Keçid linkləri

2024, 04 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 22:35

İntellektual, inancsız və dövrün ən böyük qadın kinoulduzu Meryl Streep...


Aktirsa Meryl Streep.
Aktirsa Meryl Streep.

Yanvar ayının ilk həftəsində kinematoqrafiya sahəsindəki böyük xidmətlərinə görə “Qızıl Qlobus” mükafatına layiq görülən aktrisa Meryl Streep mükafatını alandan sonra söylədiyi nitqdə ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trumpın 2015-ci ildə verdiyi mətbuat konfranslarından birində fiziki məhdudiyyəti olan müxbiri ələ saldığını xatırladaraq onu tənqid elədi və bir anda sosial mediada, KİV-də haqqında ən çox danışılan insana çevrildi.

Kimdi Meryl Streep? O səhnəyə necə gəlib çıxmışdı?

Kino tənqidçiləri Meryl Streepi bütün dövrlərin ən yaxşı aktrisalarından biri adlandırırlar. Onların dediklərinə görə, bu aktrisanın oyununda eyni zamanda həm komik, həm faciəvi, həm melodramatik, həm də iblisanə çalarlar var.

Onun filmləri janr etibarilə fərqli olsa da, aktyor oyunu baxımından eyni dərəcədə güclüdür.

Robert De Niro Meryl Streepi “özəl insan və dahi aktrisa” adlandırır.

Jack Nicholson onun haqqında danışanda “Meryl o qədər mükəmməldi ki, müqəddəs inəyə çevrilə bilər” deyir, Kurt Russel isə ona aşiq olduğunu.

Klint İstvud “Medison vilayətinin körpüləri” filmində baş rola niyə, məhz, Meryl Streepi dəvət elədiyi sualına “Çünki o- dünyanın ən dahi aktrisasıdır” cavabını verir.

***

Mery Luisa Streep 1949-cu ilin 22 iyununda anadan olub. İki qardaşın tək bacısı, farmaseptik kompaniyada menecer işləyən atanın və rəssam ananın çoxdan gözlədiyi qız övladı idi Meryl. Aristokrat zahiri görkəmini anasının isveçrəli, irland və ingilis, atasının holland köklərinə borclu idi. Anasının sənət sevgisi, uşaqlığı Nyu-Cersi ştatının Bernadsvil şəhərciyində keçən balaca Meriyə də təsir eləmişdi.

Buna da bax: İtalyansayağı gözəllik - Sofi Loren və onun 50 il sevdiyi Carlo Ponti...

O, elə balacalığından cəsurluğu ilə yaşıdlarından fərqlənirdi. 14 yaşında zahiri görkəmini kəskin dəyişmiş, saçlarını saraldıb eynəyini atmış, Mery Luisanı birləşdirib özünə Meryl adını qoymuşdu: “Bu mənim çevrilişim idi: bir neçə il məktəbdə gözəllik kraliçası rolunu oynadım”.

Gənc Meryl məktəbi bitirəndən sonra incəsənət sahəsində bakalavr dərəcəsi almaq üçün Vassara kollecinə yollanmış, ordan da mübadilə proqramına əsasən Dartmund kollecinə keçmişdi. Sonra təhsilini davam etdirmiş, Yel Dramatik Məktəbində təsviri sənət üzrə magistr dərəcəsini qazanmış, ilk dəfə də, məhz, Yeldə səhnəyə çıxmışdı.

Amma bu iki dərəcə arasında bayırdakı macəra dolu həyatı da unutmamışdı. Axı, o, cəsur Meryl idi, 70-ci illərin azadlıq ruhu ondan yan keçə bilməzdi. Gənc qız kolleci bitirəndən sonra bir müddət Avropanı dolaşmışdı: o, əsl səyyah kimi bir yerdən başqa yerə avtostopla gedir, parklarda tamaşa göstərib yemək pulu qazanırdı. Hərçənd indi həmin illəri xatyırlayanda “İlahi, dəhşət idi! Əgər uşaqlarım belə şey eləmək istəsələr, uçuş xəttinin üstünə uzanıb tərpənməyəcəm”,- deyir.

Meryl Streep "Alisa Sarayada" teatr tamaşasında, 1982.
Meryl Streep "Alisa Sarayada" teatr tamaşasında, 1982.

