Keçid linkləri

2024, 24 Dekabr, çərşənbə axşamı, Bakı vaxtı 07:17

“Basılan kitablar kəsilən pullardan qiymətlidir”


M.Ə.Rəsulzadə, Fransa, 1930-cu illər
M.Ə.Rəsulzadə, Fransa, 1930-cu illər

-

M.Ə.Rəsulzadə: “Azadlıq və istiqlaliyyət əsas süngülər ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur”

Azərbaycan ədəbiyyatının Cümhuriyyət dövrü

(ixtisarla)

Cəfər Cabbarlı
Cəfər Cabbarlı

Araşdırmaçı G.Pənah yazır:

"Qorxmaz, mübariz C.Cabbarlı 1920ci il aprelin 27-də hakimiyyətin süqutu haqqında qərar qəbul edilən axşamı bu milli hərəkatın bir çox cavan fəalları ilə Məhəmməd Əmin Rəsulzadənin evinə yığışırlar. “Gənc müsavatçılar” hərəkatı yaranır.

Bu gizli təşkilatın sədri Mirzə Bala Məmmədzadə, baş katib Cəfər Cabbarlı oldu. Təşkilatın bir sıra yığıncaqları Cəfər Cabbarlının bağında keçirilir, bolşevizmə qarşı mübarizə aparan özəklər yaradılır. “İstiqlal” qəzeti dərc edilirdi. 1923-cü ildə təşkilatın üzvləri, o cümlədən C.Cabbarlı da bolşevik hökuməti tərəfindən həbs edilsə də, avqustun ortalarında müxtəlif şərtlər əsasında azadlığa buraxıldığı bildirilir.

Onun yaradıcılığını ətraflı araşdıran alimlər bu qənaətdədirlər ki, Cəfər Cabbarlı heç zaman bolşevik ideyalarını qəbul etməyib və sovet quruculuğunun kor-koranə təbliğatçısı olmayıb. Onun bu rejimlə birbaşa həmfikirliyini göstərən heç bir yazısı yoxdur.

Ancaq müəyyən mənada aydın və oqtayların prototipi olan C.Cabbarlının bir xüsusiyyəti vardı: doğma xalqa bağlı olan ədib üçün idealsız, qayəsiz, Azərbaycanın sabahına inamsız yaşamaq qeyri-mümkün idi. Belə qayələri Cabbarlı qismən 20-ci illərdə bolşeviklərin xüsusi ardıcıllıqla həyata keçirdikləri mədəni inqilabda tapdı.

Bu inqilab Azərbaycan xalqını Avropa mədəniyyəti yoluna yönəldirdi və məhz bu cəhət Cəfər Cabbarlının xalqımızın gələcəyi barədə arzularına uyğun idi. Ona görə də bu prosesdə iştirak edən Cabbarlını mənəvi iflasdan və əzablardan xilas etdi”.

Vətənin azad və abad yaşaması ideyaları G.Pənahın sözlərinə görə, Xalq Cümhuriyyətinin köməyini, dövlətin qayğısını üzərində hiss edən, onun dəstəyilə xaricdə təhsil alan, elmə, biliyə yiyələnən Əli Yusifin “Azərbaycanlıya”, “Bayraq”, “İdeal”, “Bir türk yanğısı deyir ki”, “Qarabağ xainlərinə” və s. şeirlərində xalq, millət, vətən sevgisi əsasdır:

“Repressiya qurbanı olmuş, həbsxanalara salınmış Umgülsüm Sadıqzadənin “Əsgər anasına”, “Çəkil, dəf ol”, “Bir mayıs günündə”, “Yolunu bəklərdim” şeirlərində azadlığını, müstəqilliyini əldə etmiş xalqına, onun yenicə qurduğu azad, müstəqil, suveren dövlətinə məhəbbət ifadə olunur. Vətənin sabahı üçün narahatlıq, xalqına çətin anda köməyə gələn, onu düşmən caynağından qurtarmağa çalışan Türk ordusunun arxa, dayaq olmasından ürəyində qürur hissi doğması diqqət çəkir. Dili bir, qanı bir Azərbaycan xalqının, türklərinin hiss və duyğuları, bu tarixi həqiqətlərin xalqın ruhunda, yaddaşında buraxdığı dərin izlər yaşayır.

