Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 05:32

Ən təmizkar qadınlar kimi deyinirəm...


Vasif Əlihüseyn
Vasif Əlihüseyn

-

Vasif Əlihüseyn

ƏN TƏMİZKAR QADINLAR KİMİ DEYİNİRƏM

Heç nə sənin bildiyin kimi deyil.

Uzaqdan baxanda,

bu tənha evimdə kefdəyəm səncə,

təkliyimi də hiss edərsən

mən ölüncə.

Stolumun üstündə

iştahsızlığımın işarəsi olan

kolbasa qırıntıları,

dünəndən qalmış çörək

və hər gün yanından keçdiyim

zibil torbası var

qapımın ağzında.

Hardasa, evi sildiyim yerdə

şəklimi çəksəm, doyunca gülərsən...

ən təmizkar qadınlar kimi deyinirəm

evi təmizləyəndə...

ən təmizkar kişilər kimi geyinirəm

sən olmasan belə

İsinmir bu otaq, isinmir,

ikicə qızarmış siminə qısılmışam sobanın

rayondan gətirdiyim yorğanıma bürünmüşəm.

uzanıb sabahın açılmağını gözləyirəm

evdən çıxmaq üçün.

QALSAQ, TİKƏ-TİKƏ AYRILACAĞIQ

Qalsaq, tikə - tikə ayrılacağıq,

getsək, Allah bilir unudacaqlar.

Bizi görənlərin başına xeyr,

hələ, min cürə söz çıxaracaqlar.

Kiçik sevgilərin içi doludu,

Geniş ürəklərdən az tapmaq olur.

Gecəni gözləyək, çıxıb getməyə,

Çoxun gecəyarı aldatmaq olur.

Qaçaq bu küçənin çamır yoluyla,

Sevgi ünvanını sonra deyərik.

Sevgini əlində elə saxla ki,

Küçəni çıxdıqdan sonra geyərik.

Qalsaq, tikə - tikə ayrılacağıq,

getsək, Allah bilir unudacaqlar.

Bizi görənlərin başına xeyr,

hələ, min cürə söz çıxaracaqlar.

QAYIT MƏNİ ATAN YERƏ

Bu sabahın üzü gedir,

ömür sona çatan yerə.

Qoy əlini gözün üstə,

boylan günəş batan yerə.

Əllərim bir əlçim çiçək,

yolundadı ləçək-ləçək.

Kim səni hardan görəcək?

qayıt, məni atan yerə.

Ömrümüz birdi, ötüşür,

Yaşayırıq hələ şükür.

Gecələri zülmət düşür,

nənələrim yatan yerə.

XS
SM
MD
LG