Keçid linkləri

2024, 22 Dekabr, bazar, Bakı vaxtı 10:29

Britaniya firması Əliyeva bacılarına görə intizam tribunalına verilib


(soldan) Leyla və Arzu Əliyevalar
(soldan) Leyla və Arzu Əliyevalar

Azərbaycan prezidenti İlham Əliyevin qızları üçün ofşor şirkəti qurmuş London hüquq firması intizam tribunalına verilib, çoxsaylı nöqsanlarda ittiham olunur. İttihamlara “ciddi çirkli pulyuma riski”ni aşkarlamamaq da daxildir. Bu haqda “The Guardian” qəzetində Luke Harding yazır.

Məqalədə deyilir ki, Azərbaycan prezidenti İlham Əliyevin qızları – Leyla və Arzu Əliyevalar Britaniyada çoxmilyonluq əmlaklarını idarə etmək üçün gizli ofşor şirkəti yaradıblar. Exaltation Limited adlı bu firma Britaniyanın Vircin adalarında yaradılıb.

İTTİHAMLAR

Bu ofşor şirkətlə bağlı ayrıntılar 2016-cı ilin aprelində üzə çıxıb. O zaman Mossack Fonseca Panama hüquq firmasından sızdırılan “Panama Sənədləri” böyük qalmaqal yaratmışdı. Almaniyanın “Süddeutsche Zeitung” qəzeti əldə etdiyi 11,5 milyon sənədi Araşdırmaçı Jurnalistlərin Beynəlxalq Konsorsiumu, Guardian qəzeti və başqa media orqanları ilə paylaşmışdı.

Leyla Əliyevanın London malikanəsi
Leyla Əliyevanın London malikanəsi

Exaltation şirkətini isə Londonda mənzillənən Child & Child hüquq firması yaradıb və yanlış olaraq Əliyeva bacılarının siyasi bağlarının olmadığını bildirib. Müəllif yada salır ki, Əliyevlər ailəsinin biznes maraqları, mülkiyyət portfoliosu barədə indiyədək geniş araşdırmalar ortaya qoyulub, genişmiqyaslı korrupsiya iddiaları səsləndirilib.

***Buna da bax: Prezidentin qızlarının Dubayda əmlak imperiyası – yeni araşdırma

Bazar ertəsi – mayın 14-də SRA – vəkillərin fəaliyyətini tənzimləyən orqan (Solicitors Regulation Authority) bildirib ki, Child & Child-ın aparıcı tərəfdaşı olan Khalid Sharif vəkillərin intizam tribunalına verilib.

Bu iddialar üzrə ilin sonunadək dinləmə keçirilməli, Sharif öz dəlillərini ortaya qoymalıdır. Təqsirli bilinsə, vəkillikdən uzaqlaşdırıla bilər.

SRA bildirir ki, Sharif bacıların “sərvətini qanunsuz yolla toplaması haqda iddiaları”, yaxud “siyasi əlaqələrini” niyə dəqiqləşdirməməsinə cavab verməlidir. Sharif-ə daha bir ittiham onun ofşor şirkəti yaradarkən “böyük çirklik plyuma riski”ni nəzərə almamasıdır.

Qəzetin yazdığına görə, SRA ilk dəfədir “Panama Sənədləri”ndə adı çəkilən bir şirkətə qarşı addım atır.

ARAŞDIRMA DAVAM EDİR

SRA Child & Child şirkətilə bağlı araşdırmanın davam etdiyini bildirib: “Bir çox hallarda adıçəkilən şirkətlər və vəkillər bu ölkədə yerləşmir, yaxud onları biz tənzimləmirik. Ancaq yenə də bir neçə təhqiqat aparırıq”.

Qəzet Sharif-dən məsələyə münasibət ala bilməyib. Eləcə də Əliyeva bacılarından münasibət almaq mümkün olmayıb.

Arzu Əliyeva 11 aprel prezident seçkisində səs verir
Arzu Əliyeva 11 aprel prezident seçkisində səs verir

Exaltation Limited 2015-ci ildə yaradılıb.

Prezident İlham Əliyev Azərbaycanı 2003-cü ildən idarə edir. Bu müddətdə onun qızlarının əlində nəhəng şəxsi biznes imperiyasının cəmləşdiyi bildirilir. Bu imperiyaya BƏƏ-də dəbdəbəli mənzillər, telekommunikasiya və qızıl sektorunda səhmlər daxildir.

***Buna da bax: Azərbaycan oliqarxlarının gizli şirkətləri [araşdırma]

Leyla Əliyevanın varidatına Londonun şimalında yerləşən 17 milyon funt-sterlinqlik malikanənin də daxil olduğu qeyd edilir. Qəzet onun rəssam və sosialite olduğunu, Şahzadə Andrew, Lord Mandelson və Elisabeth Murdoch ilə dostluq etdiyini yazır.

Panama Sənədləri Leyla Əliyevanın 2015-ci ildə etnik azərbaycanlı biznesmen və pop ulduz Emin Ağalarovdan boşandığı dönəmdə yeni ofşor firması yaratdığını üzə çıxarmışdı. Cütlük Moskvada yaşayıb, Hayd Parka baxan dəbdəbəli penthauz sahibi olduqları da bildirilir.

Prezident ailəsinin biznesiylə bağlı indiyədək rəsmi açıqlama verilməyib. Ancaq hakimiyyətin bəzi təmsilçiləri prezidentin ailə üzvlərinin biznes fəaliyyətində qanunsuzluq olmadığını bildirib. Korrupsiya iddiaları isə, bir qayda olaraq, hakimiyyət tərəfindən rədd olunur, bu yöndə beynəlxalq araşdırmalar ölkəyə qarşı “şər-böhtan, qarayaxma kampaniyası” kimi dəyərləndirilir.

XS
SM
MD
LG