Keçid linkləri

2024, 23 Noyabr, şənbə, Bakı vaxtı 06:55

Vilnüsdə «Şərq tərəfdaşlığı» sammiti başladı


Vilnüsdə Sərgi və Konfrans Mərkəzi Şərq Tərəfdaşlığı ölkələrinin sammitinə hazırlanır
Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
-
Vilnüs keçirilən «Şərq Tərəfdaşlığı» sammiti davam edir.
Sammitin ikinci günü dövlət başçılarının görüşü və bir sıra sənədlərin imzalanması nəzərdə tutulur.

***
Noyabrın 28-də Vilnüsdə vətəndaş cəmiyyəti fəallarının konfransında iştirak edən azərbaycanlı fəallar müxtəlif ölkələrin nümayəndə heyətləri ilə görüşüblər. Görüşlərdə Azərbaycanla bağlı hazırladıqları xüsusi hesabat – Azərbaycanın Şərq Tərəfdaşlığı Çərçivəsində gördükləri işlər haqda məlumat verilib.

Reportyorların Azadlığı və Təhlükəsizliyi İnstitutunun (RATİ) direktoru Emin Hüseynov Azadlıq Radiosuna deyir:

“iştirakçılara suallar ünvanladıq ki, niyə Azərbaycan barədə daha az, amma Belarusdan daha çox danışırsınız? Hərçənd bu gün Azərbaycanda 100-dən artıq siyasi məhbus var, Belarusda isə 9 siyasi məhbus var. Polemikaların birində Azərbaycan vətəndaş cəmiyyətinə dəstək olan bir çox yüksək rütbəli diplomatlar – o cümlədən Avropa komissarı Stefan Fuele, İsveçin xarici işlər naziri Carl Bildt öz dəstəklərin verdilər. Dedilər ki, həmişə Azərbaycanın yanında olacaqlar, vətəndaş cəmiyyətinin demokratik inkişafına kömək edəcəklər.

Polşa xarici işlər naziri Radoslav Sikorskinin replikası isə bizi çox təəssüfləndirdi. Bizim niyə Azərbaycana diqqət azdır, Belarusa çox sualımızla bağlı dedi ki, Belarus 100 faizlik Avropa ölkəsidir, amma Azərbaycanda hələ bilmirlər ki, avropalıdırlar, yoxsa, yox”.

Emin Hüseynovun verdiyi məlumata görə, İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Qubad İbadoğlu sammitdə iştirak etmək üçün vətəndaş cəmiyyəti milli platformasının üzvü Anar Məmmədlinin ölkədən buraxılmadığından danışıb.

Qubad İbadoğlu Azərbaycandan xaricə buraxılmayan Anar Məmmədli üçün sammit təşkilatçılarının hazırladığı qeydiyyat vəsiqəsini öz boynuna keçirərək tədbir iştirakçılarını onun işi ilə bağlı məlumatlandırıb:
Qubad İbadoğlu
Qubad İbadoğlu

“Avropadan olan bir çox qeyri-hökumət təşkilatlarının rəhbərləri Anar Məmmədliyə dəstək verdilər. Rəsmi ilk paneldə isə İlqar Məmmədovun işi haqqında danışıldı. Həbsdə olan jurnalistlər, sərbəst toplaşma azadlığı barədə diskussiyalar aparıldı. Hesab edirik ki, Azərbaycana kifayət qədər diqqət cəlb edə bilmişik”.

Oktyabrın 31-də Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsinin əməkdaşları Anar Məmmədlinin rəhbərlik etdiyi Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzində axtarış aparıb. Külli miqdarda vergidən yayınma, vəzifə səlahiyyətlərindən sui-istifadə, və qanunsuz sahibkarlıq fəaliyyəti ilə məşğul olmaqla bağlı mərkəzə cinayət işi qaldırılıb.

Noyabrın 25-də isə Mərkəzin rəhbəri Anar Məmmədli və qurumun rəhbərliyində olanlardan daha iki nəfərinə başqa ölkələrə getməmələri barədə xəbərdarlıq edilib. Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İstintaq İdarəsi onların şahid kimi istintaqa cəlb edildikləri üçün xaricə çıxmalarına qadağa qoyulduğunu deyirlər.

Seçkilərin Monitorinqi və Demokratiyanın Tədrisi Mərkəzi son bir neçə seçkidə - o cümlədən sonuncu prezident seçkisində ciddi qanun pozuntuları barədə hesabat hazırlayıb. Anar Məmmədli təşkilatına qarşı bu cinayət işini də siyasi motivli təzyiq adlandırır.

***

VÜQAR BAYRAMOV «FACEBOOK»DA VİLNÜS SAMMİTİNDƏN YAZIR

İqtisadi və Sosial İnkişaf Mərkəzinin hazırda Litva paytaxtında olan rəhbəri Vüqar Bayramov qeyd edir ki, noyabrın 29-da Azərbaycanla Avropa Birliyi arasında viza sadələşdirilməsi və readmissiya anlaşması imzalanacaq.

