Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:58

Səyahət etmək mədəniyyəti


Bilal Həsənov
Bilal Həsənov

- "Bodrumda rus ailəsiylə tanış oldum. Dedilər ki, evdə iki daxıl var. Biri çörək pulu üçün, gündəlik məişət ehtiyaclarını ödəməkdən sarı, digəri səyahət pulu yığmaq üçün.

Düşündüm ki, mənim ölkəmdə cavanın daxılı maşının kreditini ödəmək, orta yaşlının daxılı bağ evinin material pulunu, yaşlının daxılı isə kəfən pulu yığmaq üçün istifadə olunur."

"Elə Gürcüstandan gələnlərdə də eyni ssenari təkrarlanır. Nə yedim, neçəyə yedim, nə qədər yedim."

Bilal Həsənov

Gəzmək mədəniyyəti

Keçən yay Riqanın göbəyində, Qarabaşlıların evi qarşısında sıra ilə düzülmüş skamyalardan birində əyləşib xoşhallanırdım.

Mülayim pribaltik günəşi yanaqlarımı isitdikcə xumarlanırdım. Uzaqda xaki rəngli Dauqava parıldayırdı.

Qarabaşlıların evinin günbəzindən sıçrayan günəş dovşanları üzümə düşüb gözümü qamaşdırırdı. Mən tam harmoniyada idim.

İnsanlarla əhatə olunsam da, heç bir adəm övladı bu sakitçiliyi pozmurdu, ləkələmirdi. Turistlər qarabaşaq dənələri kimi meydanı örtmüşdülər.

Turist dalğası yanımdan ötdükcə gözlərim onları dənə-dənə, hər birini rentgen skanerindən keçirirdi. Əksəriyyəti yaşlı, bizim sözlə, ağsaqqal-ağbirçək insanlar idi. Yüngül və sadə geyinmişdilər.

Qoca arvadlar dərisi büzülmüş qolları ilə beli bükülmüş ərlərindən bərk-bərk yapışıb asta və qısa addımlarla irəliləyirdilər. Kişilərin boynunda özləri ağırlığında iri və uzun obyektivli fotoaparatlar yellənirdi.

Turistlər qrup halında gəzişirdilər. Qruplar ayrı-ayrı ölkələrdən idi. Bələdçilər öndə əllərində səsucaldıcı, turist dəstəsi isə öz ölkələrinin xırda bayraqlarını yellədərək hərəkət edirdilər.

Kənardan bu, sanki qocalar üçün təşkil olunmuş olimpiadaya bənzəyirdi. Bu bayraqlar bayramında, mexaniki olaraq gözlərim üçrəngli, ay-ulduzlu bayrağı arasa da heyhat, oxşar bir şey görmədim. Bəs neçin?

Azərbaycanlılar mədəniyyət anlamını çox dar bir çərçivəyə salıblar. Onlar mədəniyyət deyiminə ilk növbədə əxlaq prizmasından baxırlar.

Məsələn, yaxınlarda naməlum bir cavan oğlan yanımda aptekdən prezervativ aldı. Və “mənə bir qutu prezervativ” kəlməsini ucadan söylədiyi üçün qınaq obyektinə çevrildi.

İki orta yaşlı qadın oğlanın dalıyca hey deyindilər. Burada bir haşiyə gətirək ki, qadınlar o cavan insanı tanımırdılar və onun amoral olduğunu sadəcə bir qutu prezervativ ilə əsaslandırdılar.

Onların istədiyi o idi ki, yetkinlik yaşını çoxdan adlamış cavan, müasir gənc əczaxanaya girib küncə qısılaraq, him-cim ilə nə istədiyini satıcıya anlatsın. Ya da ki, ən azından o qadınların aptekdən çıxıb getməsini gözləməli idi.

