Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 08:04

MTN və baş prokurorluğun Rauf Mirqədirov haqda birgə məlumatı


Rauf Mirqədirov
Rauf Mirqədirov

-

İyulun 16-da Baş Prokurorluq və Milli Təhlükəsizlik Nazirliyi həbsdə olan jurnalist Rauf Mirqədirovla bağlı birgə məlumat yayıb.

Baş Prokurorluğun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, hələlik adları açıqlanmayan Azərbaycan vətəndaşları Gürcüstanda olarkən özünü «Samvel» kimi təqdim edən şəxs tərəfindən onlara verilmiş iki diskdə Azərbaycanın təhlükəsizliyinə və dövlət maraqlarına toxunan videoçəkilişləri aşkar etdiklərindən həmin diskləri sifarişli poçt bağlaması ilə Azərbaycanın Baş Prokurorluğunun ünvanına göndəriblər.

Məlumatda bildirilir ki, həmin disklərə baxış keçirilərkən 2009-cu il fevralın 2-də Tbilisidə Rauf Mirqədirovun Laura Baqdasaryan və Araik Şirvanyan adlı şəxslərlə restoranda danışıqlar aparması və pul vəsaitini alaraq qəbz imzalaması məlum olub.

«Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildən başlayaraq yuxarıda adı çəkilən Baqdasaryan Laura Stepanovnanın rəhbərlik etdiyi «Region» Tədqiqat Mərkəzi ilə əməkdaşlığa başlayıb. Əməliyyat yolu ilə əldə edilmiş məlumatlara əsasən, Ermənistan xüsusi xidmət orqanlarının nəzarəti altında fəaliyyət göstərən həmin mərkəz Azərbaycanda qeyri-hökumət təşkilatları arasında, kütləvi informasiya vasitələri sahəsində dünyagörüşləri və siyasi baxışları onları cəlb edən Azərbaycan Respublikası vətəndaşlarını müxtəlif fondların maliyyə yardımı ilə üçüncü ölkələrin ərazisində təşkil olunan konfranslara dəvət edərək əlaqələr yaratmağa çalışır.

Əslində isə məqsəd kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək, maddi maraq zəminində ölkəmizdəki ictimai-siyasi, hərbi sahədəki vəziyyət, iqtisadi layihələr, Dağlıq Qarabağ problemi ilə bağlı yürüdülən siyasətdə baş verə biləcək dəyişikliklər barədə məlumatlar toplamaqdır.

«Region» Tədqiqat Mərkəzi tərəfindən jurnalist fəaliyyəti pərdəsi altında 2002-ci ildən başlayaraq, Leyla Yunusovanın təsisçisi və direktoru olduğu, hüquqi qeydiyyatı olmayan «Sülh və Demokratiya İnstitutu» adlı qurumla əlaqələr yaradılıb beynəlxalq donor təşkilatlardan alınan qrant vəsaitləri hesabına maddi maraq zəminində xarici kəşfiyyata şəxslərin casus kimi ələ alınmaları üçün Rauf Mirqədirovun Ermənistan Respublikasına səfərləri təşkil edilib, Azərbaycan Respublikasının bir sıra digər vətəndaşlarının məxfi əməkdaşlığa cəlb edilmələrinə ciddi səylər göstərilib.

Müəyyən edilib ki, Rauf Mirqədirov 2008-ci ildə «Fridrix Nauman Fondu»nun təşkilatçılığı ilə Türkiyədə Gürcüstanın və Ermənistanın nümayəndələrinin də iştirak etdikləri konfransda olan zaman Ermənistanın sabiq mili təhlükəsizlik naziri David Şahnazaryan onunla qapalı görüş keçirib. Həmin görüşdən sonra Rauf Mirqədirov öz internet yazışmalarında Laura Baqdasaryana Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın fikirləri ilə razılaşdığını bildirib, Azərbaycan Respublikasına qarşı istifadə məqsədilə ictimai-siyasi, sənaye, energetika, hərbi-texniki təchizat sahələrində mövcud vəziyyət barədə məlumatlar toplayaraq dövlət və hərbi sirri təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin dəqiqliklə təsvir olunduğu sxemin fotoşəkillər əlavə olunmaqla ötürüb. O cümlədən R. Mirqədirov Azərbaycan hakimiyyətinin guya ABŞ-a İrana hazırlanan hərbi müdaxilədə öz ərazilərindən istifadə etməsinə icazə verməsi, ABŞ tərəfindən Bakıda gizli hərbi obyektlərinin tikiləcəyi, Zığ şosesinin betondan hazırlanmaqla yol tikintisinin gələcəkdə İrana hərbi zərbələr endirilməsi zamanı hərbi təyyarələrin uçuş-enmə zolağı kimi istifadə olunması məqsədilə maliyyələşdirilməsi, qeyd olunan ərazilərin və digər hərbi obyektlərin fotoşəkilləri və sxemləri ilə birgə məlumatları ötürüb.

