Sabin Frayzerin sözlərinə görə, son bir neçə ayda danışıqlarda müzakirə olunan prinsiplərin razılaşdırılmasına əsasən iki məsələ mane olur: «Birinci məsələ Dağlıq Qarabağın statusu, ikinci isə Kəlbəcər və Laçınla bağlıdır. Mən belə bir qənaətə gəlmişəm ki, məhz bu iki məsələ razılıq əldə olunmasına maneçilik törədir».
Xanım Frayzer deyir ki, tərəflər müzakirə olunan prinsiplər üzrə kompromis əldə olunması üçün əlavə addımlar atmalıdırlar.
Avropa Birliyinin Qonşuluq Siyasəti üzrə Fəaliyyət Planına Dağlıq Qarabağ münaqişəsilə bağlı məsələnin salınmasını müsbət qiymətləndirən Sabin Frayzer bildirir ki, bu, Avropa Birliyinin Cənubi Qafqazda münaqişənin bərpasından narahatlığını göstərir. Yəni müharibə qızışarsa, bu, birliyin maraqlarına da zidd olacaq: «Avropa Birliyinin münaqişəni başa düşməsi və onun müsbət həllinə nail olmaq cəhdləri mühümdür».
GUAM ölkələrinin sülhməramlı qüvvələr yaratmaq məsələsinə gəlincə, xanım Frayzer deyir ki, bu ideya tamamilə yeni olduğuna görə, həmin qüvvələrin imkanlarını təsəvvür etmək də çətindir. BBQ rəsmisinin sözlərinə görə, əvvəllər sülhməramlılarla bağlı qərarları BMT verib, ona görə də GUAM sülhməramlılarının təşkilatla necə işləyəcəyi məsələsi aydınlaşmalıdır.