Keçid linkləri

2025, 08 Yanvar, çərşənbə, Bakı vaxtı 18:56

Kobaxidze: 'Makron məhvə məhkum Ukraynaya baş qoşsa, daha yaxşı olar'


Emmanuel Makron və İrakli Kobaxidze
Emmanuel Makron və İrakli Kobaxidze

Gürcüstan hökuməti Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Gürcüstanda keçirilən seçkilərə müdaxiləsiylə bağlı fikirlərinə münasibətini bildirib.

Fransa səfirlərinin illik konfransında çıxış edən Makron deyib ki, Rusiya nüvə doktrinasındakı davranışını kökündən dəyişərək sərtləşdiyindən qonşularına qarşı daha da aqressivləşib. O, beləcə, Rusiyanın Gürcüstandakı seçkilərə müdaxiləsinə eyham vurub: "Biz bunu Ermənistanda gördük. Onlar Rusiyaya qarşı çıxınca, Rusiya qəfildən Azərbaycanın müttəfiqinə çevrildi. Gürcüstanda da əlavə bülletenləri qutulara atmaqla seçki prosesini çalxantılı etməyə çalışdılar. Eyni hərəkəti Moldovada da etmək istəsələr də, uğursuzluqla üzləşdilər".

Gürcüstanın baş naziri İrakli Kobaxidze Fransa prezidentinə diqqətini "hamının gözü önündə dağıdılmış" Ukraynaya yönəltməyi məsləhət görüb: "Makron məhvə məhkum Ukraynaya baş qoşsa, daha yaxşı olar. Rusiyanın müdaxilə etdiyi hər hansı bir qonşu ölkə varsa, o da Ukraynadır".

Makron Moldova prezidenti Maya Sandunun "cəsarət və dözümlülüyünü" bəyənib və Rusiyanın Aİ üzvü Rumıniyada seçki prosesini yönləndirilməsindən çəkinmədiyini deyib.

Fransanın Gürcüstandakı səfiri Şeraz Qasri Makronun çıxışına dayanaraq X sosial şəbəkəsindəki paylaşımında bildirib ki, demokratiya və azadlıq uğrunda mübarizə aparanları dəstəkləmək Fransa xarici siyasətinin öncəliyidir: "O, (Emmanuel Makron) Gürcüstandakı nümayişçiləri və Salome Zurabişvilinin cəsarətini bəyəndi və yeni seçkilərin siyasi böhrandan çıxış yolu ola biləcəyini vurğuladı".

Gürcüstan parlamentinin sədri Şalva Papuaşvili səfirə özünəməxsus şəkildə cavab verib: "Fransanın daxili siyasətinə müdaxilə etmək niyyətim yoxdur. Amma nəzərə alsaq ki, fransızların 61 faizi Makronun istefasını dəstəkləyir, yarısının da Milli Məclisin (Fransa parlamentinin aşağı palatası - red.) buraxılması ürəyincədir, demək, yeni seçkilər siyasi böhrandan yaxşı çıxış yolu ola bilərdi".

Müxalifət, ölkənin beşinci prezidenti S.Zurabişvili, ölkə əhalisinin, eləcə də beynəlxalq ictimaiyyətin bir bölümü Gürcüstan hökumətinin legitimliyinə şübhəylə yanaşır.

XS
SM
MD
LG