Keçid linkləri

2024, 21 Dekabr, şənbə, Bakı vaxtı 19:42

Sokratın öldürülməsi şagirdinin dili ilə


Sokrat, Antisfen, Kristipp, Epikür (qədim yunan filosofları)
Sokrat, Antisfen, Kristipp, Epikür (qədim yunan filosofları)

-

Sokrat: "Ona ürəyim yandığından "oğlunu dabbaqlıq öyrənməyə göndərmə" demişdim, indi o da bu sözümdən acığa düşüb, mənə ölüm kəsilməsi üçün dəridən-qabıqdan çıxır. Ona bərk yazığım gəlir!"

"Hakimlər ona ölümdən qaçına bilmək üçün özünə könüllü olaraq cərimə kəsməsini buyuranda, o, nə özü bunu elədi, nə də onun yerinə pul ödəmək istəyən dostlarının bunu eləməsinə yol verdi, onun deməsinə görə, cəriməyə qol qoymaq, onun suçlu olduğunu boynuna alması demək olardı."


Afinalı KSENOFONT

Sokratın apologiyası

Tərcümə edən: Araz Gündüz

Ksenofon
Ksenofon

Mənə elə gəlir, Sokrata qurulan məhkəmə öncəsi, sonra da məhkəmənin gedişində, onun özünü doğrultmaq, ömrünü necə başa vurmaq üzrə düşündüklərini anmaq da yerinə düşərdi.

Onun məhkəmədəki çıxışından başqaları da çox yazmışlar, hamısı da onun bu çıxışında necə kəskin, sarsılmaz, yenilməz olduğunu göstərmişlər, onu tanıyanlar bir səslə deyirlər: Sokratın bu durumdakı davranışı da, danışığı da, ondan başqa birisinin bacarmayacağı bir yetkinlik örnəyi idi.

Ancaq Sokratdan yazanlar, Sokratın artıq bu çağlarında ölümü yaşamaqdan üstün tutduğunu yetərincə açıb göstərə bilməmişlər, dediyim bu durumu da göz önündə tutanda onun çıxışındakı dönməzlik, əyilməzlik bir az da yaxşı anlaşılır.

Ancaq Sokratın dostu olmuş, Hipponikin oğlu Hermogen onunla baş tutmuş danışıqlarını üzə çıxarandan sonra Sokratın başını dik tutaraq elədiyi bu çıxışının, onun atdığı addımın düzgünlüyünə olan inamından doğduğu açıq-aydın bəlli olur.

Sokratın, öyrəncəsi üzrə, yenə də dinləyicilərini başına toplayıb, gündəlik mövzulardan danışmasını, ancaq qarşıda onu gözləyən məhkəmədən söz belə, açmamasını görüncə, Hermogen ondan soruşmuşdu:

-Sokrat, sənə elə gəlmirmi, məhkəmədə özünü doğrultmaq üçün nə deyəcəyini indidən düşünməyə dəyər?

Sokrat
Sokrat

-Səncə, mənim ömrüm büsbütün, bu özünü doğrultmağa çalışmaq deyilmi?-deyə, Sokrtat ona cavab verdi.

-Necə yəni? - Hermogen soruşdu.

Sokrat dedi:

-Mən bütün ömrüm boyu, bilərəkdən, bir dənə də olsun əyri iş tutmamışamsa, səncə, bu özünü qorumaq üçün ən böyük sayıqlıq deyilmi?

-Sokrat, yoxsa sən Afina məhkəmələrini tanımırsan? - yenə Hermogen dilləndi.- Çox olur, kiminsə çıxışından acıqlanan hakimlər onu suçu olmadan ölümə göndərirlər; bir də görürsən, suçu olanı doğruya çıxarırlar, nədir-nədir onların yalvarışlarına acıyırlar, yarınmaq üçün dediyi sözlərindən yumşalırlar.

-Niyə bilmirəm, and olsun Zevsə, bunu bilirəm, ancaq neynim, iki dəfə məhkəmədə özümü doğrultmaq üçün nəsə düşünmək istəmişəm, ikisində də tanrılar məni bundan daşındırıblar.

