Keçid linkləri

2024, 22 Noyabr, Cümə, Bakı vaxtı 11:26

YAP-ın yeni deputatı Rəsulzadəyə həqarət yağdırdı


Naqif Həmzəyev
Naqif Həmzəyev

-

«Azadlıq» qəzeti ən çox müzakirə edilən məsələlərdən birinə toxunub: «YAP-ın yeni deputatı Rəsulzadəyə həqarət yağdırdı, sosial media onu «topa tutdu».

Qəzet yazır ki, Milli Məclisə Gəncədən deputat seçilən YAP Gəncə şəhər təşkilatının sədri Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadənin bu şəhərdəki büstünə niyə çuval keçirildiyi barədə suala heç kimin gözləmədiyi tərzdə cavab verib.

Naqif Həmzəyev «Yeni Müsavat» qəzetinin əməkdaşına verdiyi cavabda Rəsulzadəni «vətən xaini» adlandıraraq, onun büstünün Gəncədə deyil, ilk respublikanı Tiflisdə qurduğu üçün orada qoyulmasını lazım bildiyini vurğulayıb:

«Niyə Rəsulzadənin büstü və ya heykəli qoyulmalıdır ki?! Mən bu cür tarixi şəxsiyyət tanımıram.

Heç bilirsiniz o Rəsulzadə respublika yaratmaq üçün nələr edib? Yaxşı şəxsiyyət olsaydı, qurduğu respublikanı qoruyub saxlayardı».

Rəsulzadənin nəvəsi Rəis Rəsulzadə deputatla məhkəmədə görüşəcəyini deyib.

Qəzet yazır ki, Naqif Həmzəyevin fikirləri sosial şəbəkələrdə də ciddi etiraz doğurub, onun üzr istəməsi, hətta mandatdan məhrum edilməsi tələb olunur.

Sosial şəbəkədə məsələyə AXCP sədri Əli Kərimli də münasibət bildirib. O yazıb ki, YAP-ın yeni deputatının belə çıxışı bütövlükdə hakimiyyətin Rəsulzadəyə neqativ münasibətinin nəticəsidir:

«İllərdir ki, xalqımızın qəlbindəki Rəsulzadə sevgisini özlərinə təhlükə kimi görürlər. Anlayırlar ki, Rəsulzadəni sevən əksəriyyət sülalə hakimiyyəti tərəfdarı ola bilməz.

Sərt avtoritar idarəçilik şəraitində belə, hökumətin iradəsi ziddinə ifadə olunan Rəsulzadə sevgisi xalqımızın həm də demokratik və ədalətli idarəetməyə, rüşvətə bulaşmamış təmiz əllərə olan rəğbətinin ifadəsidir. M.Ə.Rəsulzadə irsi ötən 100 ildə necə dəhşətli hücumları dəf edib?! Əlbəttə ki, bu hücum da milli liderimizin parlaq obrazına heç bir xələl gətirə bilməyəcək!».

Ancaq Naqif Həmzəyev Məhəmməd Əmin Rəsulzadəni təhqir etmədiyini, fikirlərinin təhrif olunduğunu bildirib. YAP-çı deputat Aydın Mirzəzadə də həmkarını müdafiə edib.

Rəşad Məmmədov
Rəşad Məmmədov

MTN GENERALININ DAHA BİR QANUNSUZLUĞU ÜZƏ ÇIXDI

«Yeni Müsavat» MTN mövzusunu davam etdirir: «MTN-in sabiq generalının daha bir qanunsuzluğu üzə çıxdı».

Qəzet yazır ki, Dövlət Bayrağı Meydanı İdarəsinin rəisi Rəşad Məmmədov Bakı sakini Zabil Salmanovun ifadəsi əsasında həbs olunsa da, həmin şəxs ifadəsini geri götürüb.

