Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 04:15

“...Burda nə Qarabağ var, nə də Dekameron...”


Nərgiz Cabbarlı
Nərgiz Cabbarlı
-

Bu tək “ədəbiyyatda Qarabağ”la bağlı deyil, elə müəllifin öz yaradıcılığı ilə bağlı da geri atılmış addımdır. Təəssüf ki....


Nərgiz Cabbarlı bu məqaləsi ilə yazıçı Rasim Qaracanın “On bir gecə” romanının “Oxu zalı”nda başlanan müzakirəsinə qoşulur.


Nərgiz Cabbarlı


“...BURDA NƏ QARABAĞ VAR, NƏ DƏ DEKAMERON...”


İstənilən müqayisədə qüsur olsa da, hər bir oxunan mətn istər-istəməz oxucunu müqayisə aparmağa təhrik edir.

Və müqayisənin hansı istiqamətdə, hansı mətnlə olacağını da oxuyan deyil, oxunan müəyyənləşdirir.

“On bir gecə” də bizə iki istiqamət göstərdi: “Qarabağ Dekameronu” adlandırılan əsərin “Dekameron”la və müəllifin əvvəlki kitabı olan “Əyri evin qadını” ilə bir müstəviyə gətirmək. Hansı səbəbdən?

Əvvəla, kitabın üz qabığında oxucunu istiqamətləndirməyə və oxuyacağı mətnlə bağlı ilk təəssürat yaratmağa hesablanmış (həm də müəllif ideyasından, məqsədindən xəbər verən) “Qarabağ Dekameronu” ifadəsi əsərin artıq mətnin dekonstruksiyası üzərində qurulduğunu (yazıçının bununla bağlı təcrübəsi – məsələn, “Cırtdan” nağılının mətninin dekonstruksiyası – var, həm də postmodernizmə marağı artıq ilk səhifədəncə özünü təkrarən nümayiş etdirir) deyirdi.

Bu da mütləq olaraq “Dekameron”un ən azından struktur cəhətlərini, məzmununu, ideyasını, bir sözlə, müəyyən detallarını xatırlamağa səbəbdir.
İkincisi. “Əyri evin qadını” o səbəbdən müqayisə zonasına daxil olur ki, o, müəllifin bundan əvvəl çap olunmuş və bu əsərdən fərqli olaraq bir çox hekayələrində Qarabağ savaşının daha dəqiq və daha canlı izlərini daşıyan, ən vacibi isə daha uğurlu İşidir.

Söhbəti uzatmadan deyək... Müqayisənin və oxunun nəticəsi belədir: “Qarabağ Dekameronu”nda nə Qarabağ vardı, nə də sözün birbaşa mənasında Covanni Bokkaççonun “Dekameron”u (strukturunu çıxmaq şərtilə).

Yəni... Struktur demək olar olduğu kimi götürülsə və əsərin bəzi detalları üst qatda görünsə də (hadisələrə giriş üçün mühasirə əhvalatı, nəql olunan hər əhvalatın ayrılıqda təqdimi, əhvalatları nəql edən adamların bir məkana gətirilməsi, əhvalatın nəql olunması üçün səbəb-şərait reallığı və s.), məsələ həddindən artıq bəsit təqdim olunur və asan çözülür (ümumiyyətlə, son dövr nəsrimizdə dərin və ağır problemlərin, maraqlı ideyaların mövcudluğu öz ardınca bəsit yanaşma, dərinlərə enə bilməmə ilə nəticələnir).

Və müqayisə ovqatı belə bir nəticəni ortaya çıxarır ki, heç olmasa “Qarabağ Dekameronu”nda “Dekameron”da vəbanın böyük bir ölkəni nə hala saldığının real təsvirləri, faciənin dəqiq təəssüratını yarada bilən, ağırlığını yaşadan dəqiqliyi və canlılığı yada salınaydı... Heç olmasa burada da mühasirəyə düşən dəstənin həyacanı, döyüşdən əvvəlki yaşantılarının ağırlığı, döyüş meydanının, döyüşün izini əks etdirməli olan mühitin, məkanın təsviri eyni canlılıqla veriləydi.

