Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 07:47

"Əsas məqsədim Azərbaycan nəsrini Avropa nəsrinə yaxınlaşdırmaqdır"


Nahid
Nahid
-

"Bizim heç bir rejissor hekayəmizə, yaxud romanımıza film çəkmir, əksinə ədəbi zövqü köhnəlmiş adamların pyesləri teatrları tutub, romanları kinoları tutub.

Ona görə də bu gün teatrımız, kinomuz bu gündədir, həmişə eyni tamaşadır, eyni kinolardır".



«Ədəbi Azadlıq-2014» Milli Müsabiqəsinin Hekayə 10-luğuna keçmiş yazarlarla müsahibələrə davam edirik. Həmsöhbətimiz NAHİDdir. (Onluqdakı "Morqan" hekayəsini oxu)


- Nahid bəy, yazar kimi sizin adınız çoxdan tanınır, amma mətbuatda az-az göründüyünüzü deyə bilərəm, indi nə işlə məşğulsunuz?

- Mən ixtisasca iqtisadçıyam və iqtisadiyyat sahəsində çalışıram. Türklər demişkən, bizim yaradıcılığımız eskiyə dayanır. Əsasən novella yazıram. İndiyə kimi iki kitabım çıxıb, biri şeir, o biri hekayə kitabıdır.

Əgər beş il öncə mənə sual versəydiniz ki, hekayə yazmaqla nə etmək istəyirsən, onda yəqin cavab verərdim ki, Azərbaycanda hekayə janrına yeni nəfəs gətirməyə, nəsrimizi yuxarılara qaldırmağa çalışıram. İndi isə belə demək olarsa, bir qədər öz qınıma çəkilmişəm, vaxtımı daha çox yaradıcılığa sərf edirəm, mətbuatda daha az görünürəm. 2007-2008-ci illərdə çox aktiv idim, onda AYB-nin Gənc Ədiblər məktəbində idim. Ancaq 2010-cu ildən başlayaraq ədəbiyyatətrafı qruplaşmalar, qarşılaşdığım hadisələr məni bir qədər ədəbi aləmdən çəkilməyə vadar etdi.

- “Ədəbi Azadlıq”da onluğa düşmüş hekayənizin adı “Morqan”dır. Hekayədə qəhrəman qaradərili bir əcnəbidir. Niyə bizə yad bir qəhrəman seçdiniz?

-Deyim ki, “Morqan” hekayəsi insanın psixoloji vəziyyətindən bəhs etsə də, bu məni çox da düşündürmür.

Yazdığım hekayələrdə nə isə demək, hansısa hissləri ifadə etmək mənim üçün az önəm daşıyır, əsas məqsədim Azərbaycan nəsrini Avropa nəsrinə yaxınlaşdırmaq, bu yolda ədəbiyyata öz töhfəmi verməkdir. Avropa ədəbiyyatı bizimkindən ilk növbədə texnikasına görə fərqlənir, orda təhkiyədən daha çox ideyaya, konsepsiyaya önəm verirlər. Bizim hekayəçiliyimizsə yeniliyə, mövzu axtarışına açıq deyil. Mən özüm daha çox cəmiyyətdəki yeniliklərə fərqli baxışı, hər şeyə orijinal yanaşmanı nəsrdə ifadə etməyi düşünürəm.

Tutaq ki, bizim hekayələrdə insan adları adətən Azərbaycan dilində olur, yaxud qoca qadınların adları mütləq Fatma olur. Bu elə həmin mühafizəkarlığın bir göstəricisidir.Yaxud mövzu baxımından bir misal gətirim, mən hal-hazırda 3D eynəyi ilə bağlı bir yazı üzərində işləyirəm. Bu yazıda 3D eynəyi ilə televizora baxmaqdan başqa daha nə edə biləcəyimizi araşdırmağa çalışmışam. Çalışıram keçirdiyim hisslərlə bağlı Avropa ədəbiyyatına müraciət edim, elə hisslər var, onu yazmaqdan daha çox oxumağı sevirəm .

- Sizcə, yazar öz dünyasına qapılıb ancaq yazmaqla məşğuldursa, saytlarda, mətbuatda fəallıq göstərmirsə, bununla oxucu itirmirmi?


- Siz də bilirsiniz ki, ədəbiyyat saytlarının oxucularının yüzdə doxsanı ədəbiyyatla məşğul olanlardır. Hansısa bir yeni kitabın təqdimatında da həmişə əsasən yazarlar iştirak edir. Azərbaycan mühitində yazarın böyük oxucu kütləsi ilə görüşməsi müşkül məsələdir. Ona görə də düşünmürəm ki, ədəbiyyat saytlarında çap olunmamaq yazarın oxucu itirməsinə gətirib çıxarır.

- Bəs sizcə, əsl oxucu kütləsinə çatmaq üçün nələr etmək lazımdır?

- Bu hər şeydən əvvəl reklamın gücündən asılıdır. Gərək müəyyən bir konsepsiya işləyəsən, müəyyən planlar cızasan və ona uyğun davranmağa başlayasan. Tutaq ki, Elxan Qaraqanın bu qədər aktiv olmasının səbəbi onun musiqi sahəsində olmasıdır. O, musiqidə məşhurlaşandan sonra ədəbiyyata çox asanlıqla nüfuz edə bildi. Yaxud dünyada məşhur olan müasir romançılara baxsaq, görərik ki, o romançıların məşhurluğunun əsas səbəbi Hollivudun onlara müraciət etməsidir. Bu bir zəncirdir ki, bizim ölkədə o zəncir yoxdur.

Bizim heç bir rejissor hekayəmizə, yaxud romanımıza film çəkmir, əksinə ədəbi zövqü köhnəlmiş adamların pyesləri teatrları tutub, romanları kinoları tutub. Ona görə də bu gün teatrımız, kinomuz bu gündədir, həmişə eyni tamaşadır, eyni kinolardır.

- Amma belə fikir də var ki, Hollivud ancaq "popkultura"nı yayır, yəni dərin savadı, dünyagörüşü olmayan orta statistik tamaşaçıları təsirləndirəcək əsərlərə film çəkir. Sizcə, ədəbiyyat populyar mədəniyyətə xidmət etməlidirmi? Oxucular ancaq evdar xanımlar və tələbə qızlarmı olmalıdır?


- Ümumiyyətlə, ədəbiyyatı heç vaxt ciddi və qeyri-ciddi ədəbiyyata bölməmişəm. Biz cəmiyyəti tam tanımırıq ki, cəmiyyətdə intellektuallar da var, popkultura tərəfdarları da. Onsuz da biz hamımız ürəyimizə yatan kitabı əvvəl-axır tapıb oxuyuruq. Bu həmişə belə olacaq. Hərə öz ehtiyacını müəyyən bir mətbəxdə tapacaq.

Ancaq Azərbaycan ədəbiyyatında qəribə bir roman tələbi yaranıb, mən özüm heç vaxt roman yazmamışam, ancaq hekayə yazmışam, buna baxmayaraq kim mənimlə danışır, ancaq roman haqda soruşur.

Ona görə də ədəbiyyatla məşğul olanların da, oxucuların da ədəbiyyata baxış bucağını dəyişdirmək lazımdır, bütün növ ədəbiyyatlara dözümlü olan bir oxucu kütləsi yaratmaq lazımdır.

Söhbətləşdi: Namiq Hüseynli
XS
SM
MD
LG