Z.Salmanovun nümayəndəsi Aslan İsmayılov «Yeni Müsavat»a deyib ki, ifadə zorla alınıb: «Rəşad Məmmədovun heç bir günahı yoxdur. Zabil Salmanovu MTN-ə aparıb gecələrlə saxlayıb, başına oyun açmaqla məcbur ediblər ki, Rəşad Məmmədovun əleyhinə ifadə versin. Ona görə də Eldar Mahmudov vəzifədən çıxarılan kimi Zabil Salmanov baş prokurora müraciət etdi ki, məni MTN-in generalları, polkovnikləri zor tətbiq etməklə Rəşad Məmmədovun əleyhinə ifadə alıblar. Zabil Salmanov bildi ki, Rəşad Məmmədovu yalnız onun ifadəsinə əsasən 5 aydan artıq həbsdə saxlayırlar. Zabil Salmanov bir neçə dəfə hüquq-mühafizə orqanlarının rəhbərlərinə müraciət etdi ki, ifadəmə görə 4 uşaq atası günahsız olaraq həbsdə yatır. Yazdı ki, həmin ifadəni məndən zorla alıblar, həmin ifadədən imtina edir və Rəşad Məmmədovun dərhal azad olunmasını istəyir».

Z.Salmanovun nümayəndəsi müvəkkilindən «zorla alınan ifadə»nin məqsədli olduğunu deyib: «Bildiyimə görə, Rəşad Məmmədov siyasətə, intriqalara qarışan şəxs olmayıb. İşadamı olub, imkanlı şəxs olub. Onun əmlakını əlindən almaq üçün Zabil Salmanovdan belə bir ifadə alıblar. Zabil Salmanov belə bir ifadə verməyəcəkdi, bir başqa şəxsi məcbur edib Rəşad Məmmədovun əleyhinə ifadə alacaqdılar».

Dövlət Bayrağı Meydanı İdarəsinin keçmiş rəisi R.Məmmədov bu il mayın 12-də həbs edilib. Səbail rayon Məhkəməsinin qərarı ilə onun barəsində seçilmiş həbs-qətimkan tədbirinin müddəti sonradan uzadılıb. Ona Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə cinayət işi başlanıb. R.Məmmədov hazırda MTN-in İstintaq Təcridxanasında saxlanılır.

İlham Əliyev
İlham Əliyev

MÜHÜM QANUN

«Azərbaycan» qəzeti «Azərbaycan Prezidentinin vətəndaşların müraciətlərinə dair imzaladığı mühüm qanun»un şərhini təqdim edir.

Prezident Administrasiyasının Sənədlərlə və vətəndaşların müraciətləri ilə iş şöbəsinin müdiri Süleyman İsmayılov «Vətəndaşların müraciətləri haqqında» qanunun əsas müddəalarını şərh edib:

«Qanuna yeni daxil edilmiş mühüm maddələrdən biri də «Vətəndaşların müraciətlərinə dair tələblər» adlı 6-cı maddədir ki, bu maddədə müraciətlərin forması, yazılı müraciətlərdə göstərilməli əsas məlumatlar, bu məlumatlar olmadıqda, yaxud düzgün göstərilmədikdə, onların anonim hesab edilməsi, elektron müraciətin verilmə qaydası və ona dair tələblər, rekvizitlərinin nədən ibarət olduğu dəqiq müəyyənləşdirilib. Vətəndaşlar bilməlidirlər ki, qanunun 6.9-cu maddəsində göstərildiyi kimi, müraciətin mətni oxunaqlı olmalı, müraciətdə edilən təklif və ya tələb aydın ifadə edilməlidir. Müraciətin mətnində təhqir və böhtana yol verilməməlidir».

Sabir İsmayılov yazır ki, qanunun «Müraciətin baxılmamış saxlanması» maddəsində həm vətəndaşları, həm də müraciətə baxan subyektləri daim narahat edən bir məsələ də konkretləşdirilib: «...vətəndaşın təkrar müraciətlərinə 1 il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda, müraciət baxılmamış saxlanılır. Lakin 8.2-ci maddədə göstərildiyi kimi, bu barədə yazılı müraciət edənə 5 iş günündən gec olmayaraq, şifahi müraciət edənə isə dərhal məlumat verilməlidir».

Yeni qanunun 12-ci maddəsində isə deyilir ki, vəzifəli şəxslər vətəndaşların müraciətlərinə obyektiv və vaxtında baxılmasını təmin etməli, müraciətə görə vətəndaş təqib edilməməli, onun haqqında müraciətlə bağlı olmayan məlumat toplanmamalıdır və s.

XS
SM
MD
LG