Keçid linkləri

2024, 20 Noyabr, çərşənbə, Bakı vaxtı 16:25

Aranda pambıq əkən fermerlər təşviş içindədir


Bu il İmişlinin Aranlı kəndində 600 hektar pambıq əkilib.
Bu il İmişlinin Aranlı kəndində 600 hektar pambıq əkilib.

-

«Beynəlxalq Bank işi» ilə bağlı «CTS-Agro» MMC rəhbərinin həbsi bu il pambıq əkini aparılmış minlərlə hektar sahədə işlərin dayanmasına səbəb olub. Bu barədə AzadlıqRadiosuna danışan fermerlər texnikasız, gübrəsiz, dərmansız və pulsuz qaldıqlarını söyləyirlər. Fermerlərin dediyinə görə, hökumət təcili kömək göstərməyəcəyi təqdirdə zərərə düşəcəklər.

FERMERLƏR PAMBIĞI ÖZ HESABLARINA ƏKƏ BİLMİR

İmişlinin Aranlı kəndində yaşayan Kərim Kərimov deyir ki, yaşayış məntəqəsinin pambıqçılıq ənənəsi olub:

«Bu il rayon üzrə 1100 hektar sahədə pambıq əkilib ki, onun yarıdan çoxu- 600 hektarı bu kəndin payına düşür. Bizdə bu sahənin yaxşı biliciləri var. Pay torpaqlarının yaşayış evlərindən on kilometrlərlə uzaqda yerləşməyinə, şəraitsizliyə baxmayaraq, adamlar torpağını boş qoymur. Pambıq çox zəhmət tələb edən, maya dəyəri baha başa gələn bitkidir. Həm öz imkanımız, həm də güzəştli şərtlərlə olan kreditə çıxış yoxdur deyə, bu işin xərcini çəkə bilmirik. Ona görə «CTS-Agro» MMC ilə müqavilə bağlamışıq».

Qabaqcıl fermerin bildirdiyinə görə, indiyədək «CTS-Agro» MMC onlara şum, mala-səpin, kultivasiya, ziyanvericilərə qarşı mübarizə, məhsulun sahələrdən yığılması və daşınması işlərində texniki xidmət göstərib. Fiziki əmək tələb edən işlər üçün pul verib. Toxumla, kimyəvi preparatlarla, dizel yanacağı ilə təchizat da şirkətin üzərinə düşür. Bütün xərclər sonda şirkət tərəfindən qəbul edilən məhsulun dəyərindən çıxılır. Amma istehlakçı bəri başdan pambığın alış qiymətini də diktə edir.

«ƏKİNLƏRİ BİT BASIB»

Kərim Kərimov bildirir ki, «Beynəlxalq Bank işi» ilə bağlı «CTS-Agro» MMC rəhbərinin həbsi bütün təchizatın dayanmasına səbəb olub:

Kərim Kərimov
Kərim Kərimov

«Pambığı bit basıb. Zəhər verilmir, texnika göndərilmir, vəsait ayrılmır. Birinci becərmə işləri mayın 15-dək başa çatmalı idi. Amma iyun ayıdır, hələ bu iş görülməyib. Cavabdeh olduğum 120 hektar sahədəki əkinə şirkət 15 min manat xərc çəkib, təxminən daha 7 min manat isə öz vəsaitimi sərf etmişəm. Belə getsə əkinlərimiz, ona çəkilən xərc batacaq. Halbuki, 15 ailə gözünü bu əkinə dikib».

FƏALİYYƏTİNİ «DON VURAN» ŞİRKƏT 7 RAYONDA İŞ QURUBMUŞ

«CTS-Agro» MMC 2013-cü ilin martında təsis edilib. İki iplik əyirici fabrik olan «Şəki-İpək» ASC və «İnter-Tekstil» ASC ilə «Müştəri tərəfindən təchiz olunan xammal» (mahlıcın verilib emaldan alınan ipliyin geri alınması) sistemi ilə işləyir.

Cəmiyyət ölkədə pambıq istehsalı, tədarükü və emalını həyata keçirən iri şirkətlərdən biridir. Onun Şirvan şəhəri, Saatlı, Ağcabədi, Beyləqan, Bərdə və Biləsuvar rayonlarında yerləşən və ümumi istehsal gücü 48 min ton olan 6 pambıq emalı zavodu, Sabirabad, İmişli, Biləsuvar, Salyan, Tərtər, Ağdam, Goranboy rayonlarında 7 pambıq tədarükü məntəqəsi var. Biləsuvar rayonunda Təcrübə-Sınaq Təsərrüfatı da onlara məxsusdur .

Azərbaycan mətbuatında «CTS-Agro» MMC-nin Beynəlxalq Bankın sabiq prezidenti Cahangir Hacıyevə bağlı olması, cəmiyyətin həmin bankdan külli miqdarda kredit götürməsi və geri qaytara bilməməsi barədə məlumatlar dərc olunub. Yayılan xəbərlərdə «CTS-Agro» MMC-nin rəhbəri Cavid Muxtarovun və şirkətin daha iki səlahiyyətli şəxsinin həbsi haqda da danışılır.