-Mən bunu anlaya bilmirəm! - Hermogen dedi.

-Tanrıların indi mənim üçün ölümün yaxşı olduğunu buyurmaları sənə anlaşılmazmı gəlir? Yoxsa sən bilmirsən, mənim indiyə kimi tək çalışdığım o olub, bu yer üzündə bir kimsə məndən artıq insanca yaşadığını deyə bilməsin?

Mənim ömrümün gözəlliyi də bu uca, gözəl duyğularla yaşamağımda olub,- bütün ömrümü tanrılara ürəkdən inanmaqla, düzgünlüklə yaşaya bilmişəm;

ona görə də mən özüm də yaşadığım ömrü bəyənmişəm, elə yan-yörədəkilərin də belə düşündüyünü sezmişəm. Ancaq mən bir az da artıq yaşasam, qocalığın yarıtmazlıqları ilə üzləşməli olacağam,- görüb-eşitməyim korlanacaq, yeni biliklər öyrənmək bir yana, bildiklərimi də unutmağa başlayacağam.

Mən özümün özümdən əskik olmağa başladığımı duyub, özümü qınamağa başlasam, belə bir ömrün nə dadı-duzu qalacaq? Ona görə də, ola bilsin, tanrılar mənə ömrümü asanca, yerinə düşən bir anda başa vurmağı sovqat göndərmişlər.

Mənə ölüm kəsənlərin düşüncəsinə görə, mən yer üzündən yüngül bir ölümlə köçəcəyəm, bu ölüm dostların dincliyini pozmayacaq; ancaq mən bunu yaxşı bilirəm, dostlarım da bütün anlayan adamlar kimi, sözsüz, mənim bu sayaq ölümümə görə, yanıb-yaxılacaqlar.

İnsan yan-yörəsindəkilərin yaddaşında yaramaz, pis xatirələr buraxmadan, öz ağrıları ilə kimsəni incidib, dincliyini pozmadan,- sağlam bədəni ilə, güclü ruhu ilə ölürsə, onun ölümündən hamının yanıb-yaxılacağı aydın deyilmi?

Məhkəmədə özümü doğrultmaq üçün çıxışımı qabaqcadan düşünmək istəyəndə, tanrılar çox düzgün olaraq, məni bundan çəkindirdilər. Məhkəmədə mənə əskiklik gətirəcək sözlər danışıb, özümü bu sayaq doğruldaraq sağ qalsam, indi aydın bir anlaqla ölüb getməkdənsə, qocalıqla gələn bütün çatışmazlıqların ağrı-acılarını dadıb, onsuz da sonucda yenə də ölməliyəm.

And olsun Zevsə, Hermogen, mən ölümdən qorunmağa çalışmayacağam da; hakimlər mənim dediklərimdən acıqlansalar belə, mən yenə sözün düzünü deyəcəyəm: öz ömrümdə tanrılardan payıma düşən ərməğanlardan, insanlardan gördüyüm yaxşılıqlardan danışacağam, mənim özümün özümü necə tanıdığımı, namuslu ölümü - dilənçi kimi dilənib qazanılan ömürdən üstün saydığımı deməkdən çəkinməyəcəyəm; başıuca ölmək, özünü alçaldıb qazanılan ömürdən yaxşı deyilmi?

Hermogenin deməsinə görə, Sokrat bu düşüncələrlə də məhkəməyə gəlib, onu qaralamaq istəyənlərin: “Sokrat dövlətin tanıdığı tanrıları danır, özündən yenilərini uydurur, gəncləri pozğun yola çəkir”- deyənlərin ağ yalanlarına qarşı danışmağa başladı:

"Sokrat ölümündən əvvəl həbsdə". Jacob Goldblatt reproduksiyası
"Sokrat ölümündən əvvəl həbsdə". Jacob Goldblatt reproduksiyası

-Ay afinanılar, düzünü desəm, məni burada çaşdıran Meletin nədən mənim haqqımda belə danışmasıdır, onun deməsinə görə, mən dövlətin sayğıladığı tanrıları saya salmıram; bütün xalq bayramlarında, xalqın tapındığı ocaqlarda mənim qurban gətirdiyimi orada olanların hamısı, elə sizin də çoxunuz görməyibmi?-sözün düzü, istəsəydi, elə bu Melet də bunu görə bilərdi.

