Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 22:01

Namizədlərin 8-ci teledebatı


Arxa küçələrdə teledebat sorağı
Gözlə

No media source currently available

0:00 0:05:42 0:00

Arxa küçələrdə teledebat sorağı

-


Oktyabrın 3-də İctimai Televiziyada prezidentliyə namizədlərin sayca ödənişsiz 8-ci dəyirmi masası keçirilib. Bu dəfə də namizədlərin çıxışları ittihamlarsız ötüşməyib.

YAP-ın prezidentliyə namizədi İlham Əliyevin səlahiyyətli nümayəndəsi Siyavuş Novruzov: «YAP 1800-dən artıq görüş keçirib, 18 gün arxada qalıb. Burda bəzi namizədlər təşviqata ayrılan vaxtın az olmasından danışır. Amma Milli Şuranın namizədi 8 görüş keçirib. Bunu «görüş» yox, «Cəmil Həsənli gecəsi» adlandırmaq olar. Yəqin, bunlar Yazıçılar Birliyi əvəzinə MSK-ya müraciət ediblər. Cəmil Həsənli Qarabağın azad olunması ilə bağlı konsepsiya irəli sürməyib. Məyər şer deməklə Qarabağı azad etmək olar».

İqbal Ağazadə: «Azərbaycan ərazilərinin azad olunması üçün daha neçə illər yox, yeni nəfəs lazımdır. Doğmalarınızın qəbrini ziyarət etmək istəyirsinizsə, bizə səs verin. Azərbaycan bayrağının Xankəndində dalğalanmasını istəyirsinizsə, bu hakimiyyətə yox deməli, yeni hakimiyyətə səs verməlisiniz. Səs verin ki, bu hakimiyyətin edə bilmədiyini edə bilək». (İqbal Ağazadə ona ayrılan vaxtı bir dəfəyə danışdıqdan sonra dəyirmi masanı tərk edib).

İlyas İsmayılovun səlahiyyətli nümayəndəsi Mais Gülalıyev: «Bu gün sizə nə maaş artımından, nə də meyvə-tərəvəzin bazara çıxarılması yollarından danışacağıq. Ona görə yox ki, bunlar lazım deyil. Lazımdır, sadəcə, bu, ölkədə böyük iqtisadi islahatlar aparmaqla mümkündür. Azərbaycanın iqtisadi potensialının arxasında real iqtisadiyyat yox, neft dayanır. Manatı dollar əsarətindən xilas etmək lazımdır. Hanı İran şahının, Səddamın, Qəddafinin pulları? Biz Azərbaycan iqtisadiyyatını Qərbin bəlasından xilas edəcəyik. Maaş və təqaüdlərin artırılması ilə vədlər vermək sadəcə riyakarlıqdır».

Hafiz Hacıyev: «Bu gün konsepsiyadan danışmağa dəyməz. Hakimiyyətimiz dövründə bizə qonşu dövlətlərdən 100 «Mercedes» avtobus verilmişdi. Onu İsa Qəmbərlə Əli Kərimli satdı, Fransada Qriqoryanla şərik hotel aldılar. İlyas İsmayılovun nümayəndəsi burda elə danışdı ki, nə bilim... O xalqı belə sevirsə, gəlsin dəyirmi masada özü çıxış etsin».

Fərəc Quliyev: «Bəzi namizədlər üstüörtülü İran və Rusiyameylli çıxışlar edirlər. Bu, bizi narahat edir. Düşünmürəm ki, bir vaxtlar Elçibəyin vahid namizədliyini qəbul etməyənlər Cəmil müəllimin vahid namizədliyini qəbul etsinlər. Bizi parlamentə getməkdə ittiham edənlərə deyim ki, Cəmil Həsənli iki dəfə parlamentdə təmsil olunub».

Araz Əlizadə: «Milli Şuranın tərəfdarları «Youtube»da, «Facebook»da mənim ünvanıma təhqirlər yağdırırlar. Hesab edirəm ki, o adamlar öz ana, bacılarına uyğun şeylər yazırlar. Deyirlər deputat mandatı satılır. Ay qardaş, ay qaragöz, de görüm sənə mandatı kim satıb və neçəyə almısan?...».

Qüdrət Həsənquliyev: «Bu seçki kampaniyasına qisas üçün qoşulanlar var. Onlar bir dəfə də sizə öz platformalarından danışmayıblar. Həmişə korrupsiyadan, pambığın qiymətindən və digər məsələlərdən danışırlar. Bu məsələlər Cəmil Həsənlinin dövründə də var idi. Cəmil Həsənli deyir ki, amnistiya verəcəm, amma amnistiya prezidentin yox, Milli Məclisin səlahiyyətindədir. Misirə baxın, orda hakimiyyət uğrunda qonşu qonşusunu öldürür. O xalqın yenidən ayaqüstə durması üçün illər lazımdır. Korrupsiyaya gəlincə, bu Amerikada da mövcuddur. Biz deyirik ki, qanunun aliliyini təmin etməklə rüşvətxorluğa və korrupsiyaya qarşı mübarizə aparmaq olar».

Zahid Oruc: «Fərəc Quliyev Milli Şuradan, onun xarici siyasət kursundan danışdı. Mən isə deyirəm ki, belə bir qurum yoxdur. Cəmil Həsənli, siz Heydər Əliyevin qurduğu ordu ilə vuruşa bilməyəcəksiniz. Sizin neft müqavilələrinə münasibətiniz necədir? Bunu bilmək istəyərdim. Siz bu müqavilələri ləğv edəcəksiniz? Bu, açıq şəkildə transmilli korporasiyalarla Azərbaycanın müharibəsi deməkdir. Siz bolşevikcəsinə deyirsiniz ki, varlıların əmlakını əlindən alıb kasıblara paylayacaqsınız. Siz deyirsiz 1 milyon iş yeri açacaqsınız. Bu qədər iş yerini açmaq üçün 50 milyard manat lazımdır. Bu pulu haradan tapacaqsınız?».

Siyavuş Novruzov: «Burda Kür daşqınlarından zərərçəkənlər mitinqə dəvət edilir. Mən Kürdən əziyyət çəkənlərə deyirəm - siz daşqından əziyyət çəkəndə, Cəmil Həsənli sizə bir kərpic verdimi? Onlardan biri sizin həyətinizdə gəlib işlədimi?».

Hafiz Hacıyev: «Ermənistanın « Haykakan Jamanak» saytı yazır ki, bizimkilər gəlir. Siz dövləti çevirmək istəyirsiniz. Bizi qıracaqsınız? Bunu bacarmazsınız. Avtobus məsələsindən danışın. Sabiq xarici işlər naziri Tofiq Qasımov uzaqda deyil, Türkiyədədir. Onu çağırın gəlsin, desin nə qədər pul oğurlamısınız».

Fərəc Quliyev: «Biz hakimiyyətə gələriksə, ABŞ və İsraillə açıq müstəvidə münasibətlər quracağıq. Türkiyə ilə yaxın münasibətimiz olacaq. Yaxın qonşularla düşmən mövqeyində olmayacağıq».

Sərdar Məmmədov (Cəlaloğlu): «Hərbi xidmətə gedən gənclərin əksəriyyəti qidalanmadan əziyyət çəkir. 10 il əvvəl Azərbaycanda SPİD-li gənc yox idisə, indi 18 yaşına çatmış 233 nəfərdə bu xəstəlik aşkar olunub. Təcili şəkildə yoxsulluğa, mənzilsizliyə qarşı mübarizə aparılmalıdır. Neft Şirkətinin vitse-prezidentlərindən birinin 200-ə yaxın mənzili var. Həmin mənzillərdən gələn kirayə pullarını yığmaqla məşğuldur».

Araz Əlizadə: «Milli Şuradakılar deyirlər ki, 10-a yaxın bank ailənin əlindədir. Bunların iqtisadiyyatdan başı çıxmır, dövləti idarə etmək istəyirlər. Lenin demişdi ki, hər aşpaz qadın dövləti idarə etməyi bacarmalıdır. Bunlar isə aşpaz qadınlardır, gəlirlər dövləti idarə etmək üçün».

Cəmil Həsənli: «Milyonlarla Azərbaycan ailəsi bu ekrandan təhqir olunur. Təəssüf edirəm ki, aparıcı da bu təhqirə yol verənlərin sözünü kəsmir. Bu təhqiri, şərəfsizliyi Azərbaycan siyasətinə İlham Əliyev gətirib. Bundan sonra o, bu ölkəyə rəhbərlik edə bilməz. Prezidentin borcudur öz vətəndaşlarını müdafiə eləsin, onları təhqir etdirməsin. Belə təhqirlərə görə o, hakimiyyətdən getməlidir. Burda mənə deyirlər sən nə etmisən? Mən sənin çəkin qədər Qarabağla bağlı Azərbaycan, rus və ingilis dilində kitablar yazmışam. YAP hakimiyyəti olaraq siz nə etmisiniz? Etdiyiniz talan və oğurluq olub. Mənə deyirsiniz kağız göstər. Buyurun, hörmətli prezidentin 2003-cü il yanvarın 14-də Vircin adalarında öz və ailə üzvlərinin adına açılmış hesabdır. Bankın nömrəsi də var, şirkətin adı da, pulun məbləği də. Bəs oğurluq necə olur? Mənə deyirlər ki, gərək Yazıçılar Birliyinə ərizə verim. Mən deyim ki, Yazıçılar Birliyinin üzvüyəm. Baxın, 48 milyardı ölkədən oğurlayıb aparırsınız, həkimə, müəllimə nə verirsiniz? Aktyor 120 manat maaş alır. Adam 120 manata heç öz rolunu oynaya bilməz. Məni Cəbhə və Müsavatla əlaqələndirirsiniz. Mənə imza verənlərin arasında 1500 nəfər YAP üzvü var». (Bu çıxışından sonra Cəmil Həsənli studiyanı tərk etdi).

Zahid Oruc: «Cəmil Həsənli deyir ki, bura İlham Əliyev gəlsin. Onu deyim ki, İlham Əliyev bu salona daxil olsa, birinci ona təzim edən Cəmil Həsənli olacaq».

Siyavuş Novruzov: «Bu ölkəyə şərəf və ləyaqəti Azərbaycana Heydər Əliyev gətirdi. Siz ləyaqətsiz bir dövlət qurub onun içərisində yaşamısınız. Cəmil Həsənli, bilirsən ki, onsuz da seçilməyəcəksən. Sən nə kitab yazmısan, sən alim olmamısan, sən qaraçı olmusan, seçkidən də sonra yenə də küçədə qalacaqsan».

Araz Əlizadə: «Deyirsən ki, Vircin adalarındakı bank hesabları. Sən heç bilirsən ki, heç bir bank bu hesabı açıqlamaz və o bank müflis olar?».
XS
SM
MD
LG