Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 15:08

«Qarabağ münaqişəsinin həllində məhz Rusiya maraqlı olmalıdır»


Parlamentin vitse spikeri Ziyafət Əsgərov NATO seminarı haqqında
Gözlə

No media source currently available

0:00 0:05:39 0:00

Parlamentin vitse spikeri Ziyafət Əsgərov NATO seminarı haqqında

-
NATO Parlament Assambleyasının Bakıda keçirilən 86-cı «Rose-Roth» seminarı iyunun 18-də başa çatıb. Seminarın yekununda NATO PA-da Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin 1-ci vitse-spikeri Ziyafət Əsgərov AzadlıqRadiosuna müsahibə verib.
– Ziyafət müəllim, Bakıda keçirilən üçgünlük NATO tədbirində Azərbaycan nələri deyə və öz mövqeyini nə qədər qarşı tərəfə çatdıra bildi?

– Fikrimcə, bu seminar vasitəsilə Avropa cəmiyyətinə, NATO PA-ya və digər əməkdaşlıq etdiyimiz dövlətlərə öz mesajlarımızı verə bildik. Birinci mesajımız o oldu ki, dünyanın heç bir ölkəsi Azərbaycanın Qarabağ probleminə biganə qalmamalıdır. Ermənistan Azərbaycan ərazilərini işğal etdiyindən bu məsələ gündəlikdən çıxmamalıdır. Biz bunu bir daha seminara qatılan parlamentarilərin diqqətinə çatdırdıq. Digər demək istədiyimiz o idi ki, Azərbaycan iqtisadi baxımdan güclü ölkədir və bizim Avroatlantika məkanı ilə çox yaxşı münasibətlərimiz var. Bu həm də o demək idi ki, Avropa Azərbaycanla karbohidrogen ehtiyatlarının çatdırılmasında əməkdaşlıq edirsə, gərək bizim problemlərə də biganə qalmasın...
– Bu seminarda Azərbaycan və Ermənistan nümayəndə heyətlərinin qarşılıqlı ittihamları səsləndi. Tərəflərin bir-birinə cavabları barədə AzadlıqRadiosu da məlumat yayıb. Sizin Ermənistan nümayəndə heyətinin üzvü ilə tədbirdənkənar söhbətinizi gördük. Belə söhbətlərdə də Ermənistan tərəfi eyni mövqeyi göstərir, yoxsa fərqlər var?

– Yox, mənim Ermənistan deputatları ilə tədbirdənkənar görüşüm olmayıb. Mənim qeyri-hökumət təşkilatının nümayəndəsi Richard Giragosian-la söhbətim oldu. Əslində, elə söhbətin təşəbbüskarı da o idi. Gördüm ki, bu adam konfliktin çözülməsində maraqlıdır. O, münaqişənin ədalətli həllinin tərəfdarıdır, düşünür ki, məsələ Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllini tapmalıdır. Giragosian Krım böhranından sonra ərazi bütövlüyü məsələsinin dünyada ön plana keçməsinə diqqət çəkdi. Ayrıca qeyd elədi ki, Qarabağa Azərbaycanın tərkibində muxtariyyət statusu verilməlidir. Biz bu prinsipi neçə illərdir ölkə rəhbərliyi səviyyəsində səsləndiririk. Dağlıq Qarabağa Azərbaycanın tərkibində yüksək muxtariyyət statusu verməyə hazırıq. Düzü, belə bir sual yaranır ki, nə əcəb Ermənistanda belə fikirlər yaranmağa başlayıb və artıq işğal faktını qəbul edən insanlar var. Hesab edirəm ki, Ermənistanda bu cür mövqeli insanların olması Azərbaycanın güclənməsi ilə bağlıdır. Azərbaycanın iqtisadiyyatı və ordusu günü-gündən güclənir və bu məsələ, əvvəl-axır, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq. Bunu Ermənistan hökuməti nə qədər tez anlasa, o qədər yaxşıdır. Bu, həm də Ermənistanın inkişafı üçün lazımdır.

– İyunun 17-də Ermənistan nümayəndə heyətinin üzvü Richard Giragosian-ın qısa müsahibəsi olub. O, Qarabağ münaqişəsinin arxasında kimin dayanması ilə bağlı suala belə cavab verib ki, bu münaqişəsinin arxasında konkret Rusiya durur və həmin ölkə sözügedən münaqişədən öz maraqları üçün istifadə edir. Sizin bu suala cavabınız necə olardı?

– Münaqişənin keçmiş Sovet İttifaqından miras qaldığını və Rusiyanın həmin dövlətin hüquqi varisi olduğunu nəzərə alsaq, bu məsələnin həllinə məhz Rusiya maraq göstərməlidir. Bu baxımdan münaqişənin ədalətli həllində Rusiyadan gözləntilərimiz çoxdur. Hesab edirəm ki, ATƏT-in Minsk qrupunun həmsədrləri kimi Rusiya və o cümlədən ABŞ və Fransa bu məsələdə səylərini artırmalıdırlar.

– NATO PA-nın eyni məzmunlu tədbiri 2015-ci ildə Yerevanda keçiriləcək. O tədbirə qatılacaqsınız?

– O vaxta çox var hələ. O barədə bir ildən sonra söhbət edərik...
XS
SM
MD
LG