Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 22:22

Eyyub Hüseynov: ««Azəriqaz» kolxoz yaratmaq istəyir»


Bu qış qazpulunun az yığıldığı rayon mərkəzləri və şəhərlər qazsız qala bilər
Bu qış qazpulunun az yığıldığı rayon mərkəzləri və şəhərlər qazsız qala bilər

Bu həftə leriklilər ikiqat bayram etdilər. Azərbaycanın cənubunda – dağlar qoynunda yerləşən bu rayona ilk dəfə qaz çəkildi. Düzdür, təbii qaz hələlik 100-120 evə verilir. Amma yaxın aylarda bütün Lerikin qazlaşdırılacağı vəd olunub. Lerik sakini Qalib Ağayevsə bütün rayonun adından söz verməyə hazırdır ki, abonentlər qazpulunu vaxtlı-vaxtında verəcəklər: «Bu, çox böyük hadisədih. Əhali dağılışmayacaq. Qaz abadlıqdır, yeni iş yerləridir. Meşələr qırılmayacaq».



Amma «Azəriqaz» Qapalı Səhmdar Cəmiyyəti bir yandan sevindirsə də, o biri yandan ürək açmayan bir xəbərdarlıq etdi. Bu qış qazpulunun az yığıldığı rayon mərkəzləri və şəhərlər qazsız qala bilər. Qurum qazpulunu yığmaq üçün yenicə tətbiq etməyə başladığı üsulu yenə də davam etdirmək, sadəcə, bütöv rayon və şəhərlərin qazını kəsmək niyyətindədir. Bunu Səhmdar Cəmiyyətin rəhbəri Əlixan Məlikov deyir.



«Azəriqaz» bu qış qazın qiymətinin qaldırılmasını da istisna etmir. Səhmdar Cəmiyyətdən bildirirlər ki, Rusiyadan alınan qaz bahalaşarsa, qiymətlərə təsirsiz ötüşməyəcək
«Azəriqaz»ın bu addımının istehlakçının hüququnu pozduğunu bildirən İstehlakçıların Hüquqlarını Müdafiə Birliyi isə artıq 40 səhifəyə yaxın şikayəti Respublika Prokurorluğuna təqdim edib. Birliyin sədri Eyyub Hüseynov deyir ki, «Azəriqaz» qurunun oduna yaşı da yandırır. İstehlakçıların hüquqlarının müdafiəsi ilə bağlı qanunda deyilir ki, bazarda inhisarçı qurum istehlakçını fasiləsiz və keyfiyyətli xidmətlə təmin etməlidir. İstehlakçının seçim hüququ olsa da, inhisarçı «Azəriqaz» ona alternativ varianta əl atmağa imkan vermir. Və bu halda öz şərtlərini diktə edir: «Təəssüflər olsun ki, «Azəriqaz» kolxoz yaratmaq istəyir. «Birimiz hamımız, hamımız birimiz üçün» devizi altında ictimai məzəmmət mexanizmi həyata keiçrmək istəyir. Sovet dövründə olduğu kimi, 50 faiz qaz vermədiyinə görə yerdə qalanların qazını da kəsir. Bu, qətiyyən düz deyil. İstehlakçı fərddir. Bir nəfər də pul versə, qazla təmin olunmalıdır».

İstehlakçıların şikayətlərini araşdıran Respublika Prokurorluğu isə bu yöndə araşdırmaların başa çatmadığını və bu üzdən açıqlama verə bilməyəcəyini deyir. Ancaq qazsız qalan yalnız rayon mərkəzləri və ya ölkənin ikinci-üçüncü şəhəri sayılan Sumqayıtla Gəncə deyil. Paytaxtın ətraf qəsəbələrində də camaat sentyabrın ortalarından mavi yanacağın zəfiləməsindən şikayətçidirlər. Əhmədlidə yaşayan Həmayıl xala deyir ki, xörək bişirmək üçün ya gərək səhər o başdan dursun, saat 9-a kimi biş-düşünü etsin, ya da gərək gecə saat 12-dən sonranı, şəhərin yuxuya getməsini gözləsin: «Demək olar ki, qaz vermirlər. Səhər saat 9-a kimi gəlir. Bir də axşam saat 5-6-da bir az artır, sonra yenə azalır. Mənim 65 yaşım var. İnfarkt keçirmişəm. Gecə saat 1-dən sonra yemək bişirirəm. Gündüz də elektrik sobasında qızdırıram. Borcumuz da yoxdur. Qaz İdarəsindən də deyirlər ki, təzyiq aşağı düşüb».



«Azəriqaz»dan isə bildirirlər ki, üzü payıza doğru qazın azalması onların günahı deyil. Bakı şəhərinin istilik sistemində və su təchizatında ciddi problem olduğundan gərginlik yaranır. Səhmdar Cəmiyyətin Mətbuat Xidmətinin rəhbəri Kamandar Eyvazlı: «Soyuq havada qaz çatışmazlığı hiss olunur. Mənzillərin qızdırılması aşağı səviyyədədir. Bakıya su vaxtla verilir deyə, problem yaranır. Su axşam saatlarında verildiyindən hamı isti sudan eyni vaxtda istifadə edir. Eyni vaxtda cihazlar işə düşür».


Ekspertlərsə belə düşünmürlər. «Turan enerji» məcmuəsinin eksperti İlham Şaban bunun bəhanə kimi səsləndiyini deyir. Digər ekspert, İqtisadi Tədqiqatlar Mərkəzinin əməkdaşı Rövşən Ağayevə görəsə, bu, ölkənin qaz çatışmazlığı ilə bağlı ola bilər. Ölkənin paytaxtını qazla təchiz edə bilməyən hökumət üstəlik regionları qazlaşdırmaq istəyir. Ancaq ekspertə görə, “qaz çatışmadığından o, Əlinin papağını Vəlinin başına qoyur və bəzən də bütün şəhər və rayonlar qazsız qalır”. «Azəriqaz» isə bu deyilənlərlə razılaşmır və yeraltı qaz anbarlarında qışı çıxmaq üçün yetərincə ehtiyatı olduğu bildirir.


XS
SM
MD
LG