Həmin məlumatlar Ermənistan xüsusi xidmət orqanları tərəfindən Azərbaycan ilə İran arasında mövcud münasibətlərə ziyan vurulması və düşmənçilik münasibətlərinin yaradılması üçün istifadə edilib. Rauf Mirqədirov Laura Baqdasaryanın tapşırıqları əsasında 2008-2013-cü illərdə dəfələrlə Gürcüstanın «Sadaxlo» sərhəd-buraxılış məntəqəsini keçməklə Ermənistan Respublikasına səfərlər etmiş, orada Laura Baqdasaryan, David Şahnazaryan və erməni milliyyətindən olan digər şəxslərlə görüşlər keçirib.

Rauf Mirqədirovun nə işlədiyi qəzetin rəhbərliyinə, nə müvafiq dövlət orqanlarına, nə də ictimaiyyətə Ermənistana səfərləri və keçirdiyi görüşlər barədə heç bir məlumat verməməsi, həmin səfərlərin aviabiletlərinin Yerevanda fəaliyyət göstərən «Levon travel» şirkəti vasitəsilə alınması, səfərlər zamanı onun təhlükəsizliyinin Ermənistan xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən təmin edilməsi, casusluq fəaliyyətinin ifşa edildiyini güman edərək 2010-cu ilin iyulun 29-da təcili olaraq Azərbaycanı birdəfəlik tərk etməklə Türkiyəyə getməsi, həmin ölkədə yaşaması və işləməsini təmin etmək məqsədilə əməkdaşı olduğu «Ayna-Zerkalo» qəzetinin rəhbərliyinin vasitəsilə Türkiyədə akkreditasiya olunması və 2014-cü il 19 aprel, yəni Türkiyədən deportasiya olunduğu tarixədək Azərbaycana qayıtmaması, hətta Türkiyənin müvafiq qurumları tərəfindən akkreditasiyası ləğv edildikdən sonra belə Azərbaycana qayıtmaq niyyətində olmaması və David Şahnazaryan ilə əlaqə saxlayaraq ailəsinin qayğısına qalınmasını xahiş etməsi əməkdaşlıq etdiyi erməni dairələrinə sığındığını ehtimal etməyə əsas verir.

Cinayət işi üzrə bütün halların araşdırılması, istintaqın tam, obyektiv və hərtərəfli aparılması üçün istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.

2010-cu ildən Türkiyədə yaşayan «Ayna»-«Zerkalo» qəzetlərinin şərhçisi Rauf Mirqədirov aprelin 19-da Türkiyədən Azərbaycana deportasiya olunub və Bakı hava limanında həbs edilib.

Vətənə xəyanətdə ittiham olunan jurnalist hazırda MTN istintaq təcridxanasında saxlanılır. Bu günlərdə Nəsimi rayon Məhkəməsi jurnalist barəsində həbs-qətimkan tədbirinin 4 ay uzadılması haqqında qərar qəbul edib. Jurnalist ittihamları qəbul etmir.

VƏKİLLƏRİN MÜNASİBƏTİ

Həbsdə olan jurnalist Rauf Mirqədirovun vəkilləri Baş Prokurorluq və MTN-in yaydığı birgə bəyanata münasibət bildiriblər. Bəyanat vəkil Fuad Ağayevin facebook səhifəsində yayılıb.

R.Mirqədirovun müdafiəçiləri bildiriblər ki:

1. Baş Prokurorluğun sübut kimi qələmə verdiyi diskləri «Samvel» adlı şəxsin verməsi, müdafiə tərəfinin o versiyasını təsdiq edir ki, bu, Ermənistan xüsusi xidmətlərinin məqsədyönlü əməliyyatı olmuş və Dağlıq Qarabaq, Azərbaycan – Ermənistan mövzusunda ölkəmizin maraqlarını layiqincə təsvir və təmsil edən R.Mirqədirovun jurnalist və politoloq fəaliyyətinin qarşısının alınmasına yönəlmişdir.

2. Sözügedən məlumata görə, Ermənistan xüsusi xidmətləri əvvəl R.Mirqədirovu ələ alıblar, sonra isə Azərbaycan hüquq mühafizə orqanlarına məlumat göndərməklə qiymətli «məxfi əməkdaşı» sıradan çıxarıblar. Bu, R.Mirqədirovu komprometasiya (gözdən salma) əməliyyatı deyilsə, belə çıxır ki, Ermənistan xüsusi xidmətləri ölkəmizin müvafiq qurumları ilə sıx əməkdaşlıqdadırlar.

3. Rauf Mirqədirovun Tbilisidə Laura Baqdasaryan və adını xatırlamadağı (prokurorluğun isə Araik Şirvanyan kimi təqdim etdiyi) şəxslə görüşünə gəlincə, belə 5 il yarım bundan əvvəl bir görüş olmuşdur və R.Mirqədirov həmin görüşdə Ermənistan deyil, Qərbi Avropa institutlarından birinin Cənubi Qafqaz üzrə layihəsində iştiraka ilkin razılıq vermiş, bu barədə müqavilə imzalamışdır. Prokurorluğun məntiqi ilə götürsək, bu nəticəyə gələrik ki, beynəlxalq qrant layihələri ilə bağlı hər hansı danışıqların aparılması yolverilməzdir və casusluq kimi qiymətləndirilə bilər.

4. Məlumatda göstərilmişdir ki, Azərbaycan xüsusi xidmət orqanları da Laura Baqdasaryanın rəhbərlik etdiyi “Region” Tədqiqat Mərkəzi 2008-ci ildən (!!!) başlayaraq çoxsaylı Azərbaycan Respublikası vətəndaşlarını kəşfiyyat-pozuculuq fəaliyyətinə cəlb etmək məqsədi güdmüşdür. Xüsusi xidmət orqanlarının ən mühüm vəzifələrindən biri düşmən dövlətlərin Azərbaycan ərazisindəki dağıdıcılıq fəaliyyətinin qarşısı alınma olduğu halda, bunu bilən müvafiq yerli orqanlar hansı səbəbdən indiyə kimi heç bir tədbir görməmiş, insanları məlumatlandırmamışlar?

5. «Fridrix Nauman» Fondunun 2008-ci ildə Türkiyədə təşkil etdiyi konfransla bağlı da faktları təhrif edən məlumat müəlliflərinin onlarla şəxslə yanaşı David Şahnazaryanın konfransda iştirak etməsini Rauf Mirqədirovun qanunsuz fəaliyyəti kimi təqdim etmək gülüncdür. Rauf Mirqədirovun Dağlıq Qarabağ probleminin həlli perspektivləri ilə bağlı David Şahnazaryanın məhz hansı fikirləri ilə razılaşdığını bildirməyən prokurorluq unudur ki, D.Şahnazaryan hələ 20 il bundan əvvəl Ağdam, Qubadlı, Zəngilan, Kəlbəcər və s., yəni Dağlıq Qarabağ ərazisinə daxil olmayan rayonların azad edilməsi tərəfdarı olmuşdur.

6. O ki qaldı dövlət və hərbi sirr təşkil edən hərbi hissələrin, aerodrom və sair strateji əhəmiyyətli dövlət obyektlərinin yerlərinin təsvir olunduğu sxem, fotoşəkillərə, bu da həqiqətdən tamamilə uzaq bir iddiadır! R.Mirqədirovun sərəncamında nə hərbi peyklər, nə də AVAKS sistemi olmamışdır. Qalan iddialar ilə bağlı R.Mirqədirovun məqalələrini oxumaq kifayətdir. O hər bir səfəri ilə bağlı geniş məqalələr yazaraq, təəssuratlarını oxucularla bölüşmüşdür.

7. Beləliklə, adıçəkilən məlumatı hərfi başa düşsək, R.Mirqədirova münasibətdə Ermənistan və Azərbaycan hüquq mühafizə orqanlarının mövqeyi üst-üstə düşür. Əslində isə R.Mirqədirovun həbsi və xüsusilə ağır cinayətdə təqsirləndirilməsi, onun region mediasından bu yolla uzaqlaşdırılması Ermənistan xüsusi xidmətlərinin uğurlu əməliyyatı kimi qiymətləndirilməlidir. Ermənistanın hansı dövlətin strateji müttəfiqi olmasını nəzərə alsaq, bu, R.Mirqədirovun həqiqətən də sanballı politoloq olduğunu göstərir.

XS
SM
MD
LG