-
Seyid Aynur
Çəhrayı donlu qıza toxunmaqdan bezəndən
Evdən çıxma, yalvarıram, bir az qal,
Bıçaq olub zülmət batacaq ürəyimə,
Bir yandan da ölümcül tənhalıq kəsəcək nəfəsimi.
Ayrılığın kədəri gözlərimə düşəndən,
Suda dairəyə bənzəyir ömür!
Sənin sevginə alçalan qürurum kimi,
Yağışın zərbəsinə, hökmünə,
Küləyin güclü qollarına təslim olmuş,
Halqa-halqa, qırıq-qırıq,
Suda dairəyə bənzəyir ömür!
Ağ-qara şəkiləm-edam et!,
Paslanmış mismara asıb xəyalımı,
Fikrimdə kəpənəklər, buz üstə balet.
Sabaha büküb asılqandan asıram çılğın arzuları,
Suda dairəyə bənzəyir ömür!
Körpələr qədər pak olmaq istəyirəm,
Dön yağışa yağ, islat kirpiklərimi,
Yu günaha bürünmüş vücudumu.
Çəhrayı donlu qıza toxunmaqdan bezəndən
Suda dairəyə bənzəyir ömür!