Keçid linkləri

2024, 25 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 05:42

Dünya təcrübəsi: 7:84 teatrı


"7:84" teatrının bir tamaşasından
"7:84" teatrının bir tamaşasından

- Onların adı “The Economist” dərgisində 1960-cı illərdə çıxmış belə bir statistikadan götürülmüşdü: Birləşmiş Krallıqda əhalinin 7 faizi ölkə varidatının 84 faizinə malikdir.

"Ayıldıcı" tamaşalar göstərən xalq teatrı

Ən azı 40 yaşı olan hansı şotlanddan "7:84"-ü soruşsan, deyəcək ki, hə, bizdə belə bir güclü xalq teatrı vardı.

Bu teatr qrupunu 1970-ci illərin əvvəlində dramaturq John Mcgrath, onun arvadı Elizabeth MacLennan və arvadının qardaşı David MacLennan yaratmışdı.

Bildiyimiz kimi, Britaniyada Şekspir dövründən indiyəcən teatr çox sevilir. Üç ay əvvəldən bilet almasan, onların hörmətli royal opera və teatrlarında eyvanın dördüncü sırasına belə, 200 manatdan aşağı qiymətə tamaşa tapmazsan.

Yüksək qiymətləri olan belə tamaşalarla yanaşı, qiyməti 50 manata olan teatrlar da var. Amma söhbət puldan getmir, - onların hamısı yüksək və orta təbəqənin zövqünü oxşayan klassik və müasir tamaşalar göstərirlər.

7:84 teatrı belə tamaşalar göstərən teatrların mövzularına protest edən alternativ xalq teatrı kimi yaranmışdı.

Onların adı “The Economist” dərgisində 1960-cı illərdə çıxmış belə bir statistikadan götürülmüşdü: Birləşmiş Krallıqda əhalinin 7 faizi ölkə varidatının 84 faizinə malikdir.

Qrupu yaradanlar şotland idilər, solçu idilər. Teatr İngiltərə və Şotlandiya qanadlarına bölünürdü. Britaniyada bir neçə məkanda fəaliyyət göstərir, üstəlik, ölkə boyu çoxlu turlara çıxırdı.

Burjua teatr ənənələrinə etiraz edən, xalq üçün "ayıldıcı" tamaşalar göstərən bu teatr İngiltərənin və Şotlandiyanın Art Konsulluğunun qrantları sayəsində yaşayırdı.

Siyasi səbəblər üzündən 1984-cü ildə teatrın İngiltərə qanadının qrantı kəsilir, 2006-cı ildə isə Şotlandiya qanadının qrantı.

Amma teatrın bədii rəhbəri Lorenzo Mele qrant kəsiləndən sonra da bir neçə tamaşanın maliyyəsini ordan-burdan tapıb təşkil edir.

2008-ci ildə isə Teatr maliyyəsi olmadığına görə, bağlandığını rəsmi şəkildə elan edir.

O zaman yerli mətbuat teatrın bağlanmasını böyük kədərlə qarşılayır, bu teatrın Şotlandiyanın ictimai həyatında böyük rol oynadlğını yazırdı.

"7:84" teatrı daha çox John MacGrath-ın işi kimi tanınır. O, bir dramaturq kimi özünü radikal xalq teatrının nümayəndəsi sayırdı.

"The Cheviot, the Stag, and the Black Black Oil" teatrın ən yaxşı tamaşası hesab olunur.

O zaman bu tamaşaya Britaniyada yüksək media diqqəti olub və festivalların sevimlisi olub. Tamaşa əsasında BBC-nin çəkdiyi filmə burada baxmaq olar.

Tamaşanın adı Şotlandiyada sinfi mübarizə tarixinin üç vacib dövrünə işarə edir.

Şotland yüksəkliklərinin təmizlənib otlaqlara çevrilməsi, sonra bu torpaqların varlıların ovçuluq həvəsləri üçün istifadə olunması və ardınca gələn mərhələdə həmin ərazilərin neft bazarına çevrilməsi.

Tamaşada əks olunan bu dəyişikliklər xaricilərin, yerli varlıların torpaqdan və insanlardan müxtəlif sui-istifadə formalarını göstərirdi.

Epik teatrın dramaturji və nəzəri texnikalarına əsaslanan bu tamaşanın aktyorları bir neçə rol yerinə yetirir və səhnədə qəsdən xarakterdən çıxırdılar. J. McGrath öz müsahibələrində bunun xalq teatrı ənənələrindən gəldiyini deyirdi.

J.McGrath haqqında deyirlər: "Britaniyada iki adam xalq teatrı üçün çox böyük işlər görüb. Birinci Joan Littlewood olub, ikinci John McGrath".

Oxu Zalı

XS
SM
MD
LG