Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 07:24

Vüqar Əlisoy. Şeirlər


-

Vüqar ƏLİSOY

YAZ LÖVHƏLƏRI

ağacların fatasında
yellənən yengəciklər
çiçəklərin
nazını çəkir,
başına dönür
bəmbəyaz,
çəhrayı
gəlinciklər
hər biri
meyvə olacağını düşünür.

çəpərin dibində
ayağı yerdən,
əli göydən üzülmüş
üzüqoylu
nəm torpağa gömülmüş
qoca çinar...
sinəsində yamyaşıl fidanlar,
şivlənmək eşqilə
sıraya düzülüb.
pöhrələr,
nəmyaşıl təbəssümlə
günəşə gülümsünür.

Tıxac

tıxac
irəli yol yox
geridə tıxac
geridəkilərin
üzünə dirənib
öndəkilərin arxası
burda
öndəkiləri gözləməkdən
özgə hər şey
mənasız

tıxac
yar görüm
necə yarırsan bu tələni
de görüm necə deyirsən
ağzına gələni
sözlərin də tıxcanıb qalacaq
dişlərinin dibində
tıxac yaranacaq
ağzında
beynində
ürəyində

bu necə doğrudu
yalana oxşayır
bu necə yoldu
dalana oxşayır
bu necə sözdü
ilana oxşayır
yoğrulub
qıvrılıb
içimdə qalacaq
dillənsəm bilirəm
dilimi çalacaq

MÜHARIBƏ

nə çox divarı var
bu evin belə
bu evdə gecələr
zindan qoxuyur
divarlar səssizcə
verib əl-ələ
bir tənha gözələ
meydan oxuyur

duyub təkliyini
tül pərdələr də
cansız əşyalar da
vəhşilik edir
girib yuxusuna
hər yoldan ötən
biçarə gəlinə
kişilik edir

sonsuz gecələri
bütün dünyanın
günəşdən yayınıb
gizlənir burda
qəhqəhə səsindən
qaçan sükutlar
hıçqırıq səsinə
dincəlir burda

bircə həmdəmi var
bu qara bəxtin
o da ağ balışdı
əlində qalıb
ağ atlı oğlanı
vətən uğrunda
kirkirə dünyanın
çölündə qalıb

nə çox divarı var
bu evin belə
bu evdə gecələr
zindan qoxuyur
divarlar səssizcə
verib əl-ələ
üçaylıq gəlinə
meydan oxuyur

SÖZÜMÜN CANI

mən bir sözəm.
qatın sözlərinizin
gözünə,
şəkər edim dilinizi
pıçıldayın qulağına
sevginizin.
ananıza deyin məni,
balanıza söylüyün.
dürr olum
ağzınızdan tökülüm...
qatın məni
sözlərinizin
gözünə
fikrinizin
ağrısın alım
niyyətinizin
acısın alım
bircə susmayın
danışın,
qadanız alım
danışın
danışın ki,
mən də yaşayım.


DAHA DÜŞÜNMÜRƏM

düşündüm
ağlıma bir söz düşdü
bu sözü
ağzımda
bişirmək istədim
ağzım yandı
uddum bu sözü
içim alışdı
yandım
söndüm
yanmışlara qarışdım
sönmüşlərə qarışdım
daha düşünmürəm

BU YAZ HƏLƏ O YAZ DEYIL

əllərimi
soyuq-sazaq
kəsə-kəsə
kol dibində bənövşəni
dərib
tələsə-tələsə
dəstələyib birnəfəsə
ovucumda
yaz nübarı
yüyürürəm yaza sarı

dimdiyində
nəfəsində yaz gətirən,
evimdə ev quran quşlar
ağ sinəli qaranquşlar
dənliyirlər
içimdəki intizarı
yüyürürəm yaza sarı

səsinə boylanıb
əsən küləyin
torpağın altından cücərir otlar
cücərir cığırlar dağlara sarı
enib ayağına çölün, yamacın
duman çimizdirir yaşıl otları
yüyürürəm yaza sarı

duyub bahar nəfəsini
üzü gülür
qaraqabaq qara daşın
çınqılın da
töküb bayram tonqalında
yandırıb azar-bezarı
yüyürürəm yaza sarı

dağlar uca
göylər dərin
çöl qəşəng
təbiətin fırçasında
neçə çalar
neçə rəng
çəmən yaşıl
gün qırmızı
gül sarı
yüyürürəm yaza sarı

əlcək sağa
pencək sola
dönüb körpə bir uşağa
papağımı atıb göyə
gəldi yazım deyə-deyə
xoş murazım deyə-deyə
ayaqyalın
başı açıq
yara yara
buzu
qarı
yüyürürəm
yaza sarı
üzü
Araza sarı
baxıram
Arazdan
o üzə
görürəm
bu yazın yarısı
qalıb
Arazdan o üzdə
Görürəm ki, bu yaz hələ
o yaz deyil
bu yaz hələ
muraz deyil
bu yaz hələ
Araz boyda kədər imiş
sevincimin
ömrü
Araza
qədər imiş

