İnsan Hüquqları üzrə Müvəkkilin (ombudsman) qəbul otağı şikayətçilərlə doludur. Mən də qəbul günü orda idim. Şikayətə gələnlər bir-birindən nəyisə soruşur, məsləhətləşir, dərdləşirdilər. Şikayətçilərdən biri - Adil Əliyev yanıqlı-yanıqlı məhkəmələrin onu süründürməsindən, beş ildir bütün məhkəmə instansiyalarını gəzməsindən gileylənir: «Məhkəmələr onlara verilən göstərişlə hərəkət edirlər. Bizdə qanunun aliliyi yoxdur, təəssüflər olsun ki, onlar sifariş yerinə yetirirlər».
O, deyir ki, məhkəmələrə inanmasa da, bundan sonra da şikayət edə biləcəyi bütün qapıları döymək fikrindədir. Ombudsman Elmira Süleymanova isə bildirir ki, şikayətə gələnlərin sayı günü-gündən artır. Bu il ona 6000-ə yaxın şikayətçinin müraciət etdiyini deyən ombudsman, məhkəmələrdən olan şikayətlərin daha çox olduğunu bildirir: «Məhkəmələrdən şikayətlərin sayı olduqca çoxdur. Bütün şikayətlərin üçdə biri qədər. Hakimlərə ərizələri göndərəndə deyirik ki, qərarınıza təsir etmədən işə baxılan zaman bu faktorları nəzərə alsanız yaxşı olar».
Xanım Süleymanova deyir ki, məhkəmələrdən olan şikayətlərdə daha çox süründürməçilik və qərarların ədalətsizliyindən bəhs edilir.
1 saylı cəzaçəkmə yerində cəza çəkən məhbus Əliyusif Hüseynov da hüququnun məhkəmədə pozulduğunu, ona törətdiyi əmələ görə, artıq cəza verildiyini deyir: «11 il iş almışam. Mənə pul borclu olublar, gedib almışam, buna görə məhkəmə mənə quldurluğa görə iş verdi. Nə qədər şikayət etmişəm, heç cavab da gəlmir».
«Hüquqi Dövlət» Araşdırmalar Fondunun prezidenti, hüquqşünas Müzəffər Baxışov işiylə bağlı tez-tez məhkəmələrdə olur. Hər dəfə məhkəmələrdən qanıqara çıxdığını deyir: «Məhkəmələrdə apardığım müşahidələr nəticəsində belə qənaətə gəlmişəm ki, Azərbaycanda hər hansı bir fiziki şəxsin törətmədiyi cinayətlə bağlı əgər məhkəmələrə sifariş versələr ki, ittiham hökmü çıxar, məhkəmələr bunu əziyyət çəkmədən edərlər. Bunun səbəbi hakimləri vəzifəyə icra hakimiyyətinin təyin etməsi, hakimlərin korrupsiyaya bulaşmasıyla bağlıdır». Cənab Baxışov düşünür ki, məhkəmələr müstəqil olarsa, insan hüquq və azadlıqlarının pozulması da minimuma enər.
Məhkəmələrdəki vəziyyət hökuməti də narahat edir. Prezident də tez-tez çıxışlarında məhkəmələrdə islahatların sürətlə aparılmasının vacib olduğunu deyir. Ədliyyə Nazirliyi isə islahatların sürətləndirilməsi üçün Avropa Şurası ilə birlikdə proqram hazırlayır. Ədliyyə naziri Fikrət Məmmədov deyir ki, məhkəmələrdə aparılan son monitorinq zamanı bir sıra nöqsanlar aşkar ediblər: «Hakimlər çox vaxt intizamı pozurlar, işlərinə etinasız yanaşırlar, vətəndaşları get-gələ salırlar, bu isə ədalətsiz qərarların qəbuluna gətirib çıxarır. 10 hakim haqqında intizam icraatı başlanıb. İndiyə qədər haqqında intizam icraatı aparılan hakimlərin sayı isə 49-dur».
Məhkəmə-Hüquq Şurasının apardığı islahatlar sırasına yeni hakim seçkiləri də daxildir. Bir neçə gün əvvəl hakim seçkilərinin növbəti mərhələsi başa çatdı. Hüquqşünaslar deyirlər ki, ancaq ədalətli məhkəmə vətəndaşların hüquqlarının təminatçısı kimi çıxış edə bilər.