Mənim yeni tanrılar uydurmağıma gəlincə, mən deyirəmsə tanrılar öz səsləri ilə mənə nəyi eləyib, nəyi eləməməyi öyrədirlər, onda tanrıları necə dana bilərəm? Bizim şəhərimizdə düzgün sayılan qulaq falına çıxanlar: quşlardanmı, ya da kimdənsə eşitdikləri səslərə görə, tanrıların iradəsini ayırd eləyirlər.

Göy gurultusuna nə deyirsiniz? Yoxsa onun, tanrıların səsi ilə bizə çatan öncəgörmələr olduğuna inanmırsınız? Delfada, tanrı ilə insan arasında vasitəçilik eləyənlər, üçayaqdan çıxan səslərə qulaq asıb, tanrının iradəsini açıqlamırlarmı? Tanrılar gələcəyi bilirlər, bildiklərini də kimə istəsələr öyrədirlər, mən də elə bunu deyirəm, yoxsa siz belə düşünmürsünüz?

Sizlər, tanrıların gələcəyi deyən elçilərinin: quşlar, gözlənilmədən eşidilən sözlər, hansısa əlamətlər olduğunu deyirsiniz, mən isə bu elçiliyi tanrılardan eşitdiyim səsə bağlayıram, belə deməklə də, ən doğru, möminliyə yaraşan sözü tapıb deyirəm, durub tanrının gücünü quşlara bağlamıram!

Mənim yalan demədiyimə sizləri inandıra biləcək, sözlərinə güvənə biləcəyiniz tanıqlarım da var: mən çoxlu dostlarıma onların tutmaq istədikləri işlərin necə başa çatacağını demişəm və bir yol da yanıldığım olmayıb.

Bunu eşidən hakimlər səs-küy salmağa başladılar: biriləri onun yalan danışdığını söyləyir, bir başqaları tanrıların Sokratı onlardan üstün tumasından cırnayırdılar. Onda Sokrat yenə danışmağa başladı:

-Yaxşı, kim istəyirsə ardına qulaq assın, görsün, tanrılar doğrudan da məni necə üstün tutmuşlar. Günlərin birində Herofont, Delfa tanrısından mənim kimliyimi soruşmuş, tanrı da ora yığışanların gözü qabağında bunları çatdırmışdı: Yer üzündə Sokratdan da gözütox, düzgün, bilgin bir adam yoxdur.

Bunu eşidən hakimlər bir az da artıq hay-küy qaldırdılar. Sokrat isə yenə danışmağa başladı:

-Ancaq, afinalılar, Spartanı yenilməz eləyən yasalar toplusunun yaradıcısı Likurqu, tanrı məndən də üstün tutmuşdu, o, Delfa məbədinin qapısından girəndə tanrı orakulun dili ilə ona demişdi: “Bilmirəm, səni necə çağırım,- tanrımı deyim, yoxsa insanmı?”

Delfa tanrısı məni tanrılara tay tutmayıb, eləcə başqalarından çox yetkin olduğumu deyib. Yox, indi kor-koruna tanrıya inanmırsınızsa, onda gəlin, onun dediklərinə birgə baxaq. Bədəninin yaramaz istəklərinə məndən az uyan birisini tanıyırsınızmı?

Yoxsa, elə bir gözütox adam: mənim kimi, elədiklərinə görə kimsədən bir qara quruş da götürməyən tanışınızmı vardır? Siz elə bir düzgün adam göstərə bilərsinizmi, mənim kimi: olanı ilə keçinib, özgənin əlində gözü olmasın? Bilginliyə gəlincə, bunu: mənim təki, söz anlamağa başladığı gündən, ara vermədən, haracan bacarırsa, ən gərəkli bilikləri araşdırıb öyrənən kimsəyə demək düzgün olmazdımı?

