Keçid linkləri

2024, 21 Noyabr, Cümə axşamı, Bakı vaxtı 20:29

Yüz il bundan sonranın Camus-u


Fransa - Albert Camus (1913-1960) ölümündən 1 il qabaq, Parisdə qəzet oxuyur.
Fransa - Albert Camus (1913-1960) ölümündən 1 il qabaq, Parisdə qəzet oxuyur.
-

«Türkləşmək, islamlaşmaq, müasirləşmək» şüarı kimi, boz qurd simvolu kimi, Sizif obrazı da bir az bayağılaşdı...


Hüseynbala Səlimov


YÜZ İL BUNDAN SONRANIN CAMUS-U


İllər yubileylərə münasibəti də dəyişdi. İndi insanların daha çox sağlığında yubileyini keçirirlər.

Amma mənim haqqında çox qısaca danışmaq istədiyim adam qərblidir və doğrusu, heç bilmirəm, oralarda yubiley-filan olur, ya yox?

Qərəz, noyabrın 7-də fransız yazıçısı Albert Camus (Albert Kamyunun) anadan olmasının yüz ili tamam olur. Deməyəcəm ki, Camyu Əlcəzairdə, çox kasıb bir ailədə dünyaya göz açıb, Nobel mükafatı aldıqdan cəmi 3 il sonra avtomobil qəzasında həlak olub.

Bunlar yetərincə bəlli məsələdir. Bizdə yazıçıların haqqında onların əsərlərindən də çox bilmək bir dəbdir.

İndiki zamanda isə bu, tamamilə başqa bir forma alıb: bəli, istənilən adamın adını kompyuterə yazırsan, dərhal onun haqqında bütün məlumatlar sənin qarşında olur və bir anın içində dönüb olursan əsl intellektual.

Ona görə də bir az əvvəldə yazdığımız kimi avtobioqrafik detallara bir o qədər də fikir verməyəcəyik.

Sadəcə, çox qısa şəkildə bir suala cavab verməyə çalışacağıq: kim idi A. Kamyu? Yazıçı, dramaturq, filosof, moralist, yoxsa adidən də adi bir narahat insan?

QƏRBİN VİCDANI
Fransa - 5 yanvar 1960-cı il, Albert Camus-un öldüyü avtomobil qəzası, Yonne.
Fransa - 5 yanvar 1960-cı il, Albert Camus-un öldüyü avtomobil qəzası, Yonne.

Onda sadalanan elementlərin hamısı vardı. Amma o, ən azı özünü filosof və moralist hesab etmirdi. Hərçənd ki, çox adam heç olmasa onun qədər filosof olmağı özü üçün böyük xoşbəxtlik sayardı.

O, özünü heç moralist də hesab etmirdi. Amma onun Nobel mükafatına təqdimatında bir görün nə yazılıb? Orada yazılıb ki, insan əxlaqının əhəmiyyətini aşkar edən ədəbiyyata çox böyük töhfəsinə görə…

Burada da biz əxlaq sözünə rast gəlirik. Əslində bu mövzu yeni deyildi. Amma bizə elə gəlir ki, onu ədəbiyyata bütün dramatizmi ilə gətirən məhz Kamyu olmuşdu.

İnsanların şəxsiyyətləri ilə yaradıcılıqları arasında bəzən böyük təzad olur. Buna artıq alışmışıq, çünki nə F.Dostoyevski mələk deyildi, nə də ki, L.Tolstoy…

Amma A.Kamyunun həyatında da yüksək əxlaqa nümunə ola biləcək detallar tapmaq mümkündür. Bir vaxt o, UNESCO ilə əməkdaşlıq edirdi. Amma Frankonun başçılıq etdiyi İspaniya da bu təşkilata üzv olandan sonra Kamyu bu əməkdaşlığı dayandırdı.

Hər dəfə belə nümunələri dilə gətirəndə insanlar elə bil bir az da incik düşürlər. Onlar düşünürlər ki, Qərbdə əxlaqi addımlar atmaq üçün imkanlar daha böyükdür, çünki orada insanlar buradakı kimi çörəklə imtahana çəkilmirlər.
İsveç - Albert Camus Nobel mükafatını alarkən, 10 dekabr, 1957, Stokholm
İsveç - Albert Camus Nobel mükafatını alarkən, 10 dekabr, 1957, Stokholm

Kim bilir, bəlkə də belədir? Amma Qərbdəki insanların da həyatı birdən-birə cənnətə çevrilməyib. Bəlkə onlar elə özlərinin yüksək əxlaqi nümunələri ilə bu həyatı cənnətə çeviriblər?

Üstəlik, o da var ki, tox və firavan Qərbdə belə insanlar mənəvi iztirablar yaşayırlar. A.Kamyu da bu iztirablardan azad deyildi və onda elə bir M. İdendən (C.London) nəsə vardı.

Həyatda əsas işlər görülmüşdü, əsas məqsədlərə çatılmışdı və buna görə də A. Kamyu da mənəvi iztirablar keçirirdi, «Bundan sonra nə etməli?» sualı üzərində düşünürdü. Bu suala cavab isə avtomobil qəzası oldu…

HƏTTA QURTULUŞ OLMAYANDA

Azərbaycanlılara ən çox tanış olan təbii ki, A.Kamyunun «Sizif haqqında mif»idir. Bu əsərdən sitatları çox adam öz yazılarına epiqraf kimi götürüb.
Hətta bir ara ölkədəki siyasi və ictimai uğursuzluqları yozmaq üçün Sizifə müraciət edilirdi: çox adam bu qafiyədə özünü ölçdü. Kimi yazdıqlarının dərk olunmadığına görə, kimi müxalifəti birləşdirə bilmədiyinə görə özünü lap Sizifin rolunda görürdü.

Təbii ki, yersiz bənzətmələr əsərin və obrazın bir qədər ucuzlaşmasına gətirib çıxardı: «türkləşmək, islamlaşmaq, müasirləşmək» şüarı kimi, boz qurd simvolu kimi, Sizif obrazı da bir az bayağılaşdı.

Amma bu, A.Kamyunun günahı deyil. Üstəlik, onu da qeyd edək ki, çox az adam bu esseni diqqətlə və axıra qədər oxuyub. Məsələnin bu tərəfi də var, onu da qeyd etməliyik.
Fransa -- Albert Camus-un məzarı, 2009
Fransa -- Albert Camus-un məzarı, 2009

Amma ümidsiz mübarizə, hətta qurtuluş olmayanda belə sınmamaq, əyilməmək və əzmlə sonsuzluğa qədər mübarizə aparmaq haqqındakı bu əfsanənin dəyəri həmişə qalacaq. İnsanlar onu dönə-dönə oxuyacaq və başqalarına oxumaq üçün məsləhət görəcək.

Ona görə ki, hamı öz həyatında bir absurd teatrı yaşayır: həyatın ümumi mənasızlığı fonunda öz həyatının mənasını axtarmaq absurdunu yaşayır hamı.

Hər bir insan taleyi bu paradoksu, absurdu dəf etməyə çalışır. Alınırmı? Bilmirəm.
XS
SM
MD
LG