Keçid linkləri

2024, 23 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 12:08

İntiqam Əliyev: «Bu akvariumun bircə balığı çatmır»


İntiqam Əliyev
İntiqam Əliyev

-

Şüşə qəfəs arxasından İntiqam Əliyevin arıq, əsəbi və gərgin görünən çöhrəsi, eləcə də şüşə qəfəs səbəbindən onunla bir kəlmə belə kəsməyin mümkünsüzlüyü məhkəmə zalına daxil olanları məyus etsə də, prosesin ilk dəqiqələri gülüşlə başladı.

Hakimin «İntiqam Əliyev, sizin şəxsiyyətinizi keçən proses dəqiqləşdirdik, yəqin heç bir dəyişiklik olmayıb» deməsi zaldakıların gülüşünə səbəb oldu.

Söhbət iyulun 21-də Bakı Apellyasiya Məhkəməsində hüquqşünas, Hüquq Maarifçiliyi Cəmiyyətinin sədri İntiqam Əliyevin məhkəməsindən gedir.

«BİRCƏ SUYU, BALIĞI ÇATIŞMIR Kİ...»

Prosesdə vəkil Cavad Cavadov bir daha vəsatət qaldırıb müdafiə etdiyi şəxsin şüşə qəfəsdən çıxarılıb vəkillərinin yanında oturdulmasını istədi. Bildirdi ki, şüşə qəfəs səs keçirmədiyindən onların müdafiə etdikləri şəxslə konfidensial ünsiyyət hüququ pozulur, vəkillə birlikdə nəzarətçi də qəfəsə girir.

Bu vəsatətə İntiqam Əliyev də münasibət bildirdi:

Bu akvarium dəmir barmaqlıqlardan da qat-qat təhqiredicidir. Bu akvariumdan insanın öz hüquqlarını müdafiə etməsi mümkün deyil.

«İttiham olunan şəxsi burada saxlamaq üçün ciddi əsas olmalıdır. Keçən proses də bu vəsatət qaldırıldı. Sizin «bu qəfəs Ədliyyə Nazirliyinin standartlarına cavab verir» arqumentiniz mənim vəkillərimlə ünsiyyət hüququmdan üstün deyil. Bu akvarium dəmir barmaqlıqlardan da qat-qat təhqiredicidir. Bu akvariumdan insanın öz hüquqlarını müdafiə etməsi mümkün deyil. Bu, insan ləyaqətini alçaldır. Bircə suyu, balığı çatmır ki, akvarium olsun. Əvvəldə soruşdunuz ki, hakimlərə etirazınız varmı? Əslində, sizə etiraz etməyə əlimdə əsas var. Siz mənim həbs müddətimin uzadılması ilə bağlı şikayətə baxmısınız və qanunsuz qərar çıxarmısınız».

Hakim vəsatəti təmin etmədi.

«HƏTTA TƏMİN OLUNAN VƏSATƏTLƏR DƏ İCRA OLUNMUR»

Daha bir vəsatət Bakı Ağır Cinayətlər Məhkəməsinin rədd etdiyi bütün vəsatətlərin təmin olunması və əlavə olaraq polşalı mütəxəssisin ödəniş tapşırığı ilə bağlı sənədlərdə imzaların İntiqam Əliyevə məxsus olmaması barədə ekspertiza rəyinin qəbul olunması və məhkəmə-xətşünaslıq ekspertizasının keçirilməsi ilə bağlı oldu.

Vəkil Elçin Sadıqov əlavə olaraq bildirdi ki, birinci instansiya məhkəməsinin hətta təmin etdiyi bəzi vəsatətlər belə icra olunmamış qalır. Məsələn, məhkəmə bəzi sənədlərin qaytarılması ilə bağlı qərar çıxarsa da, istintaq orqanı hələ də bunu icra etmir.

Hakim bu vəsatətləri də təmin etmədi.

Daha sonra prosesdə vəkillər çıxış etdilər. Cavad Cavadov İntiqam Əliyevin həbs olunduğu ilk gündən yol verilən qanunsuzluqları diqqətə çatdırıb, bildirib ki, ofisdə axtarış zamanı sənədlər kütləvi şəkildə götürülüb, ayrı-ayrılıqda protokollaşdırılmayıb. Əlavə edib ki, Hüquq Maarifçiliyi Cəmiyyətinin ofisi heç bir əsas olmadan hələ də bağlı saxlanılır. Vəkil, həmçinin, keyfiyyətli müdafiə hüquqlarının xeyli məhdudlaşdırıldığını, ittihamların hələ də müdafiə tərəfinə bəlli olmadığını bildirib. Əlavə edib ki, birinci instansiya məhkəməsi ittihamların əsassız olduğunu təsdiqləyən sübutları qəbul etməyib.

«BURADA DA BAŞ VERƏNLƏR SIRF FORMAL XARAKTER DAŞIYIR»

Digər vəkil Elçin Sadıqov deyib ki, İntiqam Əliyev barəsində vergidən yayınma ilə bağlı ittiham səyyar vergi aktı olmadan irəli sürülüb və bu, tamamilə qanunsuzdur. Bildirib ki, təşkilatla bağlı 65 min manat vergi hesablandığı halda qurum 67 min manat vergi ödəyib, amma bu, nəzərə alınmayıb.

Vəkil Şəhla Hümbətova da Bakı Ağır Cinayətlər Məhkəməsinin vəsatətləri təmin etməməsini əsaslandırmadığını diqqətə çatdırıb:

Necə ola bilər ki, şəxs mənimsəmədə ittiham olunsun, amma işdə zərərçəkən olmasın?

