Keçid linkləri

2024, 26 Dekabr, Cümə axşamı, Bakı vaxtı 18:31

Xədicə İsmayılova. Məhbəsin ildönümü


Təhqiqatçı-jurnalistin həyatında ildönümdür. Məhbəsdəki həyatının ildönümü. Lakin bu ildönüm də mərd jurnalisti yolundan döndərə bilməyib.

Təhqiqatçı-jurnalist Xədicə İsmayılovanın həyatında ildönümdür. Məhbəsdəki həyatının ildönümü. Lakin bu ildönüm də mərd jurnalisti yolundan döndərə bilməyib.

O, Azərbaycan hakimiyyəti tərəfindən saxta ittihamlarla salındığı həbsxana divarları arasında da mübarizəsini davam etdirir. Yazır, tənqid və ifşa edir, insan haqlarının müdafiəsinə qalxır.

Ron Synovitz və AzadlıqRadiosu Azərbaycan xidmətinin birgə hazırladıqları məqalədə deyilir ki, məhbus jurnalist Bakı Apellyasiya Məhkəməsinin səs keçirməyən şəffaf plastik qəfəsində əyləşdiyi vaxt Azərbaycanda insan haqlarının pozulmasına dair daha bir reportaj sinəsində idi.

Müttəhimlər kürsüsündən reportaj
Müttəhimlər kürsüsündən reportaj

“Hakim İlqar Murquzovun onun mikrofonunu hər an söndürə biləcəyini bildiyindən, noyabrın 19-da keçirilən dinləmə zamanı İsmayılova öz qələminin qüdrətini bir daha nümayiş etdirdi. O cəld bir hərəkətlə qarşısındakı kağıza iki cümlə qaralayıb onu qəfəsin şüşəsinə sıxdı”.

“Bazar günü həddi-büluğa çatmamış məhbuslar 2-ci blokun 63 və 64 nömrəli kameralarının qapılarını bərk-bərk döyərək etiraz ediblər, – yazılmışdı kağızda, - Onları döydülər və qanunsuz olaraq təkadamlıq kameralara saldılar”.

Dəmir barmaqlıqlar arxasında keçən bir ildə AzadlıqRadiosu-nun müxbiri Xədicə həbsxanadan əvvəl ona mükafatlar qazandırmış işini davam etdirib: insan haqları pozuntuları və hökumətin korrupsiyası kimi məsələləri gündəmə gətirib. Və o dayanmayacağını deyir.

Məhbusluğunun birinci ildönümünü qeyd etmək üçün İsmayılova bu həftə ailəsi vasitəsilə Bakıda saxlandığı 4 nömrəli qadın koloniyasından AzadlıqRadiosuna məktub göndərib. O bu həbsxanaya noyabrın 7-də, 7 il yarımlıq həbsini çəkmək üçün keçirilib.

“Mən hələ də səfərdəyəm...”

“Mən hələ də səfərdəyəm, - yazır Xədicə 3 dekabr tarixli məktubunda, - Mən mübarizəmi davam etdirirəm. Həbsxanaya gətirildiyim birinci gündə olduğum kimi, təbəssümümü və yumor hissimi qoruyub saxlamışam. Məhkəmə dinləmələrində özümü qalib hesab edirəm”.

Xədicə İsmayılova ona qarşı irəli sürülmüş vergidən yayınma və dələduzluq ittihamlarını saxta adlandırır və bildirir ki, bu ittihamlar İlham Əliyev hökumətinin ən yüksək səviyyədə korrupsiyaya bulaşmasını faş etdiyi üçün qondarılıb.

O, 2014-cü il, dekabrın 5-də həbs olunduqdan sonra bir ilədək saxlandığı Kürdəmir təcridxanasında Azərbaycanın Ədliyyə sistemində mövcudluğu iddia edilən qanunsuzluqlara diqqət yetirib.

Mən hələ də səfərdəyəm. Mübarizəmi davam etdirirəm. Həbsxanaya gətirildiyim birinci gündə olduğum kimi, təbəssümümü və yumor hissimi qoruyub saxlamışam

İsmayılovanın qələminin qüdrəti, sözü gedən 19 noyabr dinləməsində kağız parçasına yazdığı iki cümlə ilə isbat edilib.