Mənim müdriklik yolunda çəkdiyim əməklərin boşuna getməməsi bundan bilinmirmi: mənəvi baxımdan yetkin olmaq istəyən çoxlu yurddaşlarım, elə çoxlu yadellilər də, öyrənmək üçün başqasının yanına yox, ancaq mənim yanıma gəlirlər?

Sokrat
Sokrat

Deyə bilərsinizmi nədən, mənim onsuz da onlara pul ilə yardım etməyə gücüm çatmayacağını bilə-bilə, çoxlu adamlar hey bir ucdan, mənə ərmağanlar verməyə çalışırlar?

Mənə elədikləri yaxşılıqlara görə pul götürməmələri bir qırağa, üstəlik, onlar çox böyük sayğıyla, mənim onlara elədiyim yaxşılıqların qarşılığını ödəyə bilməyəcəklərindən danışırlar! Afinanı yağılar mühasirəyə alanda, az qala hamı necə dolanacağını düşünüb sarsılanda, mən savaş olmayan çağlardakı kimi korluq çəkmədən dolanmırdımmı?

Hamı bazara gedib, dadı damaqlarında qalası nəsnələrə çoxlu pullar dağıdırlar, ancaq siz bir mənim “çoxbilmişliyimə” baxın, az-azacıq pul ilə, onlardan da artıq ağız dadı ilə yediyim şeylər tapıb, yaşaya bilirəm.

Özüm haqda bu dediklərimin, yalan olduğunu deyə bilən bir kimsə belə sizin aranızda yoxsa, onda məni tanrıların da, insanların da, öyünclərlə anması düzgün olmazdımı?

Bütün bunlara baxmayaraq, Melet, sən yenə deyirsən, mən bu elədiklərimlə gəncləri pis yollara çəkirəm, eləmi? Biz hamımız çox yaxşı bilirik, gəncləri pis yollara çəkmək nə deməkdir; onda de görüm, mənim: yetkin olan birisini yaramaza çevirdiyimi, ciddi adam olan birisini sırtığa çevirdiyimi, ölçülü-biçili birisini pul dağıdan birisinə döndərdiyimi, gərəyindən artıq içməyəni içki düşkününə çevirdiyimi, əməksevər olan birini ərincəyə çevirdiyimi, kimisə, hansısa bir alçaq, düşkün yollara çəkdiyimi, haçan və harada görmüsən?

-Yox ey, and olsun Zevsə,- Melet dilləndi, - mən elələrini tanıyıram, sən onları atalarından çox səni eşitmək üçün dilə tutmusan.

-Bunu danmıram, - Sokrat dedi,- yetkin insan olmaq mövzusunu başqalarından çox bildiyimdən, dinləyicilərimi, məni başqalarından çox eşitməyə çağıra bilərəm. Sağlamlıqla bağlı da, adamlar həkimləri atalarından çox eşidirlər; bilirsiniz, Xalq yığıncaqlarında afinalılar düzgün danışan oratorları öz doğmalarından çox eşidirlər. Yoxsa sizlər, strateq seçəndə üstünlüyü,- savaşın bütün incəliklərini bilən adamı qoyub, atalarınıza, qardaşlarınıza verirsiniz?

-Düzdür, Sokrat,- Melet söz atdı,- ancaq biz bunu, törəyə(adətə) uyğun olduğu üçün, bir də toplumun işinə yarayacağına görə belə eləyirik.

-Belədirsə, - Sokrat sözünün ardını gətirdi,- onda bu sənə çöçün gəlmirmi: hamılıqla görülən işlərdə, bu işin bilicilərinin dediklərinə artıq önəm verilməzmi, sayğı göstərilməzmi? Ancaq mən adamlara yaxşılıq eləməyi, başqalarından artıq öyrətməyi bacarırkən, - özü də çoxlarının deməsinə görə mən bu işin bilicisiyəm,- sən məni məhkəməyə çəkib, suçlu çıxarmaqmı istəyirsən?