Səyahətdən qayıdıb ali təhsilini tamamlayandan sonra Meryl Nyu-Yorka köçür və dünyanın ən dahi aktrisası olmaqdan ötrü çalışmağa başlayır. Brodveydəki debütündə Tennessee Williamsın “Pambıq dolu 27 vaqon” pyesində oynadığı rola görə “Tony” teatr mükafatına namizəd olur. Elə orda da həyatının ən böyük sevgisi – aktyor John Kazale ilə rastlaşır. Məhz, Kazale ilə tərəf müqabili olmaqdan ötrü Michael Ciminonun “Maral ovçusu” filmində çəkilməyə razılıq verir.

Çəkilişlər başlayanda Kazaleyə artıq xərçəng diaqnozu qoyulmuşdu. Tənqidçilərin dediyinə görə, Meryl öz rolunu elə oynayırdı, sanki sevgilisini həyatda saxlamağa çalışırdı. Meryl Johnun yanından son ana qədər ayrılmır, xəstəxanaya köçür, hətta sevgilisini tək qoymamaq üçün ilk böyük mükafatı –“Emmi”ni almağa da getmir.

Kazalenin ölümündən sonra Merylin qardaşı onun üçün yeni mənzil axtarır. Avropaya getməyə hazırlaşan heykəltaraş Don Hammer öz studiyasını müvəqqəti Merylə kirayə verir, bir neçə ay sonra isə Meryllə Don evlənirlər.

Buna da bax: Nina Simone-yə görə "Azadlığın" tərifi

“Maral ovu” filmindəki rolu Meryl Streepin kinoda yaratdığı ilk ciddi obraz olsa da, ilk kinocəhdi deyildi.

Aktrisa ilk dəfə 1975-ci ildə “King-Konq” filmində kastinqdə iştirak eləmişdi, ancaq onda prodüser Dino De Laurentiis onu bəyənməmiş, hətta oğluna italyanca “Bu donuzu niyə bura gətirmisən? O qədər eybəcərdi ki...” demişdi və Meryl ona “Sizi məyus elədiyim üçün çox təəssüflənirəm” deyə italyanca cavab verəndə şok olmuşdu.

“Kinq-Konq” filmində kastinqdən keçməməyi aktrisanın kinoda ilk və son uğursuzluğu olur. İki il sonra Fred Zinnemannın “Culyetta” filmində debütünü eləyən Meryl Streep artıq üçüncü filmi “Maral ovu”ndakı Linda obrazına görə “ikinci planda rola görə” Oskara namizəd olan beş ən yaxşı aktrisalardan biriydi.

Elə həmin il M.Streep Marvin Chomskynin “Holokost” serialında yəhudi rəssam Karl Vayssın arvadı, alman İnqa Helmin rolunu oynayır. Aktrisa sonralar bu rolu haqqında “İnqanı oynamağa pula görə razılaşdım. O vaxt pula çox ehtiyacım vardı, bunu gizlətmirəm” deyirmiş. Meryl serialda çəkilməyə pula görə razılıq versə də, işinin öhdəsindən o qədər yaxşı gəlir ki, “Serialda ən yaxşı qadın rolu” nominasiyasında “Emmi” mükafatına layiq görülür.

Meryl Streep kino mükafatı alır.
Meryl Streep kino mükafatı alır.

Az qala, hər rolu ilə “Oskar”, “Qızıl qlobus”, “Bafta” mükafatlarına namizəd olan aktrisa cəmi üç dəfə Oskarı qalib kimi əlinə ala bilib.

Birinci dəfə “Kramer Kramerə qarşı” sosial dramında yaratdığı ərindən boşanmış və yeganə övladını məhkəmə yolu ilə almağa çalışan ana roluna görə.

İkinci dəfə “Sofinin seçimi” filmində polşalı mühacir Sofi Zavitovskinin obrazına görə.

Yeri gəlmişkən, “Sofinin seçimi” hələ də əsir düşərgələri və Holokost haqqında ən dəhşətli filmlərdən biri sayılır. Film iki övladı ilə birlikdə əsir düşən və düşərgəyə gətirildiyi gün faşistlər tərəfindən övladınlarından birini öldürməyə məcbur edilən qadından bəhs edir. Meryl Streep deyir ki, ssenaridə həmin qorxunc səhnəni bircə dəfə oxuyub və bir dubla çəkilib, sonra bir də heç vaxt o kadrlara baxmayıb.

M.Streep üçüncü Oskarını uzun fasilədən sonra Fillipp Lloydun “Dəmir Ledi” filmində canlandırdığı Margaret Thatcher roluna görə qazanıb. Hərçənd film də, aktrisanın oyunu da nə Thatcherin həmkarlarının, nə də dəmir ledinin özünün xoşuna gəlmir. Hətta deyilənə görə, Birtaniyanın keçmiş baş naziri, baronessa Thatcher ilk günlər “karyeramı əyləncəyə çeviriblər” söyləyərək filmə baxmaq belə istəmirmiş. Baxandan sonra isə Meryl Streepin onun obrazını ekranda yarada bilmədiyini deyib.

