Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 06:52

"Elman Rüstəmovun "faizləri endirin" deməyə ixtiyarı yoxdur"


Əkrəm Həsənov
Əkrəm Həsənov

-

"Bu daha çox populist çıxışdır. İctimaiyyətə göstərmək istəyirlər ki, bax görürsünüz, biz banklardan tələb edirik, ancaq onlar faizi aşağı salmırlar."

İyulun 10-da Mərkəzi Bank İdarə Heyətinin sədri Elman Rüstəmov ölkədəki bankların rəhbərləri ilə görüşüb. O, kredit faizlərinin azaldılması templərinin qaneedici olmadığını deyib.

Bank rəhbərlərinin görüşü kredit sahəsində duruma necə təsir göstərə bilər? Bu və bənzər sualları iqtisadçı Əkrəm Həsənov cavablandırır.

- Əkrəm bəy, sizcə, bu görüşdən sonra kredit faizləri aşağı düşə bilər?

- Yox, mən elə ciddi azalma gözləmirəm. Buna obyektiv səbəb də yoxdur. Mərkəzi Bankın özü banklara ucuz kreditlər verməyincə, Elman Rüstəmovun ixtiyarı yoxdur desin ki, kredit faizlərini aşağı salın.

Ümumiyyətlə, hüquqi baxımdan da bunu deyə bilməz, azad bazardır, bazarda hər kəs öz faizini təklif edir. Amma fikrimcə, Mərkəzi Banka qanunla verilən yetərincə imkan var ki, faizlərin aşağı düşməsinə təsir göstərsin.

Bunun da bir yolu var: Mərkəzi Bank banklara ucuz kredit verməlidir. İndi bu uçot dərəcəsi 3,5 faizdir (iyulun 10-da 3 faizə endirilib - red.). Yəni onu verəndən sonra, əlbəttə, bankların faizləri aşağı düşəcək. O üzdən düşünürəm ki, bu daha çox populist çıxışdır. İctimaiyyətə göstərmək istəyirlər ki, bax görürsünüz, biz banklardan tələb edirik, ancaq onlar faizi aşağı salmırlar.

Ola bilsin, hansısa bank 1-2 faiz aşağı salsın, öz aralarında bunu razılaşdırsın, yaxud hər hansı banka Mərkəzi Bank kredit ayırsın və onlar da faizi aşağı salsınlar. Amma bu da düzgün deyil, çünki Mərkəzi Bank ayrı-ayrı banklara yox, bütün banklara kredit verməlidir. İyirmi ildə MB yalnız bir neçə banka kredit ayırıb.

- Mərkəzi Bank rəhbəri bildirib ki, kredit faizlərinin azaldılması yönündə banklarla iş aparılacaq. Sizcə, Mərkəzi Bank bu yöndə hansı işi görə bilər?

- İş deyəndə ki... orada elə bir iş də yoxdur. Prezidentin keçən il verdiyi 22 dekabr sərəncamı var. Dövlət başçısı Mərkəzi Banka tapşırıb ki, bankların faiz dərəcələri ilə Mərkəzi Bankın uçot dərəcəsi arasındakı fərq azaldılsın. Və MB bununla bağlı altı aydan bir prezidentə məlumat verməlidir. Altı ay keçib, ancaq faizlər azalmaq əvəzinə artıb. MB-nin yetərincə vaxtı olub ki, sərəncamdan irəli gələn işləri görsün. Nə bilim, təki aparsın. Buna elə də çox vaxt lazım deyil, sadəcə, kredit ayırmalıydı, vəssalam.

- Kredit faizlərinin yüksək olması sosial şəbəkələrdə, toplumda geniş müzakirə edilir. Hətta AXCP sədri Əli Kərimli bu günlərdə facebook-da yazıb ki, xalqı kredit zülmündən qurtarın. Sizcə, banklar niyə bu qədər yüksək faizli kredit verir? Bəlkə tələbat var deyə?

- Bizdə yüksək faiz dərəcələri olmasının bir neçə səbəbi var.

Birincisi odur ki, banklarda idarəetmə səviyyəsi çox aşağıdır - riskləri idarə edə bilmir, problemli kreditlər verirlər.

Bank sahibləri özləri özlərinə kredit verirlər, orda korrupsiya var. Məhz o itkiləri bağlamaq üçün verdikləri kreditlərin faiz dərəcələrini artırırlar.

Bundan başqa, bank sahibləri özləri özlərinə kredit verirlər, orda korrupsiya var. Məhz o itkiləri bağlamaq üçün verdikləri kreditlərin faiz dərəcələrini artırırlar.

İkinci səbəb odur ki, bizim bankların milli valyutaya etibarı yoxdur, yəni növbəti devalvasiya gözlənir.

Üçüncüsü, bankların qeyri-xərcləri çox olur, bir valyutadəyişmə məntəqəsi açmaq nə qədər ağır işdir. Mən hələ filialdan danışmıram. Bunu MB-dən keçirmək çox çətin prosesdir.

Bankların bu cür rəsmi və qeyri-rəsmi xərcləri var. Bundan başqa, ucuz maliyyə mənbələri yoxdur, yəni pulu hardan cəlb etsinlər? Bir əmanətdir, onu da MB özü sığortalamaqla faizini artırdı, oldu 12 faiz. Təbii ki, bank 12 faizlə əmanət cəlb edirsə, krediti də yüksək faizlə verəcək.

Ən nəhayət, maliyyələşmə mənbəyi xaricdən cəlb olunan kreditlərdir, onlar da banklara ucuz başa gəlmir. Ən əsası, pulu dollarla cəlb edirlər, yenə də devalvasiyadan qorxurlar, bu üzdən də faizi artırırılar.

- Belə çıxır ki, faiz dərəcələrinin aşağı düşməsini gözləmək də yersizdir?

- Ciddi azalma gözləmirəm. Amma MB bankların hamısına kredit versə, bunu gözləyə bilərik. İtkiləri çox olduğundan, bankların öz xoşuyla belə qərar verəcəyini gözləmirəm.

XS
SM
MD
LG