Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 08:43

Öləndə də ayağımızdan ölürük... (Seçmə şeirlərdən)


Qalib Şəfahət
Qalib Şəfahət
-

Bu şeirlər son həftələrdə "Oxu zalı"na göndərilmiş əsərlər arasından seçilərək çap olunur. Əsərlər Münsifə imzası göstərilmədən göndərilib.


Qalib Şəfahət


AYAQYALIN

Ayaqların üstə yeriyirsən,
Baldırların açıq qalsa da..
Cılpaq meşələr kimi.
Baldırların üstəki pal-paltarı,
Yolub tökmüsən yenə,
Baldırların görünsün deyə...
Darananda ayağını dara,
Ayağını bəzə,
Açıq saxla,
görünsün gözə.
Ayaqların susqun,
Ayaqların yorğun olmasın.
Göz görəni görə bilirik,
ağıl kəsəni görmürük hələ.
Ayaqlar düşünür
Başlar düşünmür ki, daha.
Ayağa düşmüşük,
Ayaqların mübarək!
Ayağının üstünü açıq saxla,
Altını ört.
Ayağna tikan batar,
Həm də iş görəndə altdan-altdan
Görürük, axı.
Elə hər yeriyəndə
Ayaqların ürəklərə bata bilsin,
Ürəkləri deşıb keçsin,
Dikdaban geyin.
Vurulanda ayağımızdan vuruluruq,
Öləndə də ayağımızdan ölürük.
Gedəndə başla getmirik ki,
Ayaqla yeriyirik.
Onsuz da ayaqyalın,
Başı açıq qalıb.
Başımızdan aşmışıq
çoxdan...


YALANLAR

Ciblər hər gün
Yalan daşıyır evlərə…
Yalanla dolur,
boşalır evlər.
Uşaqlar yalan yeyib yatırlar.
Qadınlar yalandan
ərlərinin üzünə gülürlər.
Kişilər yalandan durub işə gedirlər.
Idarələr yalandan bağlı olur birdən,
Yalandan dost olur
bir-birinə insanlar…
Yalandan adam da olurlar,
Adamlar…
Yalandan doğulur yalanlar.
Bircə ,
Yalandan ölməyir insanlar…


ÖLÜM DAŞIYIR

Səsi boğunuq,
Baxışları tutqun,
Gözləri qəmli,
Sir-sifətindən
zəhər yağan,
qaşınmaqdan
yanları
yara bağlayan,
Avtobuslar
Ayağını basa-basa,
Bir yanı üstə
Şəhərin
o başından,
bu başına
Bu başından ,
o başına
Çalxalana-çalxalana
Yırğalana-yırğalana
Ölüm daşıyır,
Insan əvəzinə.
Içərisi, çolu qədər.
Ölüm iyisi gəlir
Avtobuslardan.


GEDƏCƏM

Arxayın ol, məndən!.. Gedəcəm daha!
Bilirəm, nə olsun, yolum uzaqdı?!..
Buralarda yenə ilışıb qalsam,
Taleh üz döndərib uzadacaqdı...

Ya atlanım gedim, ya piyada mən,
Bircə yola çıxıb, getməyim gərək.
Yanında qaldıqca üzürəm səni,
Uzaqlaşıb gözdən itməyim gərək…

Sən də fikir çəkmə, ömrünü sür get.
Yığıb aparası bir şeyim yoxdu.
Nəyim qalsa sənə halalın olsun,
Günahım üstündə haqqımdan çoxdu.


Nə olsun, xəstəyəm əlacım yoxdu,
Ümidsiz ölməyə haqqım çatmayır.
Onsuzda mənim tək xəstələr çoxdu,
Mən öləsi olsam dünya batmayır!..

Nə vaxtsa səninlə görüşə bilsək,
Üzə üz tutmağa üzümüz ki, var.
Birgə baxanmadıq dünyaya neynək?!
Özümüzə baxmağa gözümüz ki, var…


***


Çöl soyuq içim isti,
Başımdan qalxır tüstü.
Yandım ki, çöl isinə,
Boğuldu tüstüsünə.
XS
SM
MD
LG