«Görünən odur ki, Ədliyyə Nazirliyi, istintaq orqanı və məhkəmə birləşib İntiqam Əliyevə qarşı ittihama don geyindirməyə çalışıblar. İntiqam Əliyev sizdən soruşdu ki, niyə onu şüşə qəfəsdə saxlayırsınız, əsaslandırmağınızı istədi. Amma siz qərarda heç bir əsaslandırma etmədiniz. Bu da burada baş verənlərin də sırf formal xarakter daşıdığını düşünməyə əsas verir»­­­­­.

Vəkil Fəxrəddin Mehtiyev bildirdi ki, istintaq başlanan gündən məhkəmənin son gününədək bütün prinsiplər ardıcıl və sistemli şəkildə pozulub. Deyib ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin çıxardığı qərar ehtimal və mülahizələrə əsaslanır:

«Nə qədər ciddi vəsatətlər məhkəmədə rədd edildi və bu proses bu gün burada da davam edir. Məhkəmənin vəzifəsi işi araşdırmaq üçün zəruri şərait yaratmaqdır. Biz bunu nə birinci instansiya məhkəməsində gördük, nə də indi. Cinayət halı olmadan bu işləri necə Cinayət Məcəlləsinə uyğunlaşdırmaq olar?! Necə ola bilər ki, şəxs mənimsəmədə ittiham olunsun, amma işdə zərərçəkən olmasın? Eləcə də digər ittihamlar. Ədalət mühakiməsi İntiqam Əliyevin taleyinə biganə qalmamalıdır».

«İNDİ MƏN KİMƏ MÜRACİƏT EDİM?»

Əslində, belə şəraitdə çıxış etməyi özümə təhqir bilirəm. Azərbaycan hakimiyyəti Almaniya, Amerika, İngiltərəni hər gün televiziyada söyür, amma bu gün bu zalda oturanlar Azərbaycanda nə baş verdiyini görürlər. Bu məhkəmə adicə mənim vəkillərimlə normal ünsiyyətimə imkan yaratmır.

Daha sonra İntiqam Əliyev məhkəmədə son sözünü deyib:

«Əslində, belə şəraitdə çıxış etməyi özümə təhqir bilirəm. Azərbaycan hakimiyyəti Almaniya, Amerika, İngiltərəni hər gün televiziyada söyür, amma bu gün bu zalda oturanlar Azərbaycanda nə baş verdiyini görürlər. Bu məhkəmə adicə mənim vəkillərimlə normal ünsiyyətimə imkan yaratmır».

İntiqam Əliyev çıxışında digər siyasi məhbus İlqar Məmmədovla bağlı Avropa Məhkəməsinin mövqeyi ilə bağlı fikir demək istəyəndə, hakim onun sözünü kəsdi, mikrofonunu söndürməklə onun səsinin zalda eşidilməsinin qarşısını aldı. O, hüquqşünası mahiyyəti üzrə, özü barədə danışmağa çağırdı.

İntiqam Əliyevin cavabı isə belə oldu:

«Normal ölkədə məhkəmədə bunlar danışılmamalıdır. Amma bizim hamımızın həbsinin siyasi olduğunu hətta rəsmilər də çıxışlarında bildirirlər».

Hakim yenə də onun sözünü kəsdi və onu işin mahiyyəti üzrə danışmağa çağırdı.

Azərbaycanda həbsdə olan ictimai fəallar, jurnalistlər...
Azərbaycanda həbsdə olan ictimai fəallar, jurnalistlər...

İntiqam Əliyev: «Müdafiəmiz üçün lazım olan sənədləri bizə vermədilər, bütün vəsatətlərimizi rədd etdilər. Dedik neyləyək? Dedilər bizdən yuxarı Apellyasiya Məhkəməsi var, orda yaxşı hakimlər var, onlar sizin işinizə ədalətli baxacaq. İndi də burada çıxış etməyə imkan vermirsiniz. İndi mən kimə müraciət edim? Mənim, Leyla Yunusun, Asif Yusiflinin, İlqar Məmmədovun və digərlərinin hamısının həbsinin arxasında siyasi motivlər durur».

«HAKİMLƏRƏ TƏŞƏKKÜR ETMƏYƏ DİLİM GƏLMİR»

Hakim növbəti dəfə İntiqam Əliyevin sözünü kəsdi və bildirdi ki, artıq ona söz verilmir.

Replika zamanı isə İntiqam Əliyev ədalətli cəmiyyət uğrunda mübarizə aparıb həbs olunanlara, mübarizəsini azadlıqda davam etdirənlərə, məhkəməyə gələnlərə, dəstək olan hər kəsə, beynəlxalq təşkilatlara təşəkkürünü bildirdi. «Hakimlərə təşəkkür etməyə dilim gəlmir» deməsi hakimin növbəti dəfə sözünü kəsməsinə, mikrofonunu söndürməsinə səbəb oldu.

Müşavirədən sonra hakim qərarı elan etdi. Bildirdi ki, İntiqam Əliyevə qarşı irəli sürülən ittihamlar kifayət qədər öz təsdiqini tapıb, müdafiə tərəfinin birinci instansiya məhkəməsinin qərarından verdiyi şikayət əsassızdır və həmin qərar qüvvədə saxlanılır.

İntiqam Əliyev 2014-cü ilin avqustunda həbs edilib. Bakı Ağır Cinayətlər Məhkəməsi aprelin 22-də onu qanunsuz sahibkarlıq, vergi ödənişindən yayınma, mənimsəmə, vəzifə saxtakarlığı və vəzifə səlahiyyətlərindən sui-istifadə ittihamı ilə 7 il yarım azadlıqdan məhrum edib. O, ittihamları rədd edir, həbsinin siyasi sifariş olduğunu deyir. «Amnesty International» hüquqşünası vicdan məhbusu kimi tanıyıb.

XS
SM
MD
LG