Şamil Hacıbəyli
Şamil Hacıbəyli

«SON HADİSƏLƏR GÖSTƏRDİ Kİ, MİNLƏRLƏ İNSANIN TALEYİ BİR NƏFƏRDƏN ASILI İMİŞ»

AXCP Saatlı rayon şöbəsinin sədri Şamil Hacıbəyli problemi pambıqçılıq sahəsinin inhisara alınmağında görür:

«Başqa sahələr kimi, pambıqçılıq da bir neçə şəxsin inhisardadır. Ortada olanlar da onların şirkətidir və eyni şərtlər irəli sürürlər. Heç biri pambığın alış qiymətini dəyişmir, çünki monopolistlərin marağı toqquşa bilər. Güzəştli şərtlərlə olan kreditdən faydalanan da bu şirkətlərdir. Hətta yerli icra hakimiyyəti başçıları belə bu işə müdaxilə edə bilmir. Ona görə ki, bu monopoliyanın başında dayananlar onlardan çox güclüdürlər. Bunun nəticəsi olaraq elə bir vəziyyət yaranıb ki, bir qrup adam hədsiz varlanıb, əhali isə həddən artıq kasıblaşıb. Hər ikisi dövlət, cəmiyyət üçün təhlükə doğurur. Məlum olay bir daha göstərdi ki, ölkədə pambığın da, onu becərənlərin də taleyi bir şəxsdən asılı imiş. Bircə adama görə on min hektarlarla əkin, minlərlə əkinçi yanır».

KƏND TƏSƏRÜFATI NAZİRLİYİ HÖKUMƏTDƏN TAPŞIRIQ GÖZLƏYİR

Yaranmış vəziyyətlə bağlı Kənd Təsərrüfatı Nazirliyi fermerlərə birbaşa yardım göstərmək səlahiyyətində deyil. Bundan ötrü Nazirlər Kabineti xüsusi qərar qəbul etməlidir. AzadlıqRadiosuna müsahibəsində nazir müavini Seyfəddin Talıbov belə bir açıqlama verib:

Seyfəddin Talıbov
Seyfəddin Talıbov

«Beynəlxalq təcrübədə bu cür halların qarşısının alınmasında sığorta mexanizmi işə düşür. Bilirsiniz ki, kənd təsərrüfatı riskli istehsal sahəsidir. Ona görə də sığorta ən önəmli məsələdir. Kənd təsərrüfatı işlərində sığorta məsələlərinin tənzimlənməsi ilə bağlı biz Maliyyə Nazirliyi ilə birlikdə xüsusi qanun layihəsi hazırlayıb hökumətə təqdim etmişik, hazırda ona Milli Məclisdə baxılır. Amma bu mexanizm olmadığı halda fermerlər hökumət qarşısında məsələ qaldırmalıdır. Kənd Təsərrüfatı Nazirliyinə hər hansı tapşırıq olarsa, biz dərhal müvafiq tədbirlər görə bilərik. Yeri gəlmişkən qeyd edim ki, keçən il quraqlıqla bağlı Qobustan, Şəki, Qəbələ, Ağdaş rayonlarında yaşayan fermerlər çox ciddi çətinliklə üzləşmişdilər. Onların müraciətinə hökumət tərəfindən baxıldı, xüsusi qərar qəbul edildi və dövlət vəsaiti hesabına tədbirlər görüldü».

Ayrı-ayrı regionlarda yaşayan fermerlər mayın sonlarından başlayaraq Prezident Administrasiyasına, Nazirlər Kabinetinə məktubla müraciət edib. Hökumət hələlik bu müraciətlərə reaksiya verməyib.

FERMER HƏYƏCAN TƏBİLİ ÇALIR: «BİZ UÇURUMA YAXINLAŞMIŞIQ!»

Aranlı kəndinin başqa bir fermeri Mail Hüseynov 200 hektar sahədə pambıq əkininə görə cavabdehdir. O deyir ki, kəndlərində yaşayan 50 ailə gözünü əkin apardığı torpağa dikib:

Mail Hüseynov
Mail Hüseynov

«Bu 50 ailənin hər birinin 5-6 üzvü olduğunu nəzərə alsaq, 250-300 nəfər adam edir. Biz bilmirik ki, şirkət rəhbərliyi ilə hüquq-mühafizə orqanları arasında nə problem var, amma pambıq onu gözləmir. Gözümüz görə-görə əkin, indiyədək çəkilən xərclər batır. Biz artıq uçuruma yaxınlaşmışıq. Dövlət bizə- öz vətəndaşına sahib çıxmalıdır. Ya haqqı məhsulla əvəzləmək şərti ilə zəruri texnika, gübrə, zəhər verməlidir, ya da təcili olaraq güzəştli şərtlərlə kredit almağımıza şərait yaratmalıdır».

XS
SM
MD
LG