Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 04:49

AYB-nin üzvü olmaq niyə ayıb sayılmalıdır?


Rövşən Yerfi
Rövşən Yerfi
-

AYB-ə üzv olmaq mənasız işdirsə, o halda niyə onu pisləyənlərin böyük əksəriyyəti vaxtilə üzv olublar?

İnanıram ki, əgər təşkilatda şərait dəyişərsə, bu gün üzvlükdən imtina edənlərin çoxu sözünü dəyişəcək, üzvlükdə qaldıqlarını, zamanında emosiyaya qapıldıqlarını bildirəcəklər.



Mövqe


Rövşən Yerfi


AYB-NİN ÜZVÜ OLMAQ NİYƏ AYIB SAYILMALIDIR?

Son vaxtlar Azərbaycan Yazıçılar Birliyi ətrafında gedən, bitib tükənməyən söz –söhbətlər məni də bir həmkar kimi öz münasibətimi bildirməyə vadar edir.

Yeddi ildən artıqdır ki, mən də bu təşkilata üzvəm. Ötən qurultayadək üzv olma bir-neçə təqdimat əsasında baş verdiyi üçün uzun illər buna görə kimlərəsə xahiş etmək (və ya bəziləri kimi “qonaqlıq” vermək) istəməmişəm.

Nə yaxşı ki, həmin qayda son qurultaydan sonra ləğv edildi, üzvlük məsələsi gizli komissiyaya tapşırıldı, daha kiməsə üz vurmağa ehtiyac qalmadı. Həmin köhnə qaydanın ucbatındandır ki, 90-cı illərdə üzvlərin sayı beş dəfə artdı. AYB rəhbərliyi bu gün o gülüncləşmiş, kor-koranə qəbullarının cəzasını çəkir.

Bir illik gözləmədən, yoxlanışdan sonra Birliyə qəbul olunmağımı xəbər verdilər.. Üzv olmağım nəyə gərək idi? Gəlin etiraf edək ki, AYB ətrafında Sovetdən qalma “mif” indiyədək davam edir. Hələ də Birliyə üzv olmaq cəmiyyətdə bir dəyər, norma kimi qarşılanır (təəssüf ki, son iki-üç ildə bu dəyər sanki, məqsədli şəkildə gözdən salınır).

Bu səbəbdən də hazırda minə qədər əlində qələm tutan vətəndaşımız var ki, AYB üzvü olmaqdan ötrü ümidlə ərizəsinə baxılmasını gözləyir. AYB-ə üzv olmaq mənasız işdirsə, o halda niyə onu pisləyənlərin böyük əksəriyyəti vaxtilə üzv olublar? İnanıram ki, əgər təşkilatda şərait dəyişərsə, bu gün üzvlükdən imtina edənlərin çoxu sözünü dəyişəcək, üzvlükdə qaldıqlarını, zamanında emosiyaya qapıldıqlarını bildirəcəklər.

Elə görünməsin ki, mən AYB-nin fəaliyyətini təqdir edirəm, dəstəkləyirəm. Tutulan iradlarla, göstərilən nöqsanlarla mən də razıyam. Təşkilatın işi çoxdandır ki, yenidən qurulmalıdır, ora maddi təminat marağında olanlar yox, ədəbiyyat cəfakeşləri, yalnız peşəkarlar üzv seçilməlidirlər. Amma etirazları şou səviyyəsinə qaldırılmasının da əleyhinəyəm.

Unutmamalıyıq ki, özümüzdən böyükləri sürəkli şəkildə ələ salmaqla, qınaq obyektinə çevirməklə ictimaiyyət içərisində özümüzü, yazıçı nüfuzunu hörmətsiz etmiş oluruq.

Düzünü deyim ki, bu gün opponentlik edənlərin səmimiyyətinə, əgər iş başına gələrlərsə nəyisə dəyişəcəklərinə inamım yoxdur. Keçən iyirmi il ərzində dəfələrlə əvvəlcə tənqid edən, istəklərinə çatandan sonra jurnallarda, saytlarda ətrafına öz dəstəsini yığanları, əvvəlkilərdən heç nə ilə fərqlənməyənləri çox görmüşük. Əslində dava ədəbiyyat yox, mövqe - “yorğan” - davasıdır. Getməlilər göstəriş olmayınca getmək istəmirlər, gözləyənlərin də yaşları artdıqca səbrləri daralır... Həqiqi ədəbiyyat yaradanlar isə adətən belə proseslərdən kənardadırlar. Siz nə vaxtsa Elxan Elatlının, ya da Varisin AYB-dən şikayətlənməsinin şahidi olmusunuzmu?

“Özünə hörmət edən yazar AYB üzvülüyündə qalmamalıdır”. Etirazlarda rast gəldiyim bu fikri mən doğru hesab etmirəm. AYB üzvü olmaq niyə ayıb sayılmalıdır? Axı AYB yaradıcılıq təşkilatıdır, siyasi partiya deyil, istefa verəsən, istəyəndə yenə qayıdasan. Sənətini sevənlər, şərəfini uca tutanlar isə onu dövrə qurban verməyirlər. Hesab edilirsə xeyirsiz təşkilatdır, ziyanı da yoxdur. Laqeydlik, diqqətsizlik var, ancaq burada kimsəyə təzyiq, təhdid də edilmir.

Əsərlərindən çox “ədəbi şoularla” tanınmışların imzalarını özümün də şou iştirakçısına dönəcəyimdən ehtiyatlanıb qeyd etməyə ehtiyac duymuram. Üstəlik deyəcəklər ki, guya adlarını çəkməklə onların vasitəsilə məşhurlaşmaq niyyətindəyəm.

AYB heç də bir-neçə nəfər demək deyil. Şübhəsiz, hər bir dövranın sonu var. Kimlərsə gələcək, gedəcək, amma mən əminəm ki, Azərbaycan ədəbiyyatı durduqca onu təmsil edən Birlik bu və ya başqa şəkildə mövcudluğunu davam etdirəcəkdir (İçimizdəki mənəm-mənəmlik nə vaxtsa imkan verməyəcək ki, ona alternativ bir qurum yaransın.). Sadəcə bizdə bir çox problemlərin həllində olduğu sayaq, görünür orada da yenilənmənin istəsək də, istəməsək də zamana ehtiyacı var. Gözləmək lazımdır, bəli biz dözümlü xalqın yazıçılarıyıq...


Məqalədəki fikirlər müəllifin şəxsi mülahizələridir.
XS
SM
MD
LG