Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:58

Rusiya ordusunun güclənməsində Almaniya izi


Rus ordusunun əsgərləri Krımda xüsüsi əməliyyat zamanı
Rus ordusunun əsgərləri Krımda xüsüsi əməliyyat zamanı
-
“Effektiv hərbi plan əsasında hərəkət edən və mükəmməl texnologiyaya malik Rusiyanın xüsusi əməliyyat qüvvələri Krıma müdaxilə edəndə dünya şoka düşdü.

Müdaxilə əməliyyatı o qədər yaxşı hazırlanmışdı ki, hətta ABŞ kəşfiyyatı ondan xəbər tuta bilməmişdi. Vaşinqtonda hökumət və Konqres liderləri baş sındırırlar: necə oldu ki, Rusiyanın xüsusi əməliyyat qüvvələri təkmilləşərək bu qədər çevikləşib və kimsə bundan xəbər tutmayıb. Bəziləri isə sual edirlər ki, Qərbin özü bu sahədə Rusiyaya nə dərəcədə yarımçı olub”.

Bunları jurnalist Josh Rogin ABŞ-ın tanınmış xəbər və rəy sorğuları portalı olan “The Daily Beast” saytında yazır və öz sualına cavab verməyə çalışır:

ALMANİYA RUSİYA ORDUSUNA TƏLİM MƏRKƏZİ TİKİR

“Məsələn, 2011-ci ildə Almaniyanın müdafiə təchizatçısı Rheinmetall Rusiyanın cənub-qərbindəki Mulino məntəqəsində döyüş imitasiyası mərkəzinin tikintisi üçün 140 milyon dollarlıq müqavilə imzalayıb. Bu mərkəzdə ildə 30 min əsgər təlim keçə bilər. Obyektin istifadəyə verilməsi bu ilin axırlarına nəzərdə tutulsa da, ABŞ rəsmiləri inanırlar ki, Almaniya Rusiyanın hərbi qüvvələrini illərdir təlimləndirir”.

Məqalədə deyilir ki, Rheinmetall bu müqaviləni bağlamasını hətta Krımın işğalından sonra da müdafiə etməyə çalışıb, lakin Almaniya hökuməti bu ayın əvvəllərində kontraktı dayandırıb. Bununla belə ABŞ hökuməti narahatdır ki, hazırda Ukraynada və onun sərhədlərində olan Rusiya xüsusi qüvvələrinin döyüşçüləri müəyyən təlim ala biliblər.

RUSİYA HƏRBİ QÜVVƏLƏRİNİ TANIMAQ OLMUR

Konqresmenlərdən biri “The Daily Beast” saytında belə bir tələb səsləndirib ki, ABŞ-ın NATO üzrə müttəfiqləri Krımdan və Ukraynadan çıxmayanadək Moskva ilə bütün əlaqələri kəsmələdir.

ABŞ Konqresinin Araşdırma Xidmətindən bildiriblər ki, Rheinmetall şirkətinin Rusiyadakı müştərisi “Oboronoservis” adlı qurum olub. Bu da bildirilir ki, sözü gedən mərkəz - Almaniyanın silahlı qüvvələri - “Bundeswehr”-in də istifadə etdiyi bu layihə dünyada ən təkmil təlim sistemi sayılır.

Josh Rogin yazır ki, ABŞ rəsmiləri Almaniyadan narazılıqlarını hələlik tam açıqlığı ilə bildirmirlər, çünki Rusiya xüsusi qüvvələrinin təlim alıb-almadığı, təlimin miqyası dəqiq bilinmir. Bilinən budur ki, Moskva 2008-ci ildə Gürcüstana müdaxiləsindən bəri öz xüsusi qüvvələrini dramatik şəkildə təkmilləşdirə bilib. ABŞ rəsmiləri əmindirlər ki, Almaniya Rusiya Baş Kəşfiyyat İdarəsinin (GRU) – xüsusi qüvvələri olan “Spetsnaz”ı təlimləndirməyə macal tapıb.

Jurnalist bildirir ki, Rheinmetall bu ehtimallar barədə sualları cavablandırmaqdan imtina edir.

QARIN QARDAŞDAN YAXINDIR

Məqalədə deyilir ki, Rusiya NATO-nun bir çox üzvləri ilə, ələxüsus da Almaniya ilə hərbi iqtisadiyyat sahəsində əməkdaşlıq edir və Almaniya yalnız 2013-cü ildə Rusiyaya 50 milyard dollarlıq məhsul ixrac edib.

Rusiya ilə əməkdaşlıq edən ölkələrin arasında ABŞ da var. Birləşmiş Ştatlar Əfqanıstanda istifadə etmək üçün Rusiya helikopterləri alıb, öz növbəsində Rusiya Əfqanıstana gedən hərbi avadanlığın onun ərazisindən keçməsi üçün ABŞ-a icazə verib.

Josh Rogin yazır ki, konqresmenlərin bəzilərinin qənaətinə görə Rheimetall şirkətinin Rusiya ilə kontraktı narahatlıq doğuran məsələlərdən yalnız biridir. Prezident Barack Obama Rusiya ilə münasibətlərin “ağ vərəqdən” başlanmasını elan edəndən dərhal sonra bir neçə NATO ölkəsi Moskva ilə mənfəətli müqavilələrin imzalanmasına girişib. Konqres Fransanın istehsalı olan “Mistral” amfibiya döyüş gəmilərinin Rusiyaya satışını dayandırmağa cəhd göstərib. Bir çox konqresmenlər İtaliyanın Lynx zirehli transportasiya maşınlarının Rusiyaya satılımasından narazıdırlar.

QƏRBDƏ QƏZET OXUYURLARMI?

ABŞ senatının müşavirlərindən biri “The Daily Beast” saytına bildirib ki, Rheinmetall şirkətinin müqavilə öhdəliklərindən biri də Spetsnazın hərbi ləvazimatla təchiz edilməsi olub. Xəbərlərdən isə görünür ki, Ukraynanın içərisində və sərhədlərində olan Rusiya qüvvələrinin tam mükəmməl kommunikasiya cihazları, zirehli geyimləri, müasir silah-sursatları var. Bütün bunlar Rusiya qüvvələrinə tamamilə təklənmiş Ukrayna silahlı qüvvələri üzərində böyük taktiki üstünlük verir.

Birləşmiş Ştatların yüksək rütbəli müdafiə rəsmiləri bildirirlər ki, Rusiya hərbiyyəsi son illərdə inqilabi şəkildə yenilənib. Bu ay ABŞ baş qərargahının strateji planlaşdırma və siyasət şöbəsinin direktoru, vise admiral Frank Pandolfe Konqres qarşısındakı ifadəsində bildirmişdi ki, Rusiya son illərdə yüksək hazırlıqlı regional komandanlıqlar sistemi yarada bilib.

Ekspertlər isə bildirirlər ki, son bir neçə ildə Rusiyanın hərbi doktrinasında da dəyişikliklər baş verib. İndi bu doktrinaya yaxın qonşuluqdakı ölkələrdə “rusların və rusdillilərin Qərbin təcavüzündən müdafiəsi” də əlavə olunub.

Josh Rogin yazır ki, Qərbdə sadəcə olaraq ya qəzet oxumurlar, ya da oxuduqlarını düzgün yoza bilmirlər.

Sayta hazırladı Zülfüqar Rüfətoğlu
XS
SM
MD
LG