«Bu anlaşma Azərbaycan vətəndaşlarına Şengen vizasını daha sadə şərtlərlə almaq imkanı verəcək. Eyni zamanda viza haqları 60 avrodan 30 avroyadək endiriləcək. Sənədlərin və vizanın verilməsi üçün tələb edilən günlərin sayında da azalma olacaq. Azərbaycan vətəndaşları bu anlaşmadan sonra 5 ilədək Şengen vizası almaq hüququna malik olacaq. Müəyyən kateqoriya, o cümlədən dövlət qulluqçuları üçün Avropaya vizasız səyahət imkanları veriləcək».

DEMOKRATİKLƏŞMƏK İSTƏYƏNLƏRƏ KÖMƏK

Vilnüsdə vətəndaş cəmiyyəti konfransında İsveçin xarici işlər naziri Carl Bildt deyib:

«Biz «Şərq Tərəfdaşlığı»nın nə olduğunu və nə olmadığını anlamalıyıq. Bu, bəzilərinin düşündüyü kimi bazar deyil ki, milyardlarla qiyməti olan malını çıxardasan və alıcı gözləyəsən. Bu, heç vaxt məqsəd olmayıb. Bu, demokratikləşmə, öz iqtisadiyyatını və cəmiyyətini müasirləşdirmək istəyənlərə kömək cəhdidir».

UKRAYNANI BU FİKRİNDƏN MOSKVA DAŞINDIRIB

Avropa Birliyinin Genişlənmə komissarı Stefan Fuele Ukraynanın qərarından təəssüfləndiyini bildirib. O bunu Vilnüsdə Avropa Birliyinin «Şərq Tərəfdaşlığı» Sammiti ərəfəsi vətəndaş cəmiyyəti fəallarının konfransında deyib:

«Mən bu qərara təəssüflənirəm. Bu, Ukraynada indiki mənfi təmayülü dəyişməyə, ölkəyə birbaşa xarici investisiyalar gətirməyə unikal imkan idi».

Ancaq Fuele deyib ki, Ukrayna hazır olan kimi Avropa Birliyi də assosiasiya sazişini imzalamağa hazırdır.

Avropa Parlamentinin keçmiş sədri Pat Cox isə deyib ki, Ukraynaya Moskva təzyiq edib:

«Son aylar Rusiya tərəfdən Ukraynanın cənubundakı və şərqindəki müəssisələrə hədəfli və geniş təzyiqləri görmək mənə qəribə gəlir. Azad ölkə öz müstəqilliyindən və suverenliyindən istifadə etməkdə azad deyil. Bu, indiki Avropada yolverilməzdir».

Noyabrın 28-də başlanan 2 günlük Vilnüs sammitində «Şərq Tərəfdaşlığı»na daxil olan 6 ölkə - Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova və Belarus Avropa Birliyi ilə ümumi bəyannamə imzalamalıdır. Bəyannamə bu tərəfdaşlığın əhəmiyyətini qeyd edəcək.

Tərəfdaşlıq proqramı isə bu 6 dövlətlə Avropa Birliyi arasında assosiasiya və azad ticarət sazişləri ilə daha sıx inteqrasiyanı nəzərdə tutur.

Ancaq bu inteqrasiya üçün həmin 6 dövlət müəyyən şərtlərə cavab verməlidir.

ŞƏRTLƏR HANSILARDIR?

Avropa Birliyinə yaxınlaşmaq istəyən bu 6 dövlətin hər biri korrupsiya və cinayətkarlıqla mübarizə aparmalı, özlərinin hüquq, ədliyyə və iqtisadi sistemlərini Avropa normaları səviyyəsinə çatdırmalıdırlar.

Sammit ərəfəsi Ukrayna elan etdi ki, assosiasiya sazişini imzalamağı təxirə salır. Bu, Vilnüs sammitinə olan böyük ümidlərdə ilk geriləmə oldu. Çünki ilk belə sazişin məhz Ukrayna ilə imzalanacağı gözlənilirdi.

Sammitdə Gürcüstan və Moldova isə ilkin formada assosiasiya razılaşmalarını imzalamağa hazırdırlar. Yekun variant isə gələcəkdə imzalana bilər.

Ermənistan da assosiasiya sazişini imzalamağa doğru gedirdi, ancaq sentyabrda bu yolundan geri döndü və elan etdi ki, Rusiyanın Gömrük İttifaqına qoşulacaq. Ermənistanın Gömrük İttifaqına qoşulmağı onun Avropa Birliyi ilə azad ticarət sazişinə və assosiasiya sazişinə yolunu bağlayır.

Sammitdə Azərbaycan Avropa Birliyi ilə yalnız viza sazişini imzalaya bilər. Bu saziş imzalansa, Azərbaycan vətəndaşlarının Avropa Birliyi ölkələrinə viza alması daha yüngül və tez olacaq.

Azad ticarət sazişini isə Azərbaycan hələ imzalaya bilməz, çünki bunun üçün Azərbaycan Dünya Ticarət təşkilatının üzvü olmalıdır.
XS
SM
MD
LG