Sözsüz, bu məhkəmənin gedişində Sokrat da, hakimləri onun suçsuz olduğuna inandırmaq istəyən dostları da çoxlu sözlər dedilər, ancaq mənim istəyim məhkəmədə baş verənləri yerli-yataqlı danışmaq deyil: mən ancaq onu göstərməyi yetərli sayıram, Sokrat məhkəmədə sözü yan salmadan, yastılamadan, başlıcası, tanrılara sayğısız olmadığını, insanlara qarşı düzgün olmayan heç bir addım atmadığını, tutarlı sözlərlə anlatmağa çalışdı; ona ölüm kəsməsinlər deyə, hakimlərə yalvarmağa gərək duymadı, özünün ölüm çağının yetişməsini toxtaqlıqla qarşıladı.

Ölümə bilərəkdən getdiyi, onun işi ilə bağlı səsvermə başa çatanda da açıq-aydın bilindi. Hakimlər ona ölümdən qaçına bilmək üçün özünə könüllü olaraq cərimə kəsməsini buyuranda, o, nə özü bunu elədi, nə də onun yerinə pul ödəmək istəyən dostlarının bunu eləməsinə yol verdi, onun deməsinə görə, cəriməyə qol qoymaq, onun suçlu olduğunu boynuna alması demək olardı.

Bundan sonra, dostları onu dustaqlıqdan qaçırmaq istəyəndə o, gülərək soruşmuşdu, Attikadan qıraqda, ölümün insana əli çatmayan bir yer tanıyırlarmı?

Məhkəmənin sonunda Sokrat dedi:

Platonun "Sokratın müdafiəsi" kitabının üz qabığından
Platonun "Sokratın müdafiəsi" kitabının üz qabığından

-Ancaq, ay afinalılar, bu tanıqları(şahidləri) yalandan and içib mənim üzümə durmağa öyrədənlər də, onların sözünə uyub bunu eləyənlər də, özlərinin alçaqlıqlarını, əyri yolda olduqlarını, onsuz da bir gün anlayacaqlar.

Məhkəmə qurub, məni alçaltmaq istəyirsinizsə, onda nədən, mənim suçlu olmağım üzrə deyilən sözlərdən biri də burada doğrulmadı?

Mənim Zevslə, Heradan, onlarla bağlı olan tanrılardan başqa hansısa tanrılara qurban verməyimi görən bir adam da burada ortaya çıxmadı, mənim haçansa başqa bir tanrıya and içdiyimi deyən də tapılmadı. Mən gənclərə, əməyə qatlaşmaqdan, bütün istəklərində ölçü gözləməkdən başqa nəsə öyrətmirəmsə, onları necə pis yola çəkə bilərəm?

Ölüm kəsilən suçlara gəlincə, deyək, bunlar: tanrıları danmaqdır, ev yarmaqdır, adam oğurluğudur, yurda dönüklükdür,- ancaq burada məni istəməyənlər də, belə işlərə qatıldığımı demirlər. Ona görə də, bir məni başa salın görüm, siz mənə hansı suçuma görə ölüm kəsirsiniz? Ancaq mənə düzgün olmadan ölüm kəsməyinizdən sonra da mən özümü alçaldılmış saymıram: bu mənim adımı batırmır, mənə ölüm kəsənlərin adını batırır.

Ölümü mənimkinə oxşayan Palamedi anıb toxtaqlıq tapıram: günü bu gün də şairləri, şərqi oxuyanları, gözəl duyğularla coşduran odur, onun suçsuz ölümündə əli olan Odissey yox. Bilirsinizmi, mən nəyə arxayınam?

Keçmiş çağlar bugünümüzə ancaq doğru olanları gətirib çıxardığı kimi, gələcək çağlar da, bu sayaq tanıqlıq eləyib, mənim kim olduğumu olduğu kimi çatdıracaqdır, bir kimsəni incitmədiyimi, kimsəni əyri yola çəkmədiyimi, məni dinləyən insanların işinə yaradığımı, onları pul almadan, bildiyim-bacardığım kimi yaxşılğa öyrətdiyimi, andıracaqdır.

Bunları deyib, Sokrat sözünü bitirdi; özü də o, yenə, öyrəncəsi üzrə, yan-yörəsindəkilərlə şuxluq eləyir, üzündən, duruşundan, yerişindənbir sevinc, toxtaqlıq duyulurdu. Birdən arxadaşlarının ağlamağa başladığını eşidib dedi:

-Bu nə deməkdir? Siz ancaq indi ağlamağa başlayırsınız? Yoxsa, yaşamın elə doğulduğum gündən mənə ölüm kəsdiyini, ancaq indi anlamısınız? Düzdür, mən tez ölsəydim, arzularımdan yarımasaydım, onda mənim yaxınlarımın ölümümə görə yanıb-yaxılmasına dəyərdi; ancaq mən ömrümün elə bir çağında ölürəm, qarşıda məni qocalığın gətirəcəyi çatışmazlıqlar, ağrı-acılar gözləyirdi, buna görə də mənim onları dadmadan ölə bildiyimə sevinməlisiniz.

Orada olanlardan biri, Sokratı ürəkdən sevən, çox saya ürəkli Apollodor dedi:

-Sokrat, mənə ağır gələn odur, sənə düzgün olmayaraq ölüm kəsdilər.

Deyirlər, Sokrat onun saçlarını oxşayıb demişdi:

-İstəkli dostum Apollodor, yoxsa mənə düzgün olaraq ölüm kəsilməsini görmək istəyirdin?

Bunu deyəndə o gülümsəmişdi.

Deyirlər, Sokrat yaxınlıqdan keçən Aniti* görüb demişdi:

-Ona baxın, başını elə dik tutub gedir, deyəsən hansısa böyük qoçaqlıq eləyib, mənim ona ürəyim yandığından, bunu adam sayıb demişdim, oğlunu dabbaqlıq öyrənməyə göndərmə, indi o da bu sözümdən acığa düşüb, mənə ölüm kəsilməsi üçün dəridən-qabıqdan çıxır. Ona bərk yazığım gəlir!

Görünür, anlamır, bizdən hansısmızın adı bütün çağlarda anılacaq; gərəkli, elin gözündə sayılıb-seçilən işlər görən kimsənin adını batırmağa çalışmaqdan da böyük anlamazlıq olurmu?!

Homerin deməsinə görə, bir çox adamlarda ölümdən qabaq öncəgörmə vergisi olur; mən də indi sizə ürəyimə daman bir sözü demək istəyirəm.

Mən keçənlərdə ayaqüstü, Anitin oğlu ilə görüşmüşdüm; mənə elə gəldi, o çox zirək, bacarıqlı bir gəncdir; ona görə də düşünürəm, atasının onu güclə işləməyə göndərdiyi dabbaqlıq kimi qul əməyinə o, çox dözməyəcək; bir yandan da yaxşı yolgöstərəni, başbiləni olmadığından, onun çox iyrənc düşkünlüklərə qapılacağını, bu yaramazlığı ilə çox uzaqlara gedib çıxacağını gözləyirəm.

Sokrat necə demişdisə, elə də oldu: Anitin oğlu içki düşkünü oldu, gecə-gündüz dayanmadan içib, sonunda əlindən iş gəlməyən yolsuzun birisinə çevrildi, ondan nə yurdu, nə arxadaşları, nə də özü yarıdı. Beləliklə də, Anit, oğlunu düzgün böyüdə bilmədiyinə görə, özünün anlaqsızlığına görə, lap öz ölümünə görə də, yaman ad qoyub getdi.

Sokrat isə məhkəmədə mənliyini uca tutmaqla hakimləri qıcıqlandırmış, onları özünə ölüm kəsmələri üçün qızışdırmışdı. Mənə elə gəlir, bununla da onun uğuruna tanrıların yaxşılığı çıxmışdı: o ömrünün yaşa dolmaqla bağlı ən ağır çağlarını görmədən öldü, ölümü də çox qolay oldu.