Onun şeirlərində eyni zamanda ölkədə Xalq Cümhuriyyətinin süquta uğraması, başımıza gətirilən müsibətlər, tarixi ədalətsizliklər öz əksini tapıb. Məmməd Səid Ordubadi, Əliqulu Qəmküsar, Hüseyn Cavid, Əli Şövqü, Davud Ağamirzadə və başqa sənətkarlarımız Xalq Cümhuriyyətinin yaşadığı dövrün ümumi mənzərəsini poeziyada verdiyi kimi, bu illərdə bədii nəsr yaradıcılığı ilə məşğul olan Cəlil Məmmədquluzadə, Əbdürrəhimbəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Abdulla Şaiq, Seyid Hüseyn, Tağı Şahbazi kimi tanınmış ədiblər də öz yaradıcılıqlarında bunu əks etdirirdilər.

Cəlil Məmmədquluzadənin hekayələrində qadın azadlığı (“Konsulun arvadı” “Xanın təsbehi”, “Qəssab”) problemlərinə toxunur.

“Zırrama” hekayəsində mənfi əxlaqi keyfiyyətlər tənqid olunur. Ə.Haqverdiyevin “Mirzə Səfər”, Seyid Hüseynin “Həzin bir xatirə”, “İsmailliyə” hekayələri diqqəti cəlb edir. “İsmailliyə” hekayəsində ədəbiyyatşünaslar Seyid Hüseynin “bu tarixçənin istiqlal və azadlıq hərəkatı ilə bağlı məqamlarına diqqət yetirildiyini, “əslində İsmailliyənin simasında yazıçının bütün ruhu və qəlbi ilə bağlı olduğu doğma Azərbaycanın obrazını yaratdığını bildirirlər. Abdulla Şaiqin “Əsrimizin qəhrəmanları” romanının bir hissəsini Cümhuriyyət dövründə qələmə aldığı, bu yüzildə birinci dünya müharibəsi, çar Rusiyasının tənəzzülü, Oktyabr inqilabı dövründə yeni nəsli düşündürən və narahat edən problemlərin diqqət mərkəzinə çəkildiyi qeyd edilir.

Ağababa Yusifzadənin “Sınan qanad” romanında xalqın, millətin qayğılarını bir vətəndaş kimi irəli çəkmək məsələləri, vətənin azad və abad yaşaması, qurulması ideyaları verilir”. “Vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”

Bu dövrdə C.Cabbarlının “Ədirnə fəthi”, “Trablis müharibəsi”, yaxud “Ulduz”, “Aydın”, Hüseyn Cavidin “İblis”, C.Məmmədquluzadənin “Anamın kitabı”, “Kamança” əsərləri Cümhuriyyət dövrünün dramaturji əsərləri kimi bədii cəhətdən yüksək qiymətləndirilir. Araşdırmaçı G.Pənah deyir ki, araşdırmaçılar Hüseyn Cavidin “İblis” faciəsinin “bu illərdə cərəyan edən hadisələrin ümumi ruhundan və mahiyyətindən qaynaqlan”dığını bildirir:

Abdulla Şaiq
Abdulla Şaiq

“Dramaturqun “İblis” faciəsinə ziddiyyətli münasibəti olsa da, Abdulla Şaiq bu əsəri tənqid edənlərə qarşı çıxır: “Cavidin “İblis” faciəsini ideoloji cəhətdən tənqid edənlə rə onun nə kimi təsir altında yazıldığını xatırlatmaq üçün şairin keçdiyi müdhiş bir fəlakəti yazmaq məcburiyyətindəyəm.

Cavid Bakıda Nikolayevski küçəsində yerləşən “Təbriz” otelində yaşayırdı. 1918-ci ilin mart hadisəsindən sonra yazıçı Hüseyn Sadiqlə bizə gəlmişdi. Cavidin bət-bənizi ağarmışdı. O, son dərəcə nəşəsiz və mütəəssir görünürdü. Əhval sordum. Hüseyn Sadiq Cavidin əsir düşdüyünü və ölümdən qurtulduğunu söylədi.... Cavid Azərbaycan səhnəsinin şah əsərlərindən olan “İblis” faciəsini bu acı təsirləraltında yazmışdı”.

Milli birlik, mənəvi bütövlük ideyaları üzərində qurulan dövlətin tərəfdarı olan C.Məmmədquluzadənin “Anamın kitabı” pyesinin ədəbi tənqiddə dərin təhlili verilib.

M.Ə.Rəsulzadə milli azadlıq yolunda əldə edilən müvəffəqiyyətlərin qazanılmasında bədii ədəbiyyatın rolunu belə dəyərləndirir:

“Azadlıq və istiqlaliyyət əsas süngüləri ilə yox, ədəbiyyat və incəsənət vasitəsi ilə əldə olunur”. O, “Qurtuluş günü” məqaləsində yazır: “Ey millətin lisanül-qeybi olan şairlər, ədiblər, millətin əməllərini, ülvi niyyət və məqsədlərini oxşayınız, kəndisinə millət sevgisi, vətən məhəbbəti, hürriyyət eşqi təlqin ediniz”.

Cümhuriyyət dövründə Seyid Hüseyn “Yaşıl qələm” ədəbi-elmi cəmiyyət yaradır. Bu cəmiyyət Məhəmməd Əmin Rəsulzadə, Hüseyn Cavid, Seyid Hüseyn, Nəcəf bəy Vəzirov, Üzeyir Hacıbəyli,

Abdulla Şaiq, Əhməd Cavad, C.Cabbarlı, Salman Mümtaz, Əli Yusif və digər ziyalıları, sənətkarları özündə birləşdirirdi. Yusif Vəzir Çəmənzəminli bu dövr ədəbiyyat şünaslığına dəyərli əsərlər verib. “Azərbaycan ədəbiyyatına bir nəzər” monoqrafik tədqiqat əsəri 1919-cu ildə İstanbulda nəşr edilib, öz elmi-nəzəri əhəmiyyəti ilə seçilir.

Firudin Köçərli
Firudin Köçərli

F.Köçərli Tiflisdə “Azərbaycan teatrının ədəbiyyatı” əsərini rus dilində nəşr etdirir.

O, elə bir dövrdə fəaliyyətə başlayıb ki, o dövrdə Rusiyada ictimai-siyasi ziddiyyətlər kəskinləşir, Azərbaycanda milli şüur getdikcə qüvvətlənirdi. Azərbaycanda dramaturgiya, nəsr, nəzm realizm üslubu ilə inkişaf edir, ədəbiyyat ideyaca zənginləşir, qəzet və jurnallar dilimizdə nəşr edilirdi.

Azərbaycan ədəbiyyatı tarixini sistemli şəkildə öyrənməyə meyl artırdı. F.Köçərli silsilə məqalələrini, “Azərbaycan türklərinin ədəbiyyatı” əsərini, “Azərbaycan ədəbiyyatı” əsərlərini yazır. Onun ən böyük xidməti “Azərbaycan ədəbiyyatı” əsəridir.

Yusif Vəzir Çəmənzəminli
Yusif Vəzir Çəmənzəminli

Yusif Vəzir Çəmənzəminli “Milli-mədəni işlərimiz” silsilə məqalələrində kitab nəşrinin vacibliyini qeyd edir. O yazırdı:

“Hankı yolda qənaət olunsa, nəşriyyat üçün qənaət olmasın. Çünki bugünkü basılan kitablar kəsilən pullardan qiymətlidir. Bir çox pullar var ki, sərf olunur və əməli nəticələr vermir. Nəşriyyata xərclənənlər millət üçün böyük sərmayə vücudə gətirər. Bütün gələcəyimiz mədəni binalarımız, tərəqqi məhsullarımız bu sərmayə üzərinə binalanacaqdır”.

Əlimərdan bəy Topçubaşov, Ceyhun bəy Hacıbəyli və başqaları Azərbaycan ədəbiyyatını, mədəniyyətini təbliğ etmək məqsədilə bir sıra məqalələri, kitabları Avropada çap etdiriblər. Bu dövrdə Abdulla Şaiq, C.Cabbarlı, Abbas Səhhət yaradıcılığı ilə bağlı müxtəlif məqalələr yazılıb.

2010

Qaynaq: Elçin Qaliboğlunun məqaləsi. Cümhuriyyət haqqında məqalələr toplusundan

XS
SM
MD
LG