Elə həmin gün Azərbaycan İnsan Haqları Komissiyasından onun yanına nümayəndələr gəlib və vəd ediblər ki, jurnalistin şikayətini təhqiq edəcəklər. İsmayılova bilirdi ki, Avropa Şurasına öhdəliklərlə bağlı olan Azərbaycanda yaşı 18-dən az olanların təkadamlıq kamerya salınması qanunsuzluqdur. Bu, BMT-nin Uşaqların Haqları Konvensiyasına da ziddir. Azərbaycan bu Konvensiyaya da imza atıb.

İki gün sonra isə Azərbaycan hökuməti insan haqları komissiyasının rəhbəri Rəşid Rumzadə İsmayılovanın şikayətinə baxıldığını bildirib.

Rumzadə izah edib ki, yetkinlik yaşına çatmamış məhbuslar təcridxananın daxili qaydalarını pozduqlarına görə ayrı-ayrı kameralara keçiriliblər. Başqa sözlərlə, rəsmi onların təkadamlıq kamerya salınmasını danıb.

Azadlıq nəğmələri

Kürdəxanı təcridxanasındakı kamerasında Xədicə opera ariyaları oxuyurdu. Əvvəlcə onun kamera yoldaşları bundan şikayət etmişdilər. Lakin Xədicə başa saldı ki, onların da mahnı oxumaq hüquqları var.

O deyir ki, mahnı oxumasından məqsəd həm də belə bir haqqa malik olduğunu göstərmək idi. Axı hüquqlardan istifadə etmək onları bilmək qədər mühümdür.

Elmira Ismayılova qızı ilə heç də hər vaxt görüşə bilmir
Elmira Ismayılova qızı ilə heç də hər vaxt görüşə bilmir

Məhkəmə dinləmələrindən birində Xədicə Kürdəxanı təcridxanasının məhbuslarına onlara düşən gündəlik ət payının verilməməsindən bəhs etmişdi. Bu çıxışdan sonra həbsxana rəhbərliyi məhbusların ət paylarını artırmışdı.

O, bir gənc qız üçün apellyasiya ərizəsi yazaraq onun Kürdəxanı təcridxanasından məhkəməyədək azad edilməsinə nail olmuşdu.

Xədicəyə dostları tərəfindən göndərilmiş kitablar bu gün də Kürdəxanı məhbəsində dövr edir. Çünki jurnalist bu kitabları oxuyandan sonra onu həbsxana yoldaşlarına verib.

Həbsxanaya salınmazdan az əvvəl qarın nahiyəsində aparılmış cərrahiyyə əməliyyatına görə Xədicənin evdə bişirilən xörəklərlə qidalanmaq haqqı var.

Onun anası hər dəfə bütün məhbuslara az da olsa pay çatacaq qədər yemək gətirməyə çalışır.

Sözü qəfəsdən çıxarmaq

Hakimiyyət Xədicə İsmayılovanın həbsxanadan reportajlar yazmasının qarşını almağa çalışır.

Onun yazdığı çox sayda məktub ünvanına yetişmədən müsadirə olunub. Bir neçə dəfə həbsxana rəhbərliyi onun kamerasında axtarış aparıb, öz müdafiəsi üçün apardığı qeydlər, vəkillərinə yazdığı məktublar da daxil bütün yazıları əlindən alınıb.

Bununla belə, jurnalist məhkəmə dinləmələrində diqqəti prezident İlham Əliyevin ailəsinin xaricdə topladığı sərvətə çəkirdi.

Həbsxana əyilmiş tərəzini düzəltməyə çalışanlar, düzgün iş gördüyü üçün təhdid edilənlər üçün qorxulu deyildir

O səs keçirməyən müttəhimlər kürsüsündən hakimin mikrofon düyməsini ustalıqla “yuxuya” verirdi. Əvvəlcə özünün Panama, Dubay və Britaniyada olan spesifik mülkiyyəti barədə məlumat verir, sonra isə üzr istəyərək “səhv” etdiyini deyir və əslində sadaladıqlarının prezident ailəsinə məxsus olduğunu bildirirdi.

