Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:22

Tbilisidə daşqın və qalstuklu Azərbaycan məmurları


Günel Mövlud
Günel Mövlud

-

Bizim məmurları başına çıxarmış cəmiyyət isə yalnız qalstuklu, kostyumlu, cangüdənli məmura hörmət edir.

Belə məmurdan çəkinir. Xalq arasına dəmir hasar, daş hasar, kilometrlərlə məsafə çəkmiş məmurlara hörmət, ehtiram bəsləyir insanlarımız...

Günel Mövlud

MƏMURLARIN MÜQAYİSƏSİ

Dünən Tbilisidə baş vermiş faciədən sonra, diqqət çəkən əsas məsələlərdən biri bu idi: iri çaplı məmurların davanışı.

Dünya mətbuatı xəbəri işıqlandıranda, mütləq hadisə zamanı prezidentin, baş nazirin və digər nazirlərin, paytaxt merinin palçığa bata-bata insanlara kömək etməyini vurğuladı.

Bəli, həmin gecə prezident, baş nazir, nazirlər, paytaxt meri iş paltarında, palçığa bata-bata maşınların sudan çıxmağına kömək elədilər, körpələri qucaqladılar, daşların üstündə oturub, nəfəslərini dərdilər, bir sözlə, xalq, media üçün “sadə oğlanlar” rolunu oynadılar.

Azərbaycanın müstəqil mətbuatı, bloqçular, sosial şəbəkələrdəki məşhur səhifələr isə, yubanmadan bu adamların sadəliyini, xalqa canıyananlığını bizim nazirlərlə, merlə, məmurlarla müqayisə elədilər.

Kifayət qədər obyektiv müqayisələrdə əlbəttə, bizimkilər gürcülərə uduzurdu. Bizdə bir hadisə baş verəndə, məsul şəxs sanki toya, bayrama, açılışa gəlir: dəst kostyum, qalstuk, cangüdənlər...Gürcüstan xalqına əyni-başı palçıqlı, töküntü paltarlarda kömək edən gürcü məmurları ilə müqayisədə, əlbəttə, uduzacaqdılar. Uduzurlar da.

Uzun müddət yaşamışam Gürcüstanda. Yeni hakimiyyətin imicindən kifayət qədər xəbərim var. Dünən palçığa batan adamların hansı biznesləri, hansı maraqları, hansı işləri var, Gürcüstanda çoxları bilir, danışır. Heç də hər şey belə çəhrayı rəngdə deyil. “Sadə oğlan”, xalqa canı yanma, işgüzarlıq oyunları “obıvatellər” üçündü. Ziyalının isə missiyası daha dərinə baxmaq və daha çətin görünəni görməkdi. Buna görə də, gəlin, o “sadə oğlanlar” görüntüsü çox da gözümüzü boyamasın.

Bəli, imic vacibdir. Gürcü məmurları isə imicin nə olduğunu, necə yaradıldığını, PR-ı bilirlər və edirlər. Bəs, bizimkilər bilmirmi? Bu qədər varlı ölkənin məmurları, doğrudanmı bilmirlər ki, çox sadə şeylərlə qəhrəman, əzabkeş, məsuliyyətli, işgüzar imic, “sadə oğlan” imici yaratmaq olar? Doğrudan bilmirlər ki, nazir palçıqlı çəkmələrlə daşın üstündə yorğun oturub, gündəm ola bilər? Yani bu qədər pulla bir-iki imicmeyker kirayələyib, belə şeyləri öyrənə bilməzlərmi? Bilərlər. Öyrəniblər. Bilirlər. Çox yaxşı bilirlər.

Amma məsələ başqadır. Dünən palçığa batan gürcü məmurlar bunu etməyə borclu bilirdilər özlərini. Sadə oğlanları, məsuliyyəti, işgüzarlığı oynamağa borclu bilirlər. Çünki, onların ölkəsində qara kostyum, qalstuk, cangüdənlə faciə yerinə gəlməklə xalqın gözündə hörmətli olmaq mümkün deyil. Onların xalqı sadə oğlanları görmək istəyir, məsuliyyət, zəhmət, zərərçəkənlərə qoşulub, əziyyət çəkməyi görmək, yorulub daşın üstündə oturan nazir, palçığa batan prezident, maşını itələyib, sudan çıxaran mer görmək istəyir.

Bizim məmurları başına çıxarmış cəmiyyət isə yalnız qalstuklu, kostyumlu, cangüdənli məmura hörmət edir. Belə məmurdan çəkinir. Xalq arasına dəmir hasar, daş hasar, kilometrlərlə məsafə çəkmiş məmurlara hörmət, ehtiram bəsləyir insanlarımız. Xalqımızın sadəliklə arası yoxdu, sadə adamlara hörmət eləmirlər, budur məsələ. Buna görədir ki, məmur özünü dağın başına qoyub. Buna görədi ki, məmur ancaq əmr verir, icra etmir. Buna görədir ki, məmur qorxu, çəkingənlik yaratmaq istəyir.

Dünənki gürcü məmurlarının görünüşü onların xalqının görmək istədiyi idi.

Bizim hadisələrdə peyda olan məmurların görünüşü isə, bizim görmək istədiyimiz.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG