Keçid linkləri

2024, 24 Noyabr, bazar, Bakı vaxtı 21:33

"Yeni şeydir, nəsə etməyə çalışırlar"


Azad Qaradərəli
Azad Qaradərəli

-

Azad Qaradərəli

ODA teatrı, ADA teatrı

Mərhum qələm dostumuz Rafiq Tağının yeni kitabının təqdimatından çıxıb köhnə Beşmərtəbədəki çayxanalardan birində çay içirdik.

Mən ODA teatrı haqda sual verdim: “Bu teatr haqda nə bilirsiniz? Tamaşalarında olmusunuzmu?”

Yazıya olduğu kimi sözə də xəsis olan Rasim Qaraca dilləndi: “Yeni şeydir, nəsə etməyə çalışırlar. Olmamısınızsa, gedin baxın.” Başqalarından səs çıxmadı.

Öyrəndim ki, bura yaxınmış ODA-nın olduğu yer. Və dostlarla sağollaşıb ora yollandım.

(Bilənlər bilir ki, bu söhbətlər adına AZDRAMA dediyimiz bir nəhəngin qulağının dibində gedirdi. Və nə yazıq ki, o nəhəngdən indi heç cırtdan da qalmayıb)

Teatrı tapdım. Ona görə ki, köm-köhnə dəmir darvazanın üstündə ODA-ya mnəxsus bir ornament vardı – siz fikirləşdiyiniz kimi bahalı şəbəkə-filan deyildi, sadəcə boya ilə darvazaya çəkilmişdi.

Teatrın həyətində 20-cə adam vardı. Hamısı 20-25 yaş arası. Binanın isə azı 150 yaşı vardı. Onun da yarısını sökmüşdülər.

Bu yarıuçuq binanın ikinci mərtəbəsində teatr yerləşirdi. Səhnə ilə “zal” iç-içə idi. Bu, Şekspir dövrünün teatr üslubunu xatırladırdı.

Təxminən yarımn saat sonra tamaşa başladı. Hansısa xarici müəllifin əsəri idi. Aktyor (təəssüf ki, adını unutmuşam) o qədər canlı oynayırdı ki...

Nəsə, çox qəribə, anladılması çətin duyğularla ayrıldım ordan.

Rəhbərlikdəkilərdən biri ilə danışdıq ki, mən “Yazı” dərgisinin son saylarından 50 ədəd onlara hədiyyə edim, tamaşaçılarına bağışlasınlar.

(Onların belə bir elanı vardı ki, teatra bilet alana bir kitab hədiyyə edilir)

Səhəri oxudum ki, teatrı yerləşdiyi binadan çıxardırlar. Daha teatrın başına nələrin gəldiyindən xəbərim olmadı. Baxmayaraq ki, bir neçə status da yazdım onların müdafiəsinə.

(Həmin statusun biri “Renessans həsrəti” kitabımda gedib:”İndicə saytlardan oxudum ki, ODA teatrını bağlayırlar. Yox, belə olmaz axı.

Yəni heç işıq gələn yer qalmayacaq? Mən “Günəş tutulan yerdə” romanımda belə bir qaranlıq ölkə təsvir etmişəm. Günəşi qara şalla bürüyürlər. Nəfəslik də saxlamayacaqlar?”)

Amma dərgimizin saylarını danışdığımız kimi onlara verə bilmədim. Yəni onların başını qatdılar...

İndi dostlara bildirmək istəyirəm ki, dərginin həmin saylarını heç kimə verməmişəm. Haçan istəsələr, gəlib məndən götürə bilərlər.

İki yaşınızı isə təbrik edirəm! Çox yaşayın! Uçuq binalarda böyüməyinizə baxmayın, təki mənəviyyatınız uçmasın!

Sonda bunu da deməyim gəldi: ODA məhv olmuş teatr okeanında bir ADA-dır. Onu yaşatmaq tamaşaçının boynunun borcudur. Yaşı 20-25 yaş arası olsa nə qəm...

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG