Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 12:03

Yanan binanın sakinləri kirayə ev sorağında


Binanın girişinə kirayə evlərin qiyməti ilə bağlı elanlar yapışdırılıb.
Binanın girişinə kirayə evlərin qiyməti ilə bağlı elanlar yapışdırılıb.

-

«Kirayələr qalxıb, 300-400 manatdır. Elə axtara-axtara qalmışıq…».

Aprelin 10-da Zığ yolu 16 ünvanda yerləşən yanmış binanın sakinləri indi də kirayə ev tapmaq qayğısı ilə yaşayır. Bir-iki gün yaxınlarının evlərində qalan sakinlər ev soraqlaşır.

Bu arada ev dəllalları yanmış binanın girişinə kirayə evlərin qiyməti ilə bağlı elanlar yapışdırıblar. Həmin elanlarda 300-400 manatdan aşağı ev yoxdur.

KİRAYƏ PULU VAR, KİRAYƏ EV YOXDUR

Xətai rayon İcra Hakimiyyətindən kirayə üçün verilən 500 manatı alandan sonra kirayə ev soraqlayanlardan biri İsmayıl Əliyevdir. Deyir ki, pul veriblər, ancaq onlara yaxın ərazidə ev tapa bilmirlər:

«Kirayə pulu veriblər. Ancaq ev tapmaq elə də asan deyil, çünki hamı axtarır, biz də axtarırıq. Hələ ki, tapa bilməmişəm. Hara gediriksə, deyirlər kirayə ev yoxdur. Camaat istəyir ki, əvvəl yaşadığı yerə yaxın olsun. Bizim uşaq məktəbə gedir, uzaq yerdə sərf etmir. Axtarırıq, olmayacaq, maşında yatacağam».

Bina sakini Emin Eyvazovun bəxti gətirib. Yanğından sonra 4-nəfərlik ailə başçısı dərhal ev axtarışına başlayıb:

«Günəşlidə ikiotaqlı evi 400 manata tapmışam. Maraqlandım, tanışım idi, dedi var. Nə qədər qalmalı olsaq, orada olacağıq. Əşya yoxdur, hamamda, bir də mətbəxdə yüngülvari əşyalar var. Əslində boş mənzildir. Çox bahadır, bilmirəm bu yanğına görədir, yoxsa əvvəl də belə olub».

Təranə Əzizova isə ev tapmayanlardandır. Neçə gündür qohumunun evində qalır. Hər gün yanmış evinə gəlib bir-iki əşya aparır. Deyir, başları yanmış ev əşyalarını saf-çürük etməyə qarışdığından ev tapmağa vaxt qalmayıb:

56 ailənin hər birinə 500 manat olmaqla 2 aylıq kirayə pulu verilib.
56 ailənin hər birinə 500 manat olmaqla 2 aylıq kirayə pulu verilib.

«Mənim uşağım bu ərazidə məktəbə gedir. Gərək kirayə ev də burda olsun. Burdan da haradan soruşuruq, yoxdur. Sabahdan gərək əməlli-başlı axtaraq, uşaq da dərsdən qalır».

1-2 OTAQLI BOŞ MƏNZİL 300 MANAT, ƏŞYALARI OLAN 400 MANATDIR

Yanmış binanın ərazisində ev alqı-satqısı, kirayəsi ilə məşğul olanlar deyir ki, kirayə evlər onsuz da baha idi. İndi bu ərazidə tələbat artdığından qiymət də bahalaşıb.

Ev dəllalı Tamerlan Bağırov deyir ki, kirayə evlərin bahalığının bir səbəbi yanğından əvvəl də tələbatın çox olması ilə bağlıdır:

«Bu ərazidə bina evlərində 1-2 otaqlı mənzil 300 manat, həyət evlərində 250 manatdır. Normal əşyaları olarsa, bina evində 2 otaq 400 manatdır. Kirayə bahadır, çünki tələb çoxdur. Əvvəllər ancaq tələbələr kirayə götürürdüsə, indi işləməyə gələn bölgələrin əhalisi çoxdur. Fəhlələr işləməyə gəlir, ailəsini də gətirirsə, bir yox, heç olmasa, ikiotaqlı ev axtarır. Ev almaq üçün müraciət edən yoxdur, hamı kirayə axtarır. Dollar qalxandan sonra vəziyyət lap pis oldu, yalandan gəlib otururuq burda».

KİRAYƏ BAZARINDA BAHALANMA 2.2 FAİZ OLUB

Daşınmaz əmlak eksperti, «NBA Consulting» şirkətinin rəhbəri Nüsrət İbrahimli deyir ki, bazarda tələbə uyğun qiymətlərin qalxması təbiidir. Ümumilikdə isə son bir ildə mənzillərin satışı 6 faizdən çox bahalaşıbsa, kirayə bazarında bahalanma 2.2 faiz olub.

Bir-iki gün yaxınlarının evlərində qalan sakinlər ev soraqlaşır.
Bir-iki gün yaxınlarının evlərində qalan sakinlər ev soraqlaşır.

«Bazarda tələb artanda, təklif də ona dərhal reaksiya verir. O ərazidə tələb çoxalıbsa, qiymətlər də qalxa bilər. Ümumilikdə kirayə bazarına gəldikdə, infrastruktur inkişaf etmiş yerlərdə, elm-təhsil müəssisələrinin, metro stansiyalarının yaxınlığına tələb yüksəkdir. Bu ərazilərdə qiymətlər daha bahadır. Gəlirlərlə müqayisədə isə kirayə qiymətlər nisbətən yuxarıdır».

Hazırda Bakıda 100 manata da (şəhər ətrafında), 10-12 min manata da (5 mərtəbəli villa) kirayə ev var.

«56 AİLƏYƏ 500 MANAT OLMAQLA İKİAYLIQ KİRAYƏ PULU VERİLİB»

O ki qaldı yanan evin sakinlərinə, Xətai rayon Fövqəladə Hallar Komissiyasının üzvləri həmin binadakı mənzillərə baxış keçirilib. Xətai rayon İcra Hakimiyyətindən AzadlıqRadiosuna verilən məlumata görə,112 mənzildən 56-sı yanğından ziyan çəkib. 56 ailənin hər birinə 500 manat olmaqla 2 aylıq kirayə pulu verilib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları isə binada inventarizasiya aparıblar. Rəsmi məlumata görə, əvvəldən sığortalanan mənzillərin sahibləri sığortalarını alacaqlar. ​

XS
SM
MD
LG