Keçid linkləri

2024, 30 Dekabr, Bazar ertəsi, Bakı vaxtı 23:55

İsa Qəmbərin namizədliyini geri götürməsi qəbul edilməyib


İsa Qəmbər və Məzahir Pənahov
İsa Qəmbər və Məzahir Pənahov

-

«Dairə seçki komissiyaları Müsavatın namizədlərinin seçkidən çəkilməsinə problemlər yaradır».

Bunu Azadlıq Radiosuna Müsavat Partiyası Seçki qərargahının rəhbəri Gülağa Aslanlı deyib:

«Məsələn İsa Qəmbər namizəd olduğu 15 saylı Yasamal Birinci Dairə Seçki Komissiyasına namizədliyini geri götürmək barədə ərizə ilə müraciət edib. Ancaq DSK bu ərizəni qəbul etməyib. Başqa namizədlərimiz də var, onların da bir neçəsinə belə problemlər yaradılıb. MSK bizə sanki deyir ki, zorla seçkilərə getməlisiniz».

Müsavat Partiyasının bu parlament seçkilərində 25 namizədi qeydiyyata alınmışdı. Gülağa Aslanlı deyir ki, onlardan 23-ü seçkidən imtina ilə bağlı dairə seçki komissiyalarına müraciət edib.

Yada salaq ki, 79 saylı İmişli Seçki Dairəsindən deputatlığa namizəd İltizam Əkbərli seçkidə axıra qədər iştirak edəcəyini Azadlıq Radiosuna açıqca bildirmişdi.

APA-nın verdiyi xəbərə görə, 115 saylı Şəki kənd İkinci Seçki Dairəsindən namizədliyini irəli sürmüş İkram İsrafil də hələ ki, seçicilərlə görüşlərini davam etdirdiyini deyib.

«BİZ QƏRARIMIZI DƏYİŞƏN DEYİLİK»

Oktyabrın 29-da Mərkəzi Seçki Komissiyasının yaydığı bəyanatda isə Müsavatın seçkilərdən çəkilmə qərarının seçicilərdə çaşqınlıq yaratdığı bildirilirdi. MSK bildirir ki, Seçki Məcəlləsinə görə, siyasi partiya yalnız seçkilərə 10 gün qalmış geri çəkilə bilər. Əks halda imtina ilə bağlı qərarı namizədlər verməlidir.

Ancaq bununla belə MSK sədri Məzahir Pənahov da deyirdi ki, bülletenlərin çapından sonra geri çəkilmə seçicilərdə əlavə çaşqınlıq yaradacaq.

Gülağa Aslanlı isə deyir ki, Seçki Məcəlləsinə görə, hətta seçkiyə 1 gün qalmış məhkəmə namizədliyi ləğv edə bilər:

«Belədə çaşqınlıq olmur, biz geri çəkiləndə çaşqınlıq olur? Bunlar hamısı bəhanədir. Əvvəlki seçkilərdə də belə hallar olub. Onda namizədliyini geri götürən şəxsin adının üzərindən xətt çəkilib. Biz qərarımızı dəyişən deyilik».

XS
SM
MD
LG