"Gələn ilin dövlət büdcəsində 442 milyon manatı Beynəlxalq Bankın xaricdəki borclarını ödəmək üçün nəzərdə tutulub".
Bunu maliyyə naziri Samir Şərifov, noyabrın 7-də, Milli Məclisdə çıxışında deyib.
Ümumilikdə xarici borcları ödəmək üçün büdcədən ayrılan pulun təqribən 40 faiz artırılması nəzərdə tutulur. bu artımın da 72 faizi Beynəlxalq Bankın borclarını qaytarmaq üçün nəzərdə tutulur.
Buna da bax: Beynəlxalq Bank özəlləşdirilməyə hazırlanır
Bankın xarici borclarının dövlət tərəfindən ödənilməsi barədə qərarı Nəsimi rayon məhkəməsi bu il mayın 4-də verib. Beynəlxalq Bank 3,3 milyard dollarlıq borc öhdəliklərini yerinə yetirə bilmir.
Buna da bax: Beynəlxalq Bank kiçilsə də...
Bank üzrə hüquqşünas Əkrəm Həsənov deyir ki, dövlət artıq borcu ödəməyə başlayır:
"Bu o deməkdir ki, həmin o 442 milyonun ödəniş vaxtı gələn ildir. Ona görə də gələn ilin dövlət büdcəsinə daxil edilib. Qalan pulu da hissə-hissə dövlət büdcəsinə daxil ediləcək və ödəniləcək".
Hazırda hökumət bankın 80%-nə nəzarət edir, bu səbəbdən bankın iflası hökumətin etibarını zərbə altında qoyardı.
Buna da bax: «Aqrarkredit»in baş tutmayan sövdələşməsi
Azərbaycanda problemli kreditlərin - yəni vətəndaşların alıb qaytara bilmədikləri borcun həcmi 2 milyard manata yaxındır. Kreditini qaytara bilməyən təkcə şirkətlər deyil, həm də vətəndaşlardır. Deputat Vahid Əhmədov deyib ki, indi məhkəmələrdə 100 minlərlə iş var. Arabir borcunu qaytara bilməyən vətəndaşların həbsi xəbərləri də gəlir. Dövlət hələ ki, borcunu qaytara bilməyənlərin taleyi ilə bağlı qərar qəbul etməyib. Dünya Bankı bu kreditləri də dövlətin ödəməsini təklif edib.
Buna da bax: Vahid Əhmədov: 'Əmanətlərin qaytarılmasında problemlər var'
Amma bu ilin mayında dövlət Beynəlxalq Bankın borcunu qaytarmağı üstünə götürəndə, Beynəlxalq Bank bildirmişdi ki, xaricdə ona görə borcları yaranıb ki, Azərbaycan daxilində kredit götürənlər pulları qaytarmırlar.
Bəs Beynəlxalq Bankın, büdcə hesabına ödənilən bu borclarını kim yaratmışdı? Pulları qaytarmayanların axırı necə oldu?
Buna da bax: HRW: 'Çoxmilyardlıq meqalayihələr Azərbaycanda korrupsiya və insan haqlarının pozulmasına yol açır'
Bu günlərdə bolşevik inqilabının 100 illiyi qeyd edilir. Elə bu yubiley günlərində prezident İlham “Azərbaycan Sənaye Korporasiyası”nın yaradılması barədə fərman verdi.
Bank üzrə hüquqşünas Əkrəm Həsənov bu iki hadisə arasında məcazi bağ qurur, deyir ki, korporasiyasının yaradılması həm də müstəqilliyin ilk illərində start götürmüş özəlləşmənin geriyə qayıtma prosesidir.
Fərmana görə, Sənaye Korporasiyasının nizamnamə kapitalı və fəaliyyəti üçün aktivlər həm də “Aqrarkredit”in, “Beynəlxalq Bankı”dan problemli aktivlərin əvəzində əldə edilmiş, onun mülkiyyətində olan və Sənaye Korporasiyasının mülkiyyətinə veriləcək əmlak hesabına formalaşır.
Buna da bax: Bu il Azərbaycan iqtisadiyyatı 1.4 faiz azalacaq
Prezident İlham Əliyevin fərmanı ilə 2015-ci ildə Beynəlxalq Bankın problemli kreditləri ondan alınıb, sağlamlaşdırmaq məqsədilə “Aqrarkredit”ə verilib.
Əkrəm Həsənov deyir ki, bu müddət ərzində “Aqrarkredit” qaytarıla bilməyən pulların əvəzində borcluların əmlaklarını aldı, bu əmlak isə əslində dövlət əmlakıdır. Belə ki, müstəqilliyin ilk illərində dövlətin aktivləri ucuz qiymətə özəlləşdirilmişdi, sonra neft pulları hesabına qiymətlər şişdi, banklar, xüsusilə də dövlət bankları sahibkarlara iri məbləğlərdə kreditlər verdilər.
Buna da bax: İqtisadçı: “Monopoliya ləgv edilməli, kadr islahatları aparılmalıdır”
Əkrəm Həsənov deyir ki, dövlət o borcların qaytarılmasını tələb edəndə onlar da vaxtilə dövlətdən aldıqları, özəlləşdirdikləri həmin əmlakı dövlətə qaytardılar. Amma indi həmin əmlakın qiyməti isə artıq xeyli düşüb:
“Beynəlxalq Bankdan alınmış kreditlər yoxdur Azərbaycanda, xaricdədir. Onları faktiki qaytara bilmədilər. İtirən son nəticədə dövlət oldu, biz olduq. Onun müqabilində hansısa köhnəlmiş müəssisələr qaytarılır dövlətə, dövlət də onları idarə edəcək. Faktiki bu gün Azərbaycanda özəlləşdirmə yox, milliləşdirmə getdi”.
Buna da bax: Neft fondunun büdcəsi dəyişdirilir
Beynəlxalq Bankın keçmiş sədri Cahangir Hacıyev 2015-ci il dekabrında 15 il müddətinə azadlıqdan məhrum edilib. Özü ittihamları rədd edir. Onu mənimsəmə, vəzifədən sui-istifadə, vəzifə saxtakarlığında ittiham edirlər.
Əkrəm Həsənov deyir ki, bu kreditlərin qaytarılmamasına görə, başqa vəzifəli şəxslər də məsuliyyətə cəlb olunmalıdır.
Azərbaycanda problemli kreditlər devalvasiyadan sonra artmağa başladı, manat ucuzlaşdı, dollar kreditləri bahalaşdı, onları qaytarmaq çətinləşdi.