Xədicə İsmayılova bir sıra yazılarını həbsxanadan araçılar vasitəsilə çıxara bilib. Onun bu üsulla həbsxanadan çıxarmağa müvəffəq olduğu yazılar “The Washington Post”, AzadlıqRadiosu və Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyaya qarşı Jurnalistika Layihəsi tərəfindən dərc edilib.

Fevral ayında Xədicə yazırdı: “Ədaləti irəlilətmək heç də asan deyildir, lakin bunu etməyə həmişə dəyər. Bunun nəticəsi uğursuzluq olsa da, ədalət naminə, özümüz naminə “nə üçün” sualı, “necə” və “nə vaxt” sualından mühümdür”.

Xeyir və şər arasında döyüş davam edir. Ən əsası budur ki, bu mübarizə dayanmasın

Mart ayında bayıra ötürməyə imkan tapdığı başqa bir məktubda Xədicə qohumları və vəkilləri ilə görüşlərdən necə məhrum edildiyi barədə yazırdı. Məktubda deyilirdi: “Xeyir və şər arasında döyüş davam edir. Ən əsası budur ki, bu mübarizə dayanmasın…Həbsxana əyilmiş tərəzini düzəltməyə çalışanlar, düzgün iş gördüyü üçün təhdid edilənlər üçün qorxulu deyildir. Biz nəyin uğrunda döyüşməli olduğumuzu aydın şəkildə görürük”.

Xədicə İsmayılova həbsxanada ikən İran əsilli yazıçı Səhər Delicaninin “Cakaranda Ağacının Uşaqları” romanının tərcüməsini başa çatdırıb. Bu roman 1988-ci ildə, İranda baş verən repressiyaların məhbus etdiyi minlərlə insanın taleyi barədədir. O bu əsərin tərcüməsini də Kürdəxanı təcridxanasından azadlığa ötürə bilib.

Gələcək gözləntiləri

İsmayılova deyir ki, nəzarətçilər həbsxanadan çölə ötürdüyü mesajlar hər dəfə dərc ediləndə onu sıxışdırmağa başlayıblar.

Məsələn, fevral və may aylarında içəridən yazdığı məktublar xaricdə dərc olunduqdan sonra Xədicə Kürdəxanı təcridxanasının təkadamlıq kamerasına salınıb.

Hakimiyyət həbsxanadan heç bir yazılı məlumatın çıxmaması üçün ona baş çəkən vəkillərin və qohumlarının üst-başlarının axtarılması sərəncamını verib.

Bütün dünyadakı tərəfdarları Xədicəyə azadlıq tələb edirlər
Bütün dünyadakı tərəfdarları Xədicəyə azadlıq tələb edirlər

Noyabrın 25-də hakim Murquzov İsmayılovanın hökmdən verdiyi apellyasiya iddiasını rədd edib.

İndi 4 nömrəli Qadın Həbsxanasının karantin bölümündə saxlanan Xədicə deyir ki, ölkənin son ədalət instansiyası – Ali Məhkəməyə apellyasiyasının da rədd ediləcəyini bilir.

Bundan sonra, jurnalist mübarizəni Strasburqdakı Avropa İnsan Haqları Məhkəməsində davam etdirməyi planlaşdırır. O burada özünün ədalətlə mühakimə olunmaq hüququnun pozulduğunu isbat edəcək. Bunlar onun müdafiəyə hazırlıq qeydlərinin əlindən alınması, müdafiəçiləri ilə təklikdə görüşmək imkanından məhrum edilməsi və ifadələr verdiyi zaman mikrofonunun söndürülməsi kimi pozuntulardır.

Amma indilik Xədicə 4 nömrəli koloniyada karantin müddətinin tezliklə başa çatmasını və başqa məhbusların yanına buraxılacağı günü gözləyir. Axı bura onun jurnalist təhqiqatları üçün yeni bir meydan olacaq.

XS
SM
MD
LG