mən cavab vermək istəmirəm.

Sayman Aruz və başqa iştirakçıların fikirləri daha ətraflı burda
XS
SM
MD
LG