Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 12:56

Heç olmasa 14 yaşlı xəstə qızını nəzərə alın


Asif Yusifli
Asif Yusifli

-

«Asif Yusifli ilə bağlı işdə cinayət tərkibi yoxdur, onun təqsiri sübuta yetirilməyib».

AXCP Rəyasət Heyətinin üzvü, Qarabağ müharibəsi əlili Asif Yusiflinin vəkili Fəxrəddin Mehdiyev prosesdə son çıxışında belə deyib.

Proses iyulun 23-də Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilib.

Asif Yusifli 2014-cü il noyabrın 25-də həbs edilib. O, bir nəfərin 6 min 500 manatını dələduzluq yolu ilə mənimsəməkdə və sənədlərin saxtalaşdırılmasında ittiham olunur.

Asif Yusifli həmin şəxsə bütün məbləği və əlavə 1200 manat ödəsə də, məhkəməsi davam etdirilir.

İyulun 23-də keçirilən prosesdə vəkil son sözlə çıxış edib.

«ORTADA ALDATMA HALI MÖVCUD DEYİL»

Fəxrəddin Mehdiyev deyir ki, Asif Yusifli dələduzluqda ittiham olunsa da, ortada aldatma, etibardan sui-istifadə halları mövcud deyil:

«Asif Yusifli zərərçəkən kimi tanınan Zülfiyyə Zülfüqarovadan təhsil məqsədilə 6 min 500 manat alaraq onun təhsil problemini həll etməyə söz verən Rafiq Hüseynova verib. Ortada bu məbləğin borc kimi verilməsinə dair qəbz də var. Sonra iş alınmayıb, Rafiq Hüseynov həbs olunub. Bununla belə Asif Yusifli zərərçəkənə söz verib ki, pulunu özü qaytaracaq. Sadəcə, sonra 2012-ci ildə Asif Yusiflinin avtoqəzaya düşməsi, vəziyyətinin pis olması borcu qaytarmasını yubadıb. Daha sonra zərərçəkənə 1900 manat ödənib. Söhbət aldatmadan, etibardan sui-istifadədən gedirsə, niyə ortalıqda borca dair qəbzlər var, niyə məbləğin bir hissəsi ödənilib?».

«ORTADA OLMAYAN ZİYANA GÖRƏ...»

Vəkil bildirib ki, Asif Yusiflinin həbsindən sonra valideynləri həmin borcu zərərçəkənə qaytarıb və o da şikayətini geri götürüb:

«Asif Yusifli də özünü təqsirkar saymır, ittihamları qərəzli və fəaliyyəti ilə bağlayır. Məsələnin bir tərəfi də ortada ziyan olmadığı halda prokurorun 8 il iş istəməsidir. Cinayət Məcəlləsində deyilir ki, cəzanın məqsədi insanlara işgəncə vermək yox, sosial ədalətin bərpasıdır. Asif Yusifli tarix yazan gəncliyin nümayəndəsidir. O, vətən üçün canından, qanından keçib. Belə olan halda heç bir humanizm nümayiş olunmur. Belə bir cəza sosial ədalət prinsipinə, Dağlıq Qarabağ probleminə münasibətə, onun 14 yaşlı diabet xəstəsi qızının olmasına nə dərəcədə uyğundur? Ümumiyyətlə, olmayan ziyana görə bu insanın 8 il həbsdə saxlanmasına niyə dövlət vəsaiti xərclənməlidir? Qoyun həmin məbləğ dövlət quruculuğuna xərclənsin. Çıxışımı belə bir sualla yekunlaşdırmaq istəyirəm: Görəsən ədalət mühakiməsi ədalət sınağından çıxacaqmı?».

Asif Yusifli və onunla birgə müttəhimlər kürsüsündə oturan Rafiq Hüseynov məhkəmədə son söz demək üçün hakimdən vaxt istəyib.

Növbəti proses iyulun 30-a təyin olunub.

Prokuror Asif Yusifliyə 8 il həbs cəzası istəyib.

XS
SM
MD
LG