Bununla yanaşı, o, ruhunun gücünü də göstərə bildi: özünü bu anlarında, ölümün yaşamaqdan yaxşı olduğuna inandıra bildi, o, burada da yenə, ancaq yaxşı olanı seçmişdi, ölümündən qabaq azacıq da olsa ruhunun sarsılmasına yol vermədi; ölümü sevinclə gözləyib, ürəklə qarşıladı.

Beləliklə də, insan bilginliyinin və ruhunun böyüklüyünü düşündükcə Sokratı anmaya bilmirəm, andıqca da onu öyməyə bilmirəm.

Yüksək mənəvi yetkinliyinə çatmaq üçün çalışan kimsələrdən hansı birisə, insanlığa Sokrat qədər gərəkli olmağı bacararsa, mən onun da öz ömründə ən böyük bir xoşbəxtliyə çatdığını deməkdən çəkinməzdim.

*Anit–Afinanın varlı adamlarından biri olub, Sokratın məhkəməsində ona qarşı ittiham sürənlərdən biri olmuşdur.

Afinalı Ksenofontun ömür yolu

Ksenofont bizim eradan qabaq 430-356-cı illərdə yaşayıb. Yazıçı, tarixçi kimi çoxlu kitabları günümüzə gəlib çatıb, bundan başqa o, siyasətçi, qoşun başçısı kimi də tanınıb.

Sokratın ölümündən üç il öncə, Afinadan gedib, Persiya şahı Kirin yanında qulluğa girib. Kirin ölümündən sonra Spartaya gəlib, Spartalıların apardıqları bir çox savaşlara, – o sıradan, onların öz doğma şəhəri olan Afinaya qarşı apardıqları savaşlara da – qatılıb, göstərdiyi igidliklərə görə spartalılar arasında böyük ad-san qazanıb, sayılan kimsə olub. Afina ilə Sparta arasında qanlı-bıçaqlıq olduğuna görə, Afina dövləti Ksenofontu yağıya satılmış birisi kimi suçlayıb, onun Afinada olan bütün var-dövlətini əlindən alıblar. Beləliklə də, Ksenofont bütün qalan ömrünü sürgündə keçirməli olub. Ömrünün sonlarına yaxın Afina dövləti onun bütün suçlarını bağışlasa da, o, Afinaya qayıtmamışdı.

Laertli Diogen Ksenofontun Sokratla tanışlığını belə danışır: Afinanın dar küçələrinin birində Ksenofontla üzləşən Sokrat, əl ağacı ilə onun yolunu bağlayıb, yaxınlıqda harada yemək-içmək, əyin-baş şeyləri tapa biləcəyini soruşur. Ksenofont bunların harada yerləşdiyini yerli-yataqlı deyəndən sonra, Sokrat ondan soruşur: buralarda, insanın gözəllik, yaxşılıq tapa biləcəyi bir yer tanımırsan? Ksenofont belə bir yer tanımadığını deyincə, Sokrat ona: ardımca gəl, mən sənə o yeri tanıdım, deyir. Deyilənə görə, o gündən sonra Ksenofont Sokratın şagirdi olur.

Ksenofontun Sokratla bağlı yazdığı üç böyük kitabı günümüzə gəlib çıxıb: “Sokratla keçən günlərim”, “Ev tikmək haqqında” (bu kitabda Sokratın ev diriliyi (təsərrüfatı) ilə bağlı görüşlərindən danışılır), “Qonaqlıqda” (Burada Sokratın varlı bir Afinalının düzəltdiyi qonaqlıqda, dostları ilə başına gələnlər, onların çoxlu müxtəlif mövzularda danışıqlarından söz açılır).

Ksenofontun Sokratın məhkəməyə çəkilib ona ölüm kəsilməsi ilə bağlı olaylardan danışılan “Sokratın apologiyası” əsərini, sizin üçün marqlı olacağını düşünüb, baxışlarınıza çatdırdım.

Araz Gündüz

XS
SM
MD
LG