Demək, həmin prezervativ alıcısının musiqi, kitab zövqünə varmadan, onun daxili zənginliyini duymadan, boynundan mədəniyyətsiz medalı asılmışdır. Və bu kimi medalları adətən mədəniyyət anlamından uzaq insanlar təltif edir.

Yəni sən bir rəssam sanı çılpaq qadın rəsmi, ya heykəltaraş olub çılpaq Appolon yaratmağına rəğmən, mədəniyyətsiz olacaqsan.

Bir sözlə, bizlər mədəniyyətin məişət formasın qəbul edirik. Amma mədəniyyət özlüyündə geniş anlamdır. Mütaliə etmək, klassik musiqi dinləmək, teatrda tamaşaya baxmaq, rəsm sərgilərini, muzeyləri gəzmək mədəniyyətdir.

Vladimir Vısotskinin ömrünün son ilindən bəhs edən “Sağol ki, sağsan” filmi Azərbaycanda, paytaxt Bakıda bir gün göstərildi. Sonrakı gün filmi afişadan yığışdırdılar.

Soruşdum, dedilər ki, film tamaşaçı kütləsi toplamağı bacarmadı. Di gəl, “Bozbaş pikçers”-in çəkdiyi filimlərin seansı zamanı iynə atsan, yerə düşməz.

Sovet hökümətinə əyilməyən, kral sayağı torpağa tapşırılan bardı Bakıda “Bozbaş pikçers” yıxdı. Nə isə, əl qərəz, bu geniş mövzudur və deyəsən, mövzudan uzaqlaşdıq.

Mən açığı, başqa bir mədəniyyət qolundan danışmaq istəyirəm, gəzmək mədəniyyətindən, yəni səyahət etməkdən.

Bu yazının qaralama hissəsin Novosibirskdə, Tolmaçov hava limanının gözləmə zalında yazmışam. Canlı müşahidənin təsiri altında.

Xaricə səyahət edən azərbaycanlıların əksəriyyəti adi yol çantasını belə, düzgün yığa bilmir. Zövqsüzlük, yol adamı olmamaqları göz qaşındırır.

Çantasından tutmuş, pasport nəzarət məntəqəsində danışıq tərzinə qədər təcrübəsizliyi bilinir.

Təyyarənin salonuna daxil olan an avtobusdakı kimi yer tutmaq, stüardessaynan məzələnmək, nalayiq, şit zarafatlar, iki ton yuxarı danışmaq, oturacaqlardan yuxarıda əl çantası üçün nəzərdə tutulan kameraya bütün paltarları yığmaq, təyyarədə verilən yeməyə ağız büzmək, uçuş öncəsi kəməri bağlamamaq, stüartın dediklərin iqnor etmək, telefonları və bilgisayarları söndürməmək, təyyarə havaya qalxmamış tualetə qaçmaq, tualetdə corab yumaq, təyyarədə verilən plastik istəkanları oğurlamaq, təyyarə yerə enməmiş kəmərləri açmaq, təyyarə dayanmamış çıxış qapısına qaçmaq, xarici olkənin sərhəd keçid məntəqəsində yersiz sözlər, azərbaycanca söyüşlər, sıranı pozmaq kimi hallarla demək olar ki, hər səyahətimdə, hər səfərimdə qarşılaşmışam.

Bodrumda rus ailəsiylə tanış oldum. Samaradan idilər. Kişi qaynaqçı işləyirdi, arvad mühasib. Dedilər ki, bura artıq üçüncü ildi gəlirlər.

Bir uşaqları vardı. Biraz yaşayışdan danışdıq, ölkələrimizdəki yaşam tərzini, maaş fərqini araşdırdıq. İkisinə birlikdə, orta statistik azərbaycanlınının qazandığı pulu qazanırdılar.

Dedilər ki, evdə iki daxıl var. Biri çörək pulu üçün, gündəlik məişət ehtiyaclarını ödəməkdən sarı, digəri səyahət pulu yığmaq üçün.

