Keçid linkləri

2024, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 00:42

«Unun qiymət artımının arxasında istehsal «pripiska»sı durur»


Vahid Məhərrəmov
Vahid Məhərrəmov

-

Bakı mağazaların əksəriyyətində indi kisə ilə un tapmaq müşkülə çevrilib. Topdansatış məntəqələri ilə əlaqə saxladıqda isə son bir gündə unun qiymətinin təqribən 25 faiz artdığı bəlli olur. Əgər bir neçə gün əvvəl 50 kiloqramlıq un kisəsi 19 manata təklif edilirdisə, indi bunu 24 manat 50 qəpiyə qaldırıblar. Topdansatış məntəqələrində bildirirlər ki, qiyməti dəyirmanlar qaldırıblar.
Məsələyə aydınlıq gətirmək üçün Azərbaycanda ən iri un istehsalçılarından olan «Karmen» MMC ilə əlaqə saxladıq. Ancaq cəmiyyətdən qiymət artımı ilə bağı deyilənləri nə təkzib, nə də inkar etdilər.

Kənd təsərrüfatı mütəxəssisi Vahid Məhərrəmov isə deyir ki, unda qiymət artımı dəyirmanlardan yox, ölkəyə taxıl idxal edən firmalardan asılıdır. İqtisadçının sözlərinə görə, ölkəyə müxtəlif firmalar taxıl idxal etsələr də, onlar bir əldən idarə olunur. Nəticədə də qiymətləri həmin əl müəyyən edir: «Azərbaycanda Dövlət Taxıl Fondu yaradılıb. Bu fondda taxıl ehtiyatı əvvəl 250 min, sonra 500 min, bu il isə 750 min tona çatdırılıb. Bu çox böyük ehtiyatdır».

«Bəs ölkənin bu qədər taxıl ehtiyatı varsa, unun qiyməti 1 gün içərisində niyə 25 faiz artır» sualına isə Vahid Məhərrəmov belə cavab verir:

- Monopoliya, xalqın hesabına varlanmaq istəyi. Azərbaycana il ərzində bütün əhalinin tələbatını ödəmək üçün 1 milyon 300 min ton buğda lazımdır. Bu il Azərbaycana 1 milyon 500 min ton taxıl idxal olunub. Onun 1 milyon 300 min tonu buğdadır. Rəqəmlərdən də görünür ki, Azərbaycana artıq kifayət qədər taxıl idxal olunub

- Bəs Azərbaycanın özünün istehsal etdiyi taxıl necə olur?

- Statistik rəqəmlərə görə, bu il Azərbaycanda 2 milyon 600 min ton taxıl istehsal olunub. Bunun 1 milyon 800 min tonu buğdadır.

- Azərbaycan özü bu qədər buğda istehsal edirsə, onda tam ehtiyacı qədər buğda idxal etməyin nə mənası var? Bəlkə istehsal rəqəmləri şişirdilib?

- Birincisi, Azərbaycanda istehsal olunan buğdanın bir hissəsi keyfiyyətli olmur. İkincisi, Azərbaycanda buğdanın maya dəyəri baha başa gəlir. Üçüncüsü də, ölkəni idxaldan asılı vəziyyətə salmaqla küllü miqdarda vəsait əldə edirlər. Bir də ola bilsin ki, istehsal şişirdilir. Azərbaycanda sovet dönəmindən qalma istehsal «pripiska»sı var.

- İndi sovet dönəmi deyil ki? Bu istehsal «pripiska»sında məqsəd nədir?

-Azərbaycan büdcəsində kənd təsərrüfatına 600 milyon manat pul ayrılıb. Bəs bunu və sonradan onun səmərəli istifadəsini əsaslandırmaq lazımdır axı. Mən AzadlıqRadiosunun oxucularına bir müqayisə verim. Bu 600 milyona buğda alıb, ondan un çəkib, çörək bişirib, sonra da il ərzində Azərbaycan əhalisinə havayı paylamaq olar. Yəni, 600 milyon böyük puldur. Bu 600 milyon da yeyilir, əhali də ac qalır...

XS
SM
MD
LG