“Dekameron”da Florensiyanı bürümüş taunun qoxusu, üst-üstə qalaqlanan meyidlərin “iyi” belə duyulduğu halda (təəssüratın yaradılması üçün təsvirin canlılığı məsələsi vacibdir!), “On bir gecə”də Qarabağ döyüşlərinin izi belə yoxdur. Hələ ağrısını demirəm. Halbuki mövzu seçimi də, problemin qoyuluşu da, hadisələrin baş verdiyi və “start götürdüyü” məkanın müəyyən edilməsi də bunun üçün real imkanlar təqdim edirdi. Təəssüf ki, müəllif bu şansı dəyərləndirmədən “üstdən adlayır”.

Əlbəttə, götürülən mətnin hansı formada və hansı istiqamətdən dekonstruksiya edilməsi müəllifin seçimidir.

Biz yalnız nəticədən danışa bilərik. Bu halda isə nəticə götürülən istiqamətin bizim düşüncəmizə görə uğurlu olmadığını göstərir.
Rasim Qaraca
Rasim Qaraca

Danışılan əhvalatların (son döyüşqabağı) sevgi üzərində qurulması başadüşülən olardı. Amma bu dəfə də müəllif (bir çox müasirlərimiz kimi) öz ampluasında qalaraq onu “ilk qadın”la, “ilk fiziki təcrübə” ilə eyniləşdirməklə etdiyi ilk yanlışlığı bir az da dərinləşdirir.

Təzadlı olan da budur ki, bununla da məsələni Dərinə deyil, Dayaza çəkir. Əlbəttə, nəql edilən əhvalatlar arasında maraqlılar da var, amma bu belə mətni qurtara bilmir. Çünki heç bir məqamda məsələnin bədii həlli duyulmur.

Sadəcə əhvalat danışılır, vəssalam.

Ən pisi isə odur ki, mətndə müəyyən problemlərin qaldırılmasına, varlığına işarələr olsa da, məsələyə birtərəfli yanaşma, reallığın bir rakursdan təqdimi var. Məsələn, bir detalı misal gətirək: müəllifin bütün personajları Vətən döyüşünə şəxsi həyatlarında uğursuzluq yaşayaraq, mənən son “xəttə” çatdıqları üçün yollanan, yəni “Ölümü” vecə almayan insanlardır, ya da təsadüfən ora düşənlərdir.

Əlbəttə, Qarabağ savaşının bu reallığı vardı: təsadüfən tutularaq aparılanlar da, məhz qeyd edilən psixoloji ovqat halında ora yollananlar da həqiqətin müəyyən tərəfləridir. Bəs digər tərəflər? Bu məsələni məqsədli şəkildə olduğu müstəvidən Endirmək, cılızlaşdırmaq deyilmi? (hətta bu problemin özü belə uğurla qalırılsa da, saəcə yada salınır, çözülmür, psixoloji dərinliklərinə enilmir. Halbuki bunun üçün də mətn də, hadisələrin gedişatı da real şərait təqdim edirdi).

Bu məqamda “Əyri evin qadını”nda “Əgər sənin dostun...” hekayəsini xatırlayıram... Daha dəqiq desəm, sevdiyi kişiyə, şəhid olmuş döyüşçüyə gənc qızlarla birlikdə qəbir qazan gənc və gözəl bir qadının təsvir olunduğu səhnəni... Bu görüntünün hətta mollanın oxuduğu “Yasini” belə boğazında qoyan ağırlığını... Bir hekayənin bir səhnəsinin verdiyi təəssürat belə bütövlükdə “roman” adlandırılan bu mətnin təəssüratından daha dolğun idi.

“Ölümləri dəhşətli edən onların dərkolunmazlığıdır”, - deyən bir hekayə personajının bir şəhidlə bağlı təəssüratları belə daha canlı idi, nəinki ölümlə üz-üzə olduğu sözlə deyilən, amma təəssüratı yaradılmayan əsgərlərin “yaşantı”ları...

Bu səbəbdən də nə əsərdə təsvir edilən bəsit “sevgi” macəralarının, nə də təsdiqini tapmayan “roman” adlandırmasının üzərində xüsusi dayanmaq istəmədən deyə bilərəm ki, bu tək “ədəbiyyatda Qarabağ”la bağlı deyil, elə müəllifin öz yaradıcılığı ilə bağlı da geri atılmış addımdır. Təəssüf ki....
XS
SM
MD
LG