Aktrisanın kinokaryerasında qara zolar da yox deyil. Məsələn, 90-cı illərin ilk yarısında ard-arda çəkildiyi filmlər – “Sənin həyatını qoruyarkən” (1991), “Ölüm ona yaraşır” (1992), “Ruhlar evi” (1993), “Çoşğun çay”(1994) - həm prokatda uğursuz olub, həm də tənqidçilər tərəfindən mənfi qarşılanıb. Bu qara tilsimi Klint İstvudun “Medison vilayətinin körpüləri” filmi sındırıb. Meryl Streep bu filmdə evdar qadın, italıyalı Françesko Conson obrazını canlandırır.

2000-ci illərdə aktrisa uzun sürən fasilədən sonra yenidən səhnəyə qayıdır və Nyu-Yorkda “Delacorte” teatrının səhnəsində Anton Çexovun “Qağayı” pyesi əsasında hazırlanan tamaşada İrina Arkadina rolunu oynayır.

Meryl Streep kinematoqrafiya sahəsindəki uğurlarına görə 2011-ci ildə John Kennedy adına mərkəzin xüsusi mükafatına layiq görülür. Mükafatı ona şəxsən Barack Obama təqdim edir.

Bir neçə dil bilən Meryl Streep həm də müxlətif əcnəbi şivələrini də asanlıqla təqlid eləməyi bacarır və bu bacarığından rollarını yaradarkən gen-bol istifadə edir.

Buna da bax: İran kinosu bu qadınlara borcludur...

Meryl Streep Ağ evin keçmiş rəhbəri Barack Obamadan şərəf medalı alır.
Meryl Streep Ağ evin keçmiş rəhbəri Barack Obamadan şərəf medalı alır.

Məsələn, onun qəhrəmanları “Afrikadan sevgilərlə” filmində danimarka, “Narahat ürək” və “Dəmir Ledi”də ingilis, “Medison vilayətinin körpülərində” isə italyan ləhcəsində danışır. “Sofinin seçimi” filmi üçünsə aktrisa polyak dilini öyrənibmiş. Ancaq M.Streep “əcnəbi dilləri və ləhcələri bilmək rolu oynayanda ona kömək eləyirmi” sualını sevmir. Hər dəfə bu sualı eşidəndə karıxdığını deyir: “Bu sualı eşidəndə çaşıb qalıram. Mən rol oynayanda necə öz səsimlə danışa bilərəm, axı?” Əcnəbi ləhcələri necə öyrəndiyi barədə suala isə cavabı isə çox qısa olur: “Mən dinləyirəm”.

Meryl Streep özünü heç bir dinə aid hesab eləmir. Ondan bu barədə soruşanlara “Heç bir doktrinaya riayət eləmirəm. Nə kilsəyə, nə məscidə, nə də sinaqoqa, ya da məbədə aid deyiləm. Ancaq Tanrının mövcud olduğu barədə fərziyyəni də rədd eləmirəm. Həmişə hiss eləyirəm ki, dünyanın yaxşı olması üçün çalışmalıyam. Bu hiss hardan gələ bilər?” deyə cavab verir.

Uzun illər ekranda ən müxtəlif xarakterli qadınları yaratmasına baxmayaraq, özünün ən çox sevdiyi və dəyər verdiyi bircə rol var- ana rolu.

30 ildi ki, bir yerdə olan Meryl StreepDon Hammerin bir oğlu və üç qızı var. Cütlük uşaqlarını hər zaman qalmaqallardan, pressadan uzaq tutmağa çalışır. Böyük oğulları Henri musiqiçidi, qızları Memi ilə Qreys analarının yolunu davam etdirir, Luiza isə hələ seçimini eləməyib. M.Streep özünü ailəsindən ayrı təsəvvür eləmir, “bilmirəm, ərim olmasaydı, neynəyərdim. Əgər ona rast gəlməsəydim, indi ölmüş olardım, ən azından, emosional baxımdan” deyir. Çəkilişlərə görə evindən aralı keçirdiyi günləri cəhənnəm adlandırır və həyatda hər şeyi uşaqları üçün elədiyini söyləyir.

O, hələ də evdə paltarları özü ütüləyir, bazar günləri keks bişirir. Üstəlik hər yeni rolu ilə tamaşaçılarını heyran qoymağı da unutmur.

XS
SM
MD
LG