MƏN DÜZ OLMAZDIM

mən
düz olmazdım
indi
düzdə qalmazdım
atam məni aldatdı
aldandığı yalanları
alışdığı yanlışları
düz yol bilib anlatdı
düz yol
atama od vurdu
düz yol
anamı ağlatdı
indi o
ölməyə hazırlaşır
mənsə
yerə girməyə
qonşudan borc alıb
atamın yasına getməyə

HƏSRƏT

pəncərəmə
lələk-lələk qar düşər
rəngi düşməz taleyimin rənginə
yenə sənsiz şər qarışar
şər düşər
könlüm keçər əzabların cənginə

yoxluğunda
şaxtası var bu qışın
donsa qəlbim
ovundurmaz ağuşun
qar üstündə
sitildəyən bir quşun
səsi düşər
səsimin ahənginə

BIR TANRI TANIYIRAM

bir dünya tanıyıram
haçalanıb
parçalanıb
yaralanıb öz içində
öz içində
öz içindən
öz içinə axıb qanı
bir Tanrı tanıyıram
ipini çəkib zamanın
boyuna biçib dünyanın
torpağa əkib insanı
öz içində
öz içindən
öz içinə axıdacaq

ÖLMƏK KEÇIR ÜRƏYIMDƏN

ümid yeri olduğum
birisi
ümidlərimə
arxasını çevirəndə
irəli getmiş
bir gerinin birisi
arzularımla
əylənəndə
evdəkilər təmkinimə
söylənəndə
körpələrim
on bir illik
həyatından
gileylənəndə
əclaf olmaq istəmirəm
ölmək keçir ürəyimdən
yollarımı qayçılıyan
ölməyimi yaxınlayan
əclafların yaddaşında

XAM XƏYAL

bir gün
düşəcəm
gözlərimin çəkdiyi
yolun ağına
son ucu
alnıma düyünlənmiş
ayağıma yazılmış
yolların acığına
yollar səriləcək ayağıma
üzünə cığırlar düşməmiş
addım səsi eşitməmiş

azadlığa
uc alan yollar
seçəcəm
o yollardan
gözüm tutan
ruhum yatan birini
gülə-gülə
doğulacam
arzuların bətnindən
sevib seçdiyim
azadlıq dünyasına
sonra da əl eliyəcəm
gəl deyəcəm
gözü yol çəkənlərə
gözünü
bu dünyadan
çəkənlərə

SƏNSİZ

Sevinə bilmirəm gələn sabaha,
Üzünə çırpıram qapılarımı.
Durub daşlıyıram doğan günəşi,
Gəlib artırmasın əzablarımı.

Uzanır əllərim telinə sənin,
Gözümə görünən əlimə dəymir.
Ovudur qəlbimi xatirələrin,
Əllərin gözümün yaşını silmir.

Duyub təkliyimi quru divar da,
Gecələr üstümə yeriyir səssiz.
Sənin varlığından doğan qürurum,
Əriyir gözümdə səssiz... səmirsiz.


Hansı günahımdı, altın çəkirəm:
Səsim Aya çatır, sənə yetişmir.
Nə mən bu həsrətdən ölə bilirəm
Nə də ki, bu həsrət sona yetişmir.

VECIN NƏ VECINƏ
(zarafatyana)

lələ köçmədi
lələ qaçdı
yurdu qaldı
yurdun nə vecinə
lələ gəldi
hay-küy saldı
Özünə təzə
yurd aldı
lələnin nə vecinə
vecin yükü azaldı
vecin nə vecinə

***

mən bir rəsm əsəriyəm
qara gündən yoğrulmuşam
ağ kətanda doğulmuşam
göy əskiylə
boz divardan asılmışam
dörd bucaqdan
çərçivəylə basılmışam
asan məni hara asıb
mən də ora qısılmışam
sabah
yəqin satılacam
ya da bəlkə
xəbərim yox
dünən artıq satılmışam


GÜL YANAQLAR MƏNI GÖRCƏK QIZARMIR

daha qızlar
mənə dayı deyirlər
gül yanaqlar
məni görcək qızarmır
ha yoluram saçlarımdan ağ tükü
şoğəriblər
azalmır ki azalmır

vaxt var idi
tələsəndə görüşə
sevib
seçib
gül alardım həmişə
yəqin güllər elə bilir ölmüşəm
daha əlim
o güllərə uzanmır

yadımdadı
mən qızları
ram edərdim sözümlə
yandırardım
söndürərdim özüm də
vaxt var idi
bacarmazdım özümlə
indi yarım gözlərimlə bacarmır

"Azərbaycan" jurnalı

XS
SM
MD
LG