Keçid linkləri

2024, 17 Noyabr, bazar, Bakı vaxtı 07:46

Valeh Bahaduroğlu. Şeirlər


-

Valeh BAHADUROĞLU

SƏNİ

Bir kitablıq sözüydün,
Yaza bilmədim səni.
Hər gün yuxuma girdin,
Yoza bilmədim səni.

Baharıydın, yazıydın,
Özün boyda nazıydın.
Mənə alın yazıydın,
Poza bilmədim səni.

PAYIZ

Yenə əlini çəkdi payız,
düzün-dünyanın üstünə.
Sığındı yovşan koluna
Çəmən çiçəkləri.
Aldanıb payız səmimiyyətinə
təzədən çiçəklədi gilənar ağacı.
Sonra da asdı özünü,
axşamın ayazından.
Çılpaq budaqlarını yuxusuna bələdi,
ərik ağacı.
Hardasa hürkdü bir sevgi
Titrədi bir ürək
Əlini çəkdi bir ömrün payızından,
Sonuncu yarpaq kimi.
Uyudu payız havasına,
Yenə dəniz balığıynan,
Küçələr maşınıynan,
Şəhər binalarıynan.
Təkcə köhnə divar dibində,
Peraşki iyi verən kağızla oynayan
Sarı pişik balasıydı oyaq qalan.

***

Bahar gülümsədi tumurcuqlara,
Küsüb getdi qışın oğlan çağı.
Ağaclar soyundu gəlinliyini,
Budaqlar hamilə qaldı
qırmızı gilənara
sapsarı əriyə,
gülöyşə nara.

"NƏ SƏN VERDİN, NƏ MƏN ALDIM, YAŞADIQ"

Gün-günü, ay-ayı, il-ili qovdu,
Nə sən verdin, nə mən aldım, yaşadıq.
Bəxt niyyəti çəkdi, mənzili qovdu,
Nə sən verdin, nə mən aldım, yaşadıq.

Kimi tərsdi, kimi sərtdi, kimi nə?
Səbr elədim xoş gəlmədi kiminə.
Ümid qoydum qəlb evimin himinə,
Nə sən verdin, nə mən aldım yaşadıq.

Kimi gördüm sandım doğma balammış,
Yurdum-yuvam, bürcümüymüş, qalammış,
Ömür elə dodaqucu salammış,
Nə sən verdin, nə mən aldım, yaşadıq.



İXTISAR

Dedin ki, bu ömrü yaşamadın sən,
Beş ili, on ili getdi havayı.
Nə hesablayırsan ixtisar elə,
Çıx, nisyə yazdığın cəmdən savayı.

De ki, səninkiymiş o hüzünlü gün,
Həyətdə ağappaq qurulan çadır.
Sən azalt ömrümü saatbasaat,
Ötür-iməkləmək dövrünə çatdır.

Çavanlıq çağımın üstündən xətt çək,
Gizlət həmişəlik ahıl yaşımı.
Söylə ki, o zaman utandığından,
Dünyadan götürüb qaçıb başını.

Çatdır adamlara sözün düzünü,
Heç zaman bilmədi həsrət çəkməyi.
Yummuşdu gözünü, açıb ağzını,
Öyrətdi şeytana papış tikməyi.

Sonra da söylə ki üzü gülmürdü,
İşi oyun idi, həngamə idi.
Dostun sevincinə şərik olmurdu,
Yaz ki, laqeyd idi, biganə idi.

Və sonda nöqtəni qoyma hələlik,
Qoy çatsın bir körpə cığır əcələ,
O qədər ixtisar elə, axırda
Heç nə bu ömürdən gəlməsin ələ.

SÜPÜRGƏ

Bir an bəzən bir tarixə,
Zamana, süpürgə çəkir.
Çərti şumda kəsir hamı,
Yamana süpürgə çəkir.

Ürəkdə köz, baxışda od,
Suçum varsa bağışla, od...
At ağzında bir çəngə ot
Zamana süpürgə çəkir.

Döydümü körüyü çəkic? -
Polad ömrüm kərpic-kərpic.
Boz dağlarda dəli gərmic
Dumana süpürgə çəkir.

Bir vaxtlar yoxdan var idim.
Yelkən idim, avar idim...
Sonda ölməyən ümidim,
Gümana süpürgə çəkir.


Nədir ürəklərə daman?
Yalvar, dua etsin şaman.
Tanrının əlində fərman-
Limana süpürgə çəkir.

İNSAF

Ürəyimə dolmuş insaf kimisən,
Onunçün bu qədər mərhəmətliyəm.
Bəlkə də təmkinin, səbrin dibisən,
Mən dözüm şərbəti dadmış bəxtliyəm.

Nə olsun ömür-gün keçir yarıdan,
Tanrı vergisini əsirgəməyib.
Bəlkə baxt sarıdan, iqbal sarıdan,
Məndən sevgisini əsirgəməyib?

Sirrimi-sovumu açıb deyimmi?
Bu dərdi çəkməyə hazıram, ancaq.
Taledən daxili zənginliyimi,
Sənin ayağına yazıram, ancaq.

Yüz qurban kəsirəm bu nəcibliyə,
Yanında əməlli hörmətim olsun.
Mən indi bildim ki, qayıdıb niyə
Mənə söyləyirdin "mürvətin olsun".

Səxavət taxtında rahat oturub,
Təbəssüm paylayan kövrək çiçəksən.
Hər yoldan ötənə insaf ötürüb,
Bütün insafını xərcləyəcəksən.

NƏĞMƏ

Çay bambaşqa dona girib
Öz açarını itirib.
Buludlar meyvə gətirib-
Nəğmədir, nəğmədir, nəğmə.

Yel üfürür köhnə qarı,
Göl buraxıb sudan qarın.
Arının vızıltıları
Nəğmədir, nəğmədir, nəğmə.

Susqun qaya mis rənglidir,
Bu yal-yamac sis rənglidir.
Şimşək saat tək zənglidir-
Nəğmədir, nəğmədir, nəğmə.

BAXMIR KI, BAXMIR

Nə pislyim keçib soyuq yellərin,
Yağışı üstümə yağmır ki, yağmır.
İrəli şığıyır ömrün illəri,
Bir çönüb arxaya baxmır ki, baxmır.

Soruşmur a qardaş, arxada nə var,
O bardaş qurduğun yarğanda nə var?
Çayında, çeşməndə, arxında nə var?
Suları arxamca axmır ki, axmır.

Susur Həzrət Məryəm, çaş qalır Adəm,
İçimi tərpədən allaha bəndəm.
Uçan xəyallarım toqquşur hər dəm,
İldırım gözümdə çaxmır ki, çaxmır.

Bu üzüyumşaq pir qədimdən qədim,
Burda uyuyan kim, orda yatan kim?
Qayada palıdla şəkil çəkdirdim,
Rəngini üzümə yaxmır ki, yaxmır.

Ərimir dağların köksünün buzu.
Külək qarşısında qurbanlıq quzu.
Vallah yaxşı görür üfüqün gözü,
Sarı çeşməyini taxmır ki, taxmır.

"Ulduz", "Azərbaycan"

XS
SM
MD
LG