Keçid linkləri

2024, 27 Dekabr, Cümə, Bakı vaxtı 05:32

“88 yaşlı anam pensiyasından maşınıma təkər alıb”


14 ildir taksi sürücülüyü ilə məşğul olan Tahir Məmmədov maşınını yaşadığı məhəllənin qarşısında, get-gəl sıx olan yerdə saxlayıb yuyur:

“Maşını təmiz saxlamalıyam, təmirinə baxmalıyam, yağı, benzini də öz yerində. Müştəri azdır, gündə 15-20 manat qazanıram, evdə də arvad-uşaq nə alıb gətirəcəyimi gözləyir”.

Tahir Məmmədov deyir ki, taksi sürücülüyü onun peşəsi deyil. Görəndə ki, müəllim maaşı ilə ailəsini dolandıra bilmir, taksi sürməyə başlayıb:

“10 il əvvəl, 5 il əvvəl pis qazanmırdıq. İndi camaatda pul yoxdur, nədir, taksiyə oturan azdır”.

Tahir maşınını evinin yaxınlığında, metronun 28 May stansiyasının qarşısında saxlayırmış. İndi məhəlləyə çəkilib:

“Bir-iki gün əvvəl əvvəl nəqliyyatdan (Nəqliyyat Nazirliyini nəzərdə tutur –red.) gəlmişdilər, dedilər “gələn həftədən metronun qarşısında dayanmaq yoxdur”, söz-söhbət olmasın deyə mən də daha orda dayanmıram”.

Özəl taksilərə haralarda dayanmaq qadağandır?

Nəqliyyat Nazirliyi Bakının bəzi yerlərində özəl taksilərin fəaliyyətinə qadağalar qoyur. Nazirlik vətəndaşların şəxsi nəqliyyatdan taksi xidmətləri göstərməsinin qadağan edildiyi 14 yer müəyyən edib. Həmin zonalar bunlardır: “Həzi Aslanov”, “28 May”, “Xalqlar dostluğu”, “Gənclik”, “Xətai”, “Azadlıq prospekti”, “İçərişəhər”, “Sahil”, “Neftçilər”, “Əhmədli”, “Qara Qarayev”, “Koroğlu”, “20 yanvar” metro stansiyaları, həmçinin “Beşmərtəbə” və “Qış bulvarı” parklarının yanı.

Bu məkanlarda yalnız “London taksiləri” işləyə bilər.

“Ağ günümüzdən taksiçilik edirik?”

Söhbət etdiyimiz taksi sürücülərinin sözlərinə görə, Nəqliyyat Nazirliyinin əməkdaşları hələ ki, onları sözlə sıxışdırmağa başlayıblar. Ancaq bir neçə günə onları buralardan qovacaqlarını deyiblər. 61 yaşlı Məhəmməd Kərimov taksisini metronun “Nizami” stansiyasının qarşısında saxlayıb:

“Orda dayanma, burda dayanma, onda desinlər ki, “öl acından”. Gör mən nə vəziyyətdəyəm ki, 88 yaşlı anam pensiyasının 100 manatını mənə verdi ki, get təkər al. Gündə 10-15 manat güclə qazanıram. 20 manat olanda sevinirəm, onun da tən yarı benziə gedir. Bəyəm biz ağ günümüzdən taksiçilik edirik? Ən aşağı işdir bu. Planı zorla verirəm, hər şeyini özüm eləyirəm. İndi də bu qadağa. Hələ bura metronun ağzıdır, müştəri zorla tapırsan, qıraqda neyləyəcəyəm?”

Metronun “20 yanvar” stansiyasının qarşısı da həmişəki kimi qələbəlikdir. Bura taksi sürücülərinin ən çox toplaşdığı yerdir. Müştəri çağıran sürücülərin hay-küyündən qulaq tutlulur. Daha çox Sumqayıta müştəri aparan Kərim Əvəzov deyir ki, qadağalarla bağlı onları xəbərdar ediblər:

“Ancaq hələ bir-iki gün var. İşləməliyəm. Sonra Allah Kərimdir. Yəqin dayanmağa bir yer taparıq” deyib yaxınlıqdakı müştərini az qala zorla maşına oturdur.

Bir-iki gündür Xətai metrosunun yanında müştəri gözlədiyini deyən London taksilərindən birinin sürücüsü Hacıbaba Rəhimov isə onların da müştərisinin çox olmadığını bildirir:

“Nə deyim, çörəyi yetirən Allahdır. Guya bizim maşına müştəri belə çox minir ki. Elə belə baxanda yenə onların müştərisi çoxdur. Çünki müştəri ilə sürücü danışır, ikisini də qane edən bir qiymətdə razılığa gəlirlər. Ancaq bizdə elə deyil, sayğac nə yazdı, müştəri onu ödəməlidir. Deyim ki, bu maşınlar bir yaxına, bir də uzağa gedənlərə sərf eləyir. Görək nə olur”.

Xətt nəzarətçisi: Şəhər gözəlləşəcək

Avqustun 17-dən küçələrdə Nəqliyyat Nazirliyinin daha çox əməkdaşına rast gəlinir.

Nazirliyin xətt nəzarətçisi Rafiq Əliyev söyləyir ki, ayın axırı London taksilərindən başqa digər taksilərə metroların qarşısında dayanmağa icazə verməyəcəklər:

“Ayın axırından qərar qüvvəyə minəcək. Metronun qarşısında ancaq təzə London taksiləri fəalyyət götərəcək. Digərlərinə icazə verilməyəcək. Bu, həm də şəhərin gözəlləşdirilməsi üçündür”.

Adını çəkmək istəməyən Nəqliyyat Nazirliyinin əməkdaşının sözlərincə, qadağalarla bağı qərar olsa da, hələ bir-neçə gün gözləyirlər. “Ayın axırı üçün hər şey yoluna düşəcək. Ancaq London taksiləri işləyəcək”.

Niyə London taksilərinə üstünlük verilməsi barədə sualı isə belə cavablandırır: “Şəhərdə taksi həm gözəgəlimli olmalıdır, həm də sayğacla işləməlidir. Həm də bu tıxacın qarşısını almaq üçündür”.

İllərlə yığılan problemləri bir-iki günə həll eləmək olmaz

Nəqliyyatçıların Hüquqi Problemlərinin Həllinə Yardım birliyinin sədri Məzahir Rüstəmovun sözlərinə görə, taksi sürücüsünün lisenziyası varsa, ona harda dayanmaqla bağlı qadağa qoymaq doğru deyil:

“Bu, həmin sürücünün hüququnun pozulmasıdır. Düzdür, taksi parkları olmalıdır, taksilər həmin parklara yığışmalıdır. Ancaq bizdə iri taksi parkları yoxdur. Olan parkların da imkanları aşağıdır”.

Ekspert deyir ki, taksi fəaliyyəti ilə bağlı reallıqları da nəzərə almaq lazımdır. Hansısa qadağalarla neçə illik problemi bir neçə günə həll etmək olmaz.

XS
SM
MD
LG