Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 23:43

Qız qalasına «təcavüz etmiş» avropalını söyənlərə


Orxan Bahadırsoy
Orxan Bahadırsoy

-

Avropalı öz həyatını yaşayır. Yaşamağın dadını çıxarır. Sizin kimi fikirləri qandallanmış məhkumlar deyil onlar! İnsandırlar!..

Orxan Bahadırsoy

Avropa

Bizim “Qız qalasında” çılpaq şəkil çəkdirən adamdan danışacağam. Nə danışım? Bilirsiz də...

Adam çıxıb “Qız qalası”ının üstünə, tamam soyunub, görə bildiyi gözəlliklərə baxır və fotoqraf onu arxadan çəkir.

Bizim məlum yerlilərimiz doluşublar “qeyrət-namus”, “adət-ənənə”, “mənəvi dəyər”, “mentalitet”, “din”, “əxlaq” və başqa bu kimi pafoslu çıxışlar etməyə!

Sosial şəbəkələrdə ən məşhur səhifələrin, qrupların üzvləri elə alovlu, pafoslu çıxışlar edirlər... hər yerlərindən əxlaq, namus, qeyrət fontan vurur!

Avropanı pisləyirlər – “Al, bu da sənə Avropa mədəniyyəti!” Sizə gülməli gəlmir? Bu şəkildə Avropanın mədəniyyətini bir dal şəklində görənlər necə mədəniyyətdən danışırlar ki? O adamın sərbəstliyini, azadlığını, həyatdan aldığı həzzi, zövqü, əyləncəni, adrenalini, marağı görməyib, ancaq dalı görən adamlardan nə gözləmək olar?

Azərbaycanda müzakirələrə səbəb olmuş foto
Azərbaycanda müzakirələrə səbəb olmuş foto

Avropalı öz həyatını yaşayır. Yaşamağın dadını çıxarır. Sizin kimi fikirləri qandallanmış məhkumlar deyil onlar! İnsandırlar! Adamdırlar! Sürünmürlər, yaşayırlar! Azaddırlar! Daha nə deyim? Necə ifadə edim onların xoşbəxtliyini?

O çılpaq adamın şəkildəki müəzzəm azadlığını görəndə mən o “Qız qalası”ndan özümü atmaq istəyirəm! Məsələ bu adamın soyunmağı deyil. Şəkildə sadəcə dalı görənlər bütün ömrü boyu daldan başqa bir şey düşünməyib ki?!

Gedib çıxasan Eyfel qülləsinə, ya da Monte Bianko zirvəsinə, əlində likör şüşəsi, nə bilim, lap tekila olsun, lüt-üryan soyunasan və qışqırasan ki, baxın, mən də sizin kimi azadam və xoşbəxtəm! Onlar mənim dalımı yox, xoşbəxtliyimi görəcəklər!

Avropaya dil uzatmaq üçün adamda hünər lazımdır e!? Mən əslində bu ataları heç bəyənməsəm də görürəm ki, hərdən düz sözləri də olub – “Pişiyin əli ətə çatmayanda deyər iylənib!”

Bəzi professorlarmız gedib Avropanın orta məktəb şagirdi ilə hər hansı elmi müzakirəyə girişsə, dörd tərəfindən çat verib tər-su içində Azərbaycana qayıdar və anlayar ki, o, ancaq Azərbaycanın sərhədləri daxilində biliklidir, bir də Azərbaycandan daha az inkişafda olan ölkələrdə. Avropada o ibtidai sinif şagirdidir. Sözümün canı odur ki, belə bir cəmiyyət durub avropalıya əxlaqsız, namussuz, qeyrətsiz deyə bilməz. Buna haqqı yoxdur!

Bütün bu üsyanın əslində sadə bir səbəbi var – Azərbaycan insanı paxıllıq edir! O heç cür öz məhdud çərçivəsindən, düşüncəsinə kilidlənmiş qandallardan qurtula bilmir. Onu edam edərlər, asarlar, kəsərlər, doğrayarlar! Belə məqamlarda özündən çıxır, özünü itirir, bilmir neyləsin! İçində çürüyüb üfunət tutan bütün xəbisliklərini qusur lüt avropalının üstünə!

Avropalının beyni və mənəviyyatı o qədər doludur ki, ona isti olur. Məcburdur ki, soyunsun və özünü soyutsun. Şərq insanı isə beyni və mənəviyyatı boşdur, məcburdur ki, qapansın və öz boşluğunu doldursun!

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG