-
Vasif Əlihüseyn
Gənc yazar Vasif Əlihüseyn “Divara yazılmış Azadlıq sözü" adlı kitabını təqdim edib.
Kitabın təqdimatı “Ali və Nino” kitab mağazasında gerçəkləşib. Kitabda Vasif Əlihüseynin son illərdə yazdığı şeir və esseləri toplanıb.
Təqimatda şairlər Balayar Sadiq, Məlahət Yusifqızı, Şəfəq Sahil, Xaliq Laçınlı, Hədiyyə Şəfaqət, Seyran İsmayıl, Yusif Ərəbsoy, Gülbala Dadaş, Yetim Qacar və Qərib iştirak ediblər.
Günü on manata işləyən kənd qadını
Yaxşı ki,
sən getdin.
Sənin bilmədiyin
hüzn başladı ömrümdə.
Bütün çay evlərinin
iki müştərisi azaldı onda.
Günü on manata işləyən kənd qadını
dodaq boyalarına bələnmiş
stəkanları yudu deyinə-deyinə.
Sonra
səni qısqandığım paltarlarda
şəkillərini paylaşdın.
Bircə yol
üzüm gəlmədi ki, soruşam:
- Müəllif kimdi?
Qayıdıb öz evimə gəldim,
qapını döydüm.
Qonşu uşağı
qaçdı üstümə:
- Əmi muştuluğumu ver,
evdə heç kim yoxdu!
Kompüter önündə səni düşünərkən
Yadımdan çıxmırsan nə edim axı,
payız da yağışın, qış da qarımın.
Mən hansı küçəyə baxsam nə fayda,
reklam lövhəsisən qayğılarımın.
Durub, taleyimə baxıram indi,
səni sevməsəydim, gülə bilərdim.
Ürəyim kompüter yaddaşı olsa,
mən ordan adını silə bilərdim.
Geriyə dönməyə çalışma daha,
bəlkə gənc olmuşam, yolu azmışam.
Mənə eylədiyin xəyanət üçün,
ömrümə ən yeni virus yazmışam.
Özümü dəyişdim başdan ayağa,
sənə ağlamaqdan daha doymuşam.
Qapı dəstəyini qırma əzizim,
bütün arzuları koda qoymuşam.
Sevgi döyüşü
Ürəyimdə
dalğalanır
sancdığın
həsrət bayrağı.
Özümü aldadıram
atəşkəs sevdasıyla.
Özümü
səndən azad edirəm.
Amma ürəyim
hələ də tapdanır
sevginin işğalında.