İstər müxalifət partiyaları, istərsə də ekspertlər bu fikirdədirlər ki, müxalifətin hansısa məsələyə narazılığını bildirməsi üçün qanunvericilikdə yetərincə imkanlar var. Amma, hakimiyyət bu imkanlardan istifadə etməyə mane olur. «Turan» İnformasiya Agentliyinin eksperti Zəfər Quliyev isə düşünür ki, mühüm olan başqa suala cavab tapmaqdır. Cəmiyyətin özündə etiraz etmək istəyi varmı? İndiki halda inamsız və biganə görünən cəmiyyətdə bu istək olarsa etirazını bildirmək üçün vasitə tapmaq o qədər çətin deyil.
Müxalifətdə olan Müsavat Partiyasının rəhbərləri ötən il parlament seçkilərindən sonra aksiyaların keçirilməsinə qoyulmuş qadağanın aradan qaldırılmasına çalışdıqlarını, bu yolla həm də cəmiyyəti fəallaşdırmaq istədiklərini deyirlər.
Xalq Cəbhəsi Partiyasının fəalları isə toplaşmaq hüququnun bərpası uğrunda yox, onun cəmiyyətlə təmasını yaradan mətbuatın üzləşdiyi təzyiqlərə etiraz bildirmək üçün oktyabrın 27-dən aclıq aksiyasına başlayacaqlar. Onlar eyni etirazlarını Prezident Aparatının qarşısında silsilə piketlər keçirməklə də bildirməyə hazırlaşırlar. Partiyanın sədri Əli Kərimlinin sözlərinə görə, lokal xarakterli olan bu aksiyalar nəticə vermədiyi halda mitinqlərin keçirilməsini gündəmə gətirəcəklər: «İctimaiyyətlə, fəallarla görüş keçirib aclıq aksiyasına, piketlərə münasibət öyrənəcəyik. Bundan sonra mitinqlə bağlı qərar verərik».
Onu da demək yerinə düşər ki, təxminən bir ay öncə AXCP-nin də daxil olduğu «Azadlıq» bloku qeyri-hökumət təşkilatları ilə birgə mətbuata olan təzyiqlərlə bağlı geniş imzatoplama kampaniyasına başlayacağını bəyan etmişdi. Amma, nə bu kampaniyanın gedişi, nə də nəticəsi barədə məlumat olmadı. Əli Kərimli bildirir ki, bu kampaniya hələ davam edir: «Bu ictimai müqavimətin ən mühüm formalarındandır. Kütləvi aksiya keçirməsək də, dəyirmi masa keçirmişik, bəyanat vermişik. Daha nə qalır? İctimai etirazı ifadə edən vasitələrdən biri də on minlərlə adamın imza toplamasıdır».
«Turan»ın eksperti Zəfər Quliyev isə düşünür ki, yaxın aylarda nə hakimiyyət mitinqlərin keçirilməsinə icazə verəcək, nə də cəmiyyət bu cür aksiyalarda iştiraka həvəsli deyil. Ona görə müxalifət işləməyin yolların tapmalıdır, öz mövcudluğunu qorumaq istəyirsə, onun sözünü topluma çatdıran mətbuatın sıradan çıxmasına imkan verməməlidir: «Mətbuat da susdurulsa müxalifət də, cəmiyyət də birdəfəlik susacaq».
Müxalifətin etirazını bildirmək üçün daha bir imkanı var. Bu da parlament tribunasıdır. «Müsavat»ın deputat qrupunun üzvü Pənah Hüseyn deyir ki, Bakı Şəhər İcra Hakimiyyəti kütləvi toplantılara icazə verilməməyi davam edərsə deputatların aksiyasını keçirə bilərlər: «Belə fikir var ki, deputat qrupu özü aksiya elan etsin. Özləri iştirak edib cəmiyyətin diqqətini cəlb etsinlər. Dörd-beş millət vəkili olsaq da piket keçirmək bizim haqqımızdır».
Müsavat Partiyasının keçən ilki parlament seçkilərində mandat qazanmış bir neçə üzvünün parlamentə getməsi müxalifət düşərgəsində ciddi polemikalara səbəb olmuş, hətta onların bu qərarı müxalifət blokunu parçalamışdı. İndi parlamentdə «Müsavat»ın deputat qrupunda fəaliyyət göstərən Pənah Hüseyn deyir ki, Milli Məclisin Konstitusiyada da hüquqları məhduddur. Üstəlik hakimiyyət deputatların mövcud olan kiçik səlahiyyətlərini də məhdudlaşdırır deyə onlar öz məhdud hüquqlarının bərpasına çalışırlar.
Jurnalistlər arasında belə fikirlər də dolaşır ki, güclü olarsa, müxalifət hakimiyyətlə mübarizəsinə yol tapmaqda çətinlik çəkməz. «Ayna» qəzetinin əməkdaşı Azər Rəşidoğlu hesab edir ki, müxalifətin etirazını bildirmək üçün onlarla vasitə ola bilər. Sadəcə, bu yollara daha yaradıcı yanaşmaq və Azərbaycan reallığında ən uğurlusunu seçmək lazımdır.