Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 20:02

Səni öpmədiyim günlərin qəzaları qalıb dodaqlarımda...


Vasif Əlihüseyn
Vasif Əlihüseyn

-

Vasif Əlihüseyn

EVDƏ HEÇ KİM YOXDU...

Yaxşı ki,

sən getdin.

Sənin bilmədiyin

hüzn başladı ömrümdə.

Bütün çay evlərinin

iki müştərisi azaldı onda.

Günü on manata işləyən rayon qadını

dodaq boyalarına bələnmiş

stəkanları yudu deyinə-deyinə.

Sonra,

səni qısqandığım paltarlarda

şəkillərini paylaşdın.

Bircə yol

üzüm gəlmədi ki, soruşam:

-Müəllif kimdi?

Qayıdıb öz evimə gəldim

qapımı döydüm.

qonşu uşağı,

qaçdı üstümə:

- əmi, muştuluğumu ver,

evdə heç kim yoxdu.

ÇAYIMI STƏKANDA DƏMLƏMƏKDƏN BAŞLAR UNUTMAQLAR

Sısqa yağışlar yağar küçəmizdə,

külək əsər, evlərin üstünü

götürüb aparmaq üçün.

Başını

pəncərədən bayıra çıxarmaz qonşular,

görməzlər getməyini -

acıqlanmazlar arxanca.

Hər şey kiçilər sən gedən gün,

Çayımı stəkanda dəmləməkdən

başlar ayrılıq.

Qoşa şəklimizin altında,

hələ tək yatmaqlar.

Hər axşam,

evə gec qayıtmaqlar var,

Hər axşam,

“Kilki” yemək var, səndən sonra.

Evimin içində bir otaq,

otağın içində bir şeir olar

arxanca yazılmış.

Belə,

arxanca danışmaq kimi çıxmasın,

səni öpmədiyim günlərin

qəzaları qalıb dodaqlarımda.

XS
SM
MD
LG