Nənəm 80 yaşında rəhmətə gedib. 60 yaşından kəfən pulu yığırdı. Sonda, bir tağımı basdırmaq üçün kəfən pulu var idi. İrandan o yana getməmişdi. Ora da ki, Məşhəd şəhərinə, məşədi rütbəsindən ötrü getmişdi.

Düşündüm ki, mənim ölkəmdə cavanın daxılı maşının kreditini ödəmək, orta yaşlının daxılı bağ evinin material pulunu, yaşlının daxılı isə kəfən pulu yığmaq üçün istifadə olunur.

Nənəm 80 yaşında rəhmətə gedib. Arvad 60 yaşından kəfən pulu yığırdı.

Sonda, bir tağımı basdırmaq üçün kəfən pulu var idi. İrandan o yana getməmişdi. Ora da ki, Məşhəd şəhərinə, məşədi rütbəsindən ötrü getmişdi.

Arvad 80 ilə nə təyyarəyə mindi, nə gəmiyə, nə də ki, qatara. Televizorda bir kərəm heyvanlar haqqında verliş gedirdi.

"National Geographic"-dan Antarktidakı kral pinqvinlərini göstərirdilər. Nənəm televizora yaxınlaşıb, təəcüblə sordu ki, bu heyvanlar uydurmadı, bu kinodu, yoxsa bunlar doğrudan var?

Nə heyvandı belə? Təzə yaranıb? Harda yaşayırlar? Azərbaycanda var belələri? Hələ xəstə deyildi, ağlını itirməmişdi, əqli başında idi.

İki gün şokda idim. Bütün tayfamızı məsləhətlərlə təmin eləyən, cavanlara yaşamağı öyrədən, ədab-ərkən qaydalarından dərs keçən iyirminci əsrin qocası, pinqivini tanımırdı.

Bizimkilərin səyahət üçbucağı Bermud üşbucağına bənzəyir. Gürcüstan-Türkiyə-Dubay. Bəzən bu üçbucağa Avropa qoşularaq, dördbucaqlı yaranır. Dubay ticarət, Gürcüstan-Türkiyə müftə və ucuz yeməklə cəlb edir.

Rusiya və İranı bura qatmıram. Bu iki ölkə daha çox işgüzar səfərlər üçün istifadə olunur. Birində pul qazanırıq, digərində o pula dərman alırıq.

Türkiyədə oteldən başını bayıra çıxartmıyan turistlərimiz Gürcüstanda Narikala qalasını gəzməklə kifayətlənirlər. Dubayda isə günlərini mollarda itirirlər.

Ölüncə yedim, 50 evro pul verdim.

İnişil yas mərasimində, bir vəzifəli şəxs Praqadan təzəcə döndüyünü israrla gözə soxurdu.

Məmur yarım saat “Super Praqa” hekayəsi ərzində yalnız hansısa restoranda cəmi 50 avroya ölüncə yediyini danışdı. Belə də dedi: "Ölüncə yedim, 50 evro pul verdim."

Nə bir muzey, tarixi abidə, maraqlı hadisə, heç nə. Yalnız hesabın məbləği və yeyilən təamların siyahısı.

Elə Gürcüstandan gələnlərdə də eyni ssenari təkrarlanır. Nə yedim, neçəyə yedim, nə qədər yedim.

Ara-sıra Ukraynaya uçan gənclərimiz də inanmıram ki, Kiyevə, Qızıl qapını və yaxud Bulqakovun ev muzeyini görmək üçün gedə. Ora onları maqnit kimi çəkən daha çox cazibədar Ukrayna xanımlarıdır.

İki il bundan qabaq avtobusla Litva-Belarus sərhəd gömrük məntəqəsin keçərkən, avtobusda olan otuz altı sərnişindən yalnız məni düşürdüb, çantalarımı açmağa məcbur etdilər.

Ozü də hər iki gömrük məntəqəsində. Yəni həm Litvada, həm Belarusda. Belarusda məndən təkidlə nə keçirdiyimi soruşurdular. Avtobus bir saatdan artıq gömrük məntəqəsində gözlədi.

Sonradan Litvadan olan bir sərnişin mənə dedi ki, on ildi bu yolu gedib gəlirəm, ilk dəfə avtobusu sərhəddə bu qədər saxladılar.

Gömrük nümayəndəsi, çantamda paltar və hədiyyələrdən başqa bir şey tapmadı.

Belarusa gəlişimin səbəbini soruşdu. Pasportum, sənədlərim qaydasında idi. Dedim ki, turistəm, Belarusu gəzməyə gəlmişəm, Minski görmək istəyirəm.

İstehza ilə gülüb dedi:

“Nə? Turist? Azərbaycanlı və turist? Mən iyirmi ildi bu işin içindəyəm və bu vaxta qədər ancaq azərbaycanlı al-verçi görmüşəm."

Mən hələ bizimkilərin Avropadakı sərgüzəştlərin demirəm. Hipermarketlərdən qaşıq oğramaq, şəhər mərkəzindəki fantanlardan qəpik toplamaq, küçə musiqiçilərinin pulqabına prezervativ atmaq, “Lido” özünə qulluq restoranlarında ayaqüstü cəld bir bakal pivə içib, ikinci bakalı kassaya aparmaq, otellərdən dəsmal, rajok, sabun, şampun çırpışdırmaq, gecə klublarında mütləq dava salmaq və daha nələr, nələr, nələr.

Baykalda olarkən yaşlı bir qadınla tanış oldum. Yaponiyadan gəlmişdi. Osakada qalırdı. Yerli ədəbiyyat qəzetinin redaktoru işləmişdi uzun illər. Elə hey ölkəsindən danışırdı.

Bizlər gördüyümüz, duyduğumuz sivilizasiyanın bir parçasını öz içimizdə evimizə gətirmişik

Dedi ki, bizim səyahət ənənəmiz, serimoniyamız, adətimiz var.

Bizə uşaq yaşlarından gəzməyin nə olduğunu, necə olduğunu, ona necə hazırlaşmalı, özünü kənarda necə aparmalı, turist hansı yazılmamış qanunları bilməli, hətta çantasında nə olmalıdır, yəni bütün xırdalıqlara qədər, atadan oğula, oğuldan balaya, babadan nəvəyə, hamısını öyrədiblər, deyiblər, göstəriblər, əlimizdən tutub ölkələri gəzdiriblər.

Bizlər gördüyümüz, duyduğumuz sivilizasiyanın bir parçasını öz içimizdə evimizə gətirmişik.

Biz gəzmək mədəniyyətimizi gəzə-gəzə, görə-görə təkmilləşdirmişik, sanki xırda çay daşları arasından süzdürmüşük.

Biz ilk növbədə özümüzü, öz içimizi təmizləmişik, paklaşdırmışıq və bu pakizəlik düsturunu özümüzdən sonra gələnlərə də öyrətmişik. Çünki hər bir turist ilk növbədə öz ölkəsinin səfiridir, vizit kartıdır, reklam tablosudur.

Cəmi turistlərin yaxşı mənada bir xəstəliyi var. Maqnit kolleksiyası. Olduğu, gördüyü, gəzdiyi şəhərdən və ya ölkədən maqnit gətirib, mətbəxdə soyuducunun qapısına vurmaq.

Sözsüz ki, irad tutmaq fikrində deyiləm və soyuducunun içini düşünməyin, “əsas onun qapısı üzərində maqnitlərin sayı artsın” kimi şüar səsləndirməkdən də uzağam.

Amma xanımlar və bəylər, rica edirəm, ömrünüzün yarıdan çoxunu həmin soyuducunu doldurmağa sərf etməyin. Həyat daha maraqlıdır.

(Yazıdakı fikirlər müəllifin şəxsi mülahizələridir)

XS
SM
MD
LG