Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 22:37

İlqar Məmmədovun işinə Ali Məhkəmənin plenumunda baxılacaq


Faiq Qurbanov
Faiq Qurbanov

-

Gözlə

No media source currently available

0:00 0:04:21 0:00
Direct-ə keçid

Avropa Şurası İnsan Haqları Komissarı Nils Muižnieks AzadlıqRadiosuna son müsahibəsində ədliyyə naziri Fikrət Məmmədovla görüşünün «çətin» keçdiyini, görüşdə REAL hərəkatının sədri İlqar Məmmədovun işi, QHT-lərin məsələsinin müzakirə olunduğunu deyib.

Komissarın sözlərinə görə, nazir ona deyib ki, Avropa Məhkəməsinin yerinə yetirilməyən qərarları məsələsinə baxılacaq. AzadlıqRadiosu Ədliyyə Nazirliyinin insan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin rəisi Faiq Qurbanovdan İlqar Məmmədovun işinə nə vaxt baxılacağını soruşub.

– Avropa Məhkəməsinin qərarlarına diqqətlə yanaşılır və həmişə baxılır. Bu qərara da baxılacaq. Konkret vaxtını bilmirəm. Bir şeyi bilirəm ki, Avropa Məhkəməsinin qərarı varsa, bu, Ali Məhkəmənin plenumuna çıxarılır.

– Cənab nazir deyib ki, hakim səhvə yol veribsə, cəzalana bilər. Gözləmək olarmı ki, bu işin bədəlini hakim ödəyəcək?

– Bilmirəm açığı. Ancaq cənab nazir deyibsə, deməli, bu sözdə həqiqət var. Cənab nazir bilirsiniz ki, Məhkəmə Hüquq Şurasının sədridir, bu məsələlərlə həmin şura məşğul olur. Ancaq konkret cəza olacaq, ya yox, bunu deyə bilmərəm.

– Həbsdə olan, yerli və beynəlxalq hüquq-müdafiə təşkilatları siyasi məhbus saydığı şəxsləri azadlığa buraxmağa çağırır. Ancaq ötən həftə 3 hüquq müdafiəçisinin həbs müddəti uzadıldı. Bu da ölkədə siyasi məhbusların əksəriyyətinin ilin sonunadək həll olunacağına ümidləri azaltdı. Siz necə düşünürsünüz?

– Mən ölkədə siyasi məhbus olmadığını düşünürəm. Qondarma anlayışdır. Beynəlxalq hüquqda belə bir termin yoxdur. Siyasi məhbus və vicdan məhbusu anlayışlarını Beynəlxalq Amnistiya təşkilatı müəyyənləşdirib ki, bu da beynəlxalq qeyri-hökumət təşkilatıdır.

– Ancaq Avropa Şurası da siyasi məhbus anlayışını müəyyənləşdirib.

– Avropa Şurasının ekspertləri məxsusi Azərbaycanla bağlı kriteriyalar hazırlamışdı. O qədər yayğın kriteriyalar idi ki, anlamaq da olmurdu. Belə çıxır istənilən adamı siyasi məhbus adlandırmaq olardı. Bu, beynəlxalq hüququ yaxşı bilməməkdən irəli gəlir. Necə olur ki, bu boyda Avropa məkanında tək Azərbaycan üçün kriteriyalar hazırlanır? Azərbaycan bəyəm o qədər geridə qalmış totalitar dövlətdir? Yəni bu, Azərbaycana ikili standartlardan yanaşmanı göstərir.

– Ötən həftə işini bərpa etmiş İşçi Qrupun fəaliyyətinin bir hissəsi də siyasi məhbuslar məsələsidir.

– Mən özüm vaxtilə o İşçi Qrupun üzvü olmuşam, indi də üzvüyəm. O vaxt qəbul olunmuş memorandumla İşçi Qrup razılığa gəlib ki, «siyasi məhbus» termini yox, «məhkəmə prosesi zamanı hüquqlarının pozulması ehtimal olunan şəxslər» işlənsin. Budəfəki İşçi Qrup genişləndirilib və adı da dəyişilib. Daha siyasi məhbus söhbəti yoxdur. İndi bu qrupun adı belə gedir – İnsan Hüquqları üzrə Birgə İşçi Qrup.

– Komissar nazirlə söhbətində QHT qanunvericiliyinə dəyişikliklərlə bağlı çağırış edib. QHT qanunu və onun tətbiqinə yenidən baxmaq imkanları yarana bilərmi? Nə gözləyək?

– Parlament qanuna əlavələri qəbul edib. İndi onu imzalamaq prezidentin müstəsna səlahiyyətidir. Bu dəyişikliklərə birmənalı neqativ münasibət yoxdur. Kimlərsə aranı qatıb deyir ki, guya məqsəd QHT-lərin fəaliyyətinə maneə törətməkdir. Görürsüz ki, Azərbaycanda nə qədər QHT işləyir, nə qədər QHT qeydiyyata alınır. Qanunu təqdim olunan variantda qəbul edib etməmək isə prezidentin səlahiyyətindədir. Hər halda gözləyək.

– Bəs bağlanan QHT-lərlə bağlı statistika varmı? IREX daxil olmaqla, xarici və yerli QHT-lərdən neçəsi son bir neçə ayda bağlandığını elan edib?

– Əlimdə belə rəqəmlər yoxdur, deyə bilmərəm. Ancaq bu, kampaniya xarakterli məsələ deyil. Dövlət qeydiyyatından keçməyib fəaliyyət göstərən QHT-lər də var. Yəni bağlanma ancaq indi deyil, həmişə baş verən prosesdir. Onların fəaliyyəti qanunvericiliyə uyğun müşahidə olunur. Pozuntuya yol verirlərsə, barələrində qanunvericiliyə uyğun tədbir görülür.

– Ancaq son aylar hesabları dondurulan bir neçə QHT bağlandığını elan edib.

– Ola bilər ki, həmin qurumlar öz fəaliyyətlərində müəyyən qayda - qanunları pozurlar. Dəqiq rəqəm deyə bilməyəcəyəm, məndə belə bir informasiya yoxdur. Ancaq bunu faciə kimi də qəbul etmək lazım deyil, adi prosesdir. Kim qanuna riayət edirsə, fəaliyyətini davam etdirəcək, pozursa, onunla bağlı adekvat tədbir görüləcək.

XS
SM
MD
LG