Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 22:06

Onu su pərisi sevirdi (Seçmə şeirlərdən)


Əli Şirin Şükürlü
Əli Şirin Şükürlü
-

Axır həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur.


Əli Şirin Şükürlü


onu su pərisi sevirdi

o
çox güclü adam idi.

məhv edə bilmirdi onu
nə ağır xəstəlik, nə xəyanət, nə də
tez-tez qarşılaşdığı biganəlik.
harda, nədə məhv olmurdusa, elə o an, orada
yeni uğur çıxırdı qarşısına gözlənilmədən. sığallayıb
uğurun başını, təbəssümlə ötüb gedirdi yanından.

o
çox güclü adam idi. məhv edə bilmirdi onu
yaşadığı cürbəcür bədbəxtlik – tez-tez rastına çıxan.
qırılsa da içindən
təbəssümlə yola salır xəstəliyi, xəyanəti, biganəliyi,
gülə-gülə keçirdi hər dəfə yanından səadətin:
“xoşbəxtlik – astar üzüdür bədbəxtliyin”.

bir dəfə
dəlicəsinə sevdalandı. sevdi su pərisini. əvvəlcə
su pərisi vurulmuşdu ona doğrusu; özü tapmışdı onu
tez-tez üz aldığı dəniz sahilində. bir günsə ölümünə
sevdilər bir-birini dənizin qumlu sahilində. bu, ilk və son
sevgisi oldu su pərisinin. eynən ququşunun nəğməsi kimi.
qəfil peyda olduğu kimi qəfil də yox oldu dəryada.
“biz cəmi bir dəfə sevərik” – vida məktubunu
sahilə yollanan dalğalar pıçıltıyla çatdırırdı ona.

illərlə dayandı o, dəniz sahilində üzündə təbəssüm:
“əsl sevgi – ayrılıqmış, sən demə”.

o
çox güclü adam idi.
bir gün yenə də üzündə təbəssüm
uzanıb yerinə sakitcə yumdu gözlərini.
öldü. öldü gülümsəyə-gülümsəyə.
öldü həyatında cəmi bir dəfə. öldü…

oldu. olanlar oldu.
nə omalıydısa o da oldu.

indi arabir
dənizdən gözəl bir oğlan çıxıb gəlir
məzarının üstünə.
Dəniz adlı bu oğlan, deyirlər – oğludur
daim həyatın üzünə gülümsəyən adamın.

… - 25.10.2013



məyus qadın - yağışda sevdalanan

ax yağış, yağış...
nə deyim indi sənə;
bir zaman necə də sevərdim səni –
pəncərə önündə dayanıb düşünür qadın.

yığıb baxışları ilə yağışı özünə
ilk dəfə necə sevdalandığını salır yadına:

o gün qəfil başlamasaydı leysan yağış
yubanmayacaqdı sığındığı dayanacaqda.
cəmi bir dayanacaqlıq yol vardı mənzilinə və
xoşladığından piyada gedərdi o yolu daima.

o gün qəfil yağmasaydı yağış
rast gəlməzdi ona və gedib evinə
həmişə olduğu kimi
yaşayardı adi günlərdən birini bəlkə də.
bəlkə də adi yox, fərqli olardı o gün. sadəcə,
o olmazdı o günün içində və
yağışı sevərdi hələ də.

təsəvvür edək
o gün o saatda qəfil başlamır yağış;
qız piyada gedir evinə. amma
bir tanışa rast gəldiyindən yubanır yolda.
yubandığından üz-üzə gəlirlər və vurulur yenə
yağışdan gizləndiyi dayanacaqda
rast düşdüyü adama.

fərz edək
o gün o saatda qəfil başlamır yağış,
tanışa da rast gəlib yubanmır yolda,
sadəcə mağazaya dönür yolüstü və
yüngülcə kimsə toxunur çiyninə; beləcə,
vurulur yenə yağışdan gizləndiyi dayanacaqda
rastlaşdığı adama.

fərz edək o gün o saatda
qəfil başlamır yağış,
tanışa da rast gəlib yubanmır yolda
və yolüstü dönmür mağazaya,
nə baş verərdi onda? -

nəsə baş verərdi sözsüz, nəsə baş verərdi
ya yolda, ya da evdə. əsas nə olacaqdısa
olardı o da.

o gün o saatda
qəfil başlamasaydı yağış
indi bir fərq ola bilərdi sadəcə;
pəncərə önündə dayanan qadın
yağışı sevərdi hələ də.

... – 07.11.2013



çiçəkləri sevirdi Sevda

o gözəl, yaraşıqlı qadın
gülləri, çiçəkləri sevərdi gəncliyindən.
hər yerdə gül-çiçək axtaradı baxışları.

mənzilini, eyvanı
gül, çiçək bəzəyirdi
müxtəlif adda, cürbəcür biçimdə.

beləcə sevə-sevə gülləri, çiçəkləri
illəri saldı yola o gözəl, o yaraşıqlı qız.
gülləri, çiçəkləri sevə-sevə
zamanı hopdurdu canına.

və zamana bürünmüş gül-çiçək topaları içində
sevdi həm də birini. sevdi, deyəsən, elə bir dəfə.

bir gün zəng gəldi ona. əvvəl tanımasa da
sonra düşündü çaşqınlıq içində:
“ilahi, qocalarmış səs də”.

bir dəstə gül gətirmişdi o, qadına –
bir vaxtlar gözəl, yaraşıqlı qıza. bir dəstə gül;
rəngbərəng, cürbəcür. “heç dəyişməmisən” –
baxdı günahkarcasına.
“necə gözəl idi bir zamanlar” –
ani fikirdən qüssələndi bildirməsə də.

“ağ saçlar nə yaman yaraşır sənə” –
çöhrəsində təbəssüm söykəyib əlini çənəsinə
(adətən qadınlar belə edər illərdən sonra)
xeyli baxdı illərdi sevdiyi Zaman kişinin gözlərinə.

bir dəstə bağlayıb Sevda
güllərdən, çiçəklərdən – evində bəslədiyi,
uzatdı vidalaşarkən yenidən qürbətə üz alan
sevdiyi yaşlı adama: ” bağışlayarsan kimə istəsən”.

neçə gün tamaş elədi Sevda
güldanda solan güllərə. baxdı gah kədərlə,
gah da sevinə-sevinə.

o necə də gözəl idi,
necə də sevirdim onu dəlicəsinə -
yox olan gözəlliyə sarsılan Zaman
əsəbi ayırıb çiçəkləri bir-bir dəstədən
bağışlayırdı şəhəri var-gəl eləyən küləyə.

... – 31.10